XVI Beynəlxalq Bakı Caz Festivalı başlayır

2021-ci ilin 10-18 sentyabr tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVI Beynəlxalq Bakı Caz Festivalı keçiriləcək.

Millitribuna.az-ın məlumatına görə, ikiillik fasilədən sonra keçirilən builki Bakı Caz Festivalı Azərbaycanın qəhrəman şəhidlərinin əziz xatirəsinə, eləcə də çətin zamanların ağırlığı altında əyilməyən caz musiqisinin ruhuna həsr olunur.

Bu il Bakı Caz Festivalı, həmçinin mövcud epidemioloji vəziyyət nəzərə alınaraq karantin qaydalarına uyğun şəkildə keçirilməsi ilə fərqlənəcək. Bütün çətinliklərə baxmayaraq, Bakı Caz Festivalı beynəlxalq səviyyədə qalır və dünyanın hər yerindən ən yaxşı musiqiçiləri öz ətrafına toplayaraq yüksək standartlara uyğun təşkil olunacaq.

Bu il festivala Hollandiya, Macarıstan, Türkiyə, Rusiya, İsrail, Almaniya, Lüksemburq və Gürcüstandan qruplar qatılacaq. Festivalda xarici həmkarları ilə birlikdə azərbaycanlı cazmenlər – Əməkdar artistlər Rain Sultanov, İsfar Sarabski, musiqiçilər Elbəy Məmmədzadə, Elvin Bəşirov, Diana Hacıyeva, Əfqan Rəsul, Nicat Aslanov və başqaları çıxış edəcəklər.

Qeyd edək ki, Bakı Caz Festivalı axırıncı dəfə 2019-cu il 18–27 oktyabr tarixlərində “Daha çox caz, daha çox intellekt” şüarı altında keçirilmişdi.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir