Xersonda başlayan əks-hücum harada dayanacaq?


“Bu, Rusiya hərbçiləri və cəmiyyəti üçün fəlakət olacaq. Bu, avqustun 29-da başladı və aktiv fazaya keçdi. Bu, ölümə doğru uzun yoldur…”

Bunları Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç Xerson istiqamətində Ukrayna Ordusunun başlatdığı əks-hücumu şərh edərkən deyib. O, bildirib ki, məhz 29 avqust günü rus ordusu və Putin hakimiyyəti üçün fəlakətin başlanğıc nöqtəsi sayıla bilər.

Bundan öncə Ukrayna Silahlı Qüvvələrinin sözçüsü Natalya Qumenyuk Xerson şəhəri başda olmaqla, Ukraynanın cənubundakı işğal ərazilərində yaşayan dinc əhalini yaşayış yerlərini tərk etməyə və işğalçı hərbi qüvvələrin toplaşdığı yerlərdən, hərbi obyektlərdən uzaq durmağa çağırıb.

Prezident Volodimir Zelenski isə əks-hücumun detalları barədə heç nə danışmadan sadəcə, “işğalçıları Ukrayna sərhədlərinə qədər” qovacaqlarını bildirib.

Bundan sonra Ukrayna Ordusu rəsmiləri Xerson istiqamətində 4 yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirdilər. Məlum oldu ki, rus ordusunun birinci müdafiə xətti bir sıra istiqamətlərdə yarılıb və qondarma “dxr”-in 109-cu polkunun döyüşçüləri, eləcə də rus desant bölmələri səngəri qoyaraq qaçıblar. Bununla bağlı mətbuatda və sosial şəbəkəlrdə videolar da yayılıb.

Həmçinin, Ukrayna tərəfinin rəsmi məlumatında avqustun 29-da Rusiya ordusunun daha 450 hərbçisinin məhv edildiyi bildirilib. Xeyli vaxt idi ki, bir gündə bu dədər rus hərbçisinin məhv edildiyinə dair məlumata rast gəlinmirdi. Adətən bu rəqəm 80-120 nəfər arasında dəyişirdi. Məhv edilmiş canlı qüvvə sayının birdən birə dəfələrlə artmasının özü də cənubda qızğın döyüşlərin başladığından xəbər verir. Bir çox hərbi ekspertlər isə bu əməliyyatları böyük əks-hücumun hazırlığı kimi təqdim edirlər.

Elə Rusiya tərəfi də bunu etiraf edir. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Ukrayna Ordusu Xerson və Nikolayev vilayətlərində 3 istiqamətdən hücuma keçsə də, hücumun qarşısı alınıb, onlarla hərbi texnika, tank və iki hərbi təyyarə vurulub. Lakin Rusiya MN-in məlumatlarına etibar etmək yumşaq desək, sadəlövhlük olardı. Çünki onun gündəlik hesabatlarına inansaq, indi artıq Ukrayna Ordusu ümumiyyətlə, olmamalıydı. Belə ki, Ukrayna MN-in, eləcə də Avropadakı müstəqil hərbi ekspert mərkəzlərinin statistikasına görə, 2022-ci il yanvarın 1-i tarixinə Ukrayna Silahlı Qüvvələrinin 2500 tankı və 124 hərbi təyyarəsi olub. Rusiya MN-in cəbhədəki vəziyyətə dair gündəlik hesabatlarından isə belə məlum olur ki, rus ordusu hələ iyunun 30-na qədər artıq Ukraynanın üst-üstə 208 təyyarəsini və 3800 tankını məhv edib. Yəni, real mövcud olan hərbi texnikadan az qala iki dəfə artığını! Bəs, belə olan halda, indi Xerson istiqamətində hücuma keçən nədir, kimdir? Bəs, hanı Ukraynanın demilitarizasiyası, denasifikasiyası və sair? Rusiya ordusu rəhbərliyi bu gün Ukraynanın əks-hücuma keçdiyini bildirməklə, indiyə qədər özünün səsləndirdiyi statistikanın, guya Ukrayna Ordusunun az qala tam məhv edildiyinə dair məlumatların saxta olduğunu etiraf edir.

Əlbəttə ki, Ukrayna Ordusunun bir neçə gün, həftə, hətta ay ərzində rus qoşunlarını bütün işğal olunan ərzilərdən vurub çıxaracağını söyləmək çətindir. Bu məsələdə Qərbin hərbi-texniki yardımı, veriləcək silah-sursatın miqdarı, maliyyə dəstəyi və s. bu kimi amillər mühüm rol oynayır. Lakin hazırda Ukrayna tərəfinin rus ordusu üzərində fiziki baxımdan olmasa da, mənəvi-psixoloji, motivasiya baxımından əzici üstünlüyü var. Bu gün Ukrayna döyüşçüsünün demək olar ki, motivasiyaya ehtiyacı yoxdur. Çünki onun döyüşdüyü torpaq öz vətənidir, arxasında isə ailəsi, xalqı, evi, dövləti var. O, nə üçün, nə uğrunda döyüşdüyünü çox yaxşı bilir. Bəs, rus əsgərinin ömründə görmədiyi, adını belə bilmədiyi, tanımadığı Xerson uğrunda döyüşmək, hətta ölmək üçün hansı motivasiyası ola bilər? Ukrayna döyüşçüsündən fərqli olaraq, onun arxasında fevralın 24-dən bu yana işğal olunmuş Ukrayna torpaqları və Xersonda, Dnepr çayı üzərində partladılmış körpülər var. Vəssalam. Onun geri qaçmağa nə yeri, nə imkanı var. O, nə üçün, nə uğrunda döyüşdüyünü də düz-əməlli bilmir.

Məsələn, Luqanskdan rus ordusuna çağırılan separatçılar Donetsk uğrunda döyüşməkdən imtina edirlər. Onlar nəinki Xerson, heç qonşu Donetsk uğrunda döyüşmək, ölmək istəmirlər. Belə mənəvi-psixoloji durumda olan ordu hansı nailiyyətlər qazana bilər?

Əslində, Rusiya MN Ukraynanın hücuma keçdiyini təsdiqləməklə, özünün müdafiəyə çəkildiyini də etiraf etmiş olub. Rus ordusu üçün isə ən böyük təhlükə məhz müdafiədə oturmaqdır. Çünki onu yalnız pis-yaxşı hücum etmək ayaq üstə saxlayırdı. Rus əsgərini döyüşə həvəsləndirən amil yeni kəndlərin, qəsəbələrin, şəhərlərin işğalıdır. Belədə onlar talançılıq, oğurluq, zorakılıq, əxlaqsızlıq edə bilirdilər. Evlərinə ukraynalılardan zorla götürdükləri, oğurladıqları par-paltar, məişət texnikası, pul-para göndərirdilər. Müdafiədə oturmaq isə bütün bunlardan məhrum olmaq deməkdir. Elə həm də buna görə rus əsgərinin müdafiədə hücumdakı kimi az-çox canfəşanlıq göstərəcəyi inandırıcı deyil. Ötən gün rus desantçılarının və Donetsk “döyüşçüləri”nin səngəri qoyub qaçması da bunu sübut edir…

Nəhayət, Xerson istiqamətində başlanan əks-hücumun miqyası və sürətindən asılı olmayaraq, mühüm siyasi tərəfi var. Məlum olduğu kimi, Rusiyanın sentyabrın 11-də işğal olunmuş ərazilərdə referendum keçirmək planları vardı. Bu əks-hücum həm də həmin planları alt-üst etməyə yönəlib. Çünki qızğın döyüşlərin getdiyiu şəraitdə hansısa səvermə keçirmək və onun saxta nəticələrini formal da olsa elan etmək mümkünsüzdür.

Hər halda, yaxın günlərdə Ukraynanın başlatdığı əks-hücum əməliyyatının gerçək miqyası, gücü və imkanları barədə aydın təsəvvür yaranacaq. Ancaq istənilən halda görünən odur ki, Ukrayna əlinə düşən fürsətdən maksimum istifadə etmək niyyətindədir və işğalçıya ağır hərbi məğlubiyyət yaşatmadan danışıqlar masasına oturmaq fikrində deyil…

C.Məmmədov

“AzPolitika.info”

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.