Taliban hakimiyyəti türk respublikalarına nə vəd edir?

Talibanın çox qısa müddət ərzində Əfqanıstanın paytaxtı Kabili nəzarət altına almasıyla beynəlxalq arenada yeni dövr başlayıb.

Taliblərin hakimiyyəti zəbt etməsi barədə müxtəlif fikirlər səslənir. Bəzi ekspertlər deyirlər ki, Amerika Taliban qarşısında məğlubiyyətə uğrayıb, ancaq digərləri əmindirlər ki, ABŞ regionu qarışdırmaq üçün yeni oyun qurub.

Hazırkı vəziyyət barədə yəqin bunu demək olar – regiondakı hadisələr nəinki Əfqanıstana və onun qonşularına, həm də Avrasiya məkanının taleyinə təsir göstərir. Əfqanıstandakı hadisələrin ən çox toxunacağı region Mərkəzi Asiyadır.

Xatırladaq ki, ABŞ soyuq müharibə dövründə Əfqanıstanın əhəmiyyətini yaxşı anlayırdı və SSRİ-ni mühasirəyə almaq planı qurmuşdu.

Nikolas Spaykmanın(Nicholas Spykman) “qövslü dünya nəzəriyyəsi”ndə mühüm yer tutan Əfqanıstana həmçinin ABŞ prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bzejzinski də böyük əhəmiyyət verirdi. 1979-cu ildə SSRİ-nin Əfqanıstana müdaxiləsindən sonra Bzejinski regiondakı cihadçı qrupların fəaliyyətinə xüsusi diqqət ayırırdı və onun öz sözlərinə görə orada “Sovet Vyetnamı” yaratmağa çalışırdı.

Sovet İttifaqı on illik işğaldan sonra Əfqanıstanı tərk etdi. Bu ölkədəki məğlubiyyət SSRİ-nin dağılmasını sürətləndirmişdi.

“Soyuq müharibə”nin qurtarması ilə Mərkəzi Asiyanın dörd türk respublikası – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və o cümlədən də xeyli türk əhalisi yaşayan Tacikistan müstəqillik əldə etdi. Əfqanıstandakı cihadçı qruplar bu ölkələrdə də hərəkətə keçməyə cəhd göstərdilər. 1994-cü ildə yaradılmış Taliban 1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyətdə olmuş və İslam Əmirliyinin əsasını qoymuşdu. Həmin dövrdə islamçı qruplar Əfqanıstanla sərhədi olan Tacikistan, Özbəkistan və Qırğızıstanda xüsusilə güclənmişdilər.

Müstəqillik əldə etdikdən sonra Tacikistanda 1992-1997-ci illərdə kommunist iqtidar ilə islamçı qruplar arasında vətəndaş müharibəsi yaşanmışdı.

Özbəkistanda, əsasən də Fərqanə vilayətində mühafizəkar güclər və islamçı hərakat cəmləşmişdi. İslamçı müxalifət hökumətin devrilməsi planı qurmuşdu. Bu plan Özbəkistan prezidenti İslam Kərimovun səyləri nəticəsində pozuldu. Rusiya üçün də bu hərəkatlar ciddi təhlükə təşkil edir.

Boris Yeltsindən sonra prezident olan Vladimir Putin narahatlığını dilə gətirərək demişdi: ”Bizə Orta Asiyada ikinci Əfqanıstan lazım deyil”.

Rusiya radikal cihadçı qruplarla mübarizədə Mərkəzi Asiya ölkələri ilə eyni mövqedən çıxış edir. 11 sentyabr 2001-ci ildən sonra terrorçuluqla mübarizə çərçivəsində Rusiya və ABŞ arasında qısamüddətli əməkdaşlıq olmuşdu. Lakin bir müddətdən sonra Rusiya və Çinin yaxınlaşması ilə ABŞ-ın Mərkəzi Asiyadakı təsiri zəiflədi.

Talibanın hakimiyyəti öz əlinə götürməsindən sonra Mərkəzi Asiyanın türk respublikaları Əfqanıstanla münasibətlərində yeni gedişlər etməyə məcbur olacaq.

 

 

Hər nə qədər islamçı struktura malik olsa da, Puştun millətçiliyini önə çəkən Talibana qarşı 1996-2001-ci illərdə əhalisi əsasən türkmən və özbək mənşəli olan və Cənubi Türküstan adlandırılan Əfqanıstanın şimalındakı bölgədə özbək əsilli Abdül-Rəşid Dustumun rəhbərliyi altında böyük müqavimət təşkil edildi. Bu ilin may ayından isə Taliban ilə marşal Dustumun rəhbərliyindəki dəstə arasında toqquşmaların baş verməsi xəbərləri gəlirdi. Talibanın hakimiyyəti yenidən əlinə almasıyla regiondakı türk əhalisinə qarşı hücumların sayı arta bilər.

Əfqanıstandakı qeyri-sabitlik güclü miqrasiya dalğası yaradar və bu, Mərkəzi Asiya respubliklarına hərtərfli təsir edə bilər.

Talibanın idarə etdiyi Əfqanıstanda başda İŞİD olmaqla sələfi cihadçı terror təşkilatları güclənə və Mərkəzi Asiyadakı fəaliyyətlərini aktivləşdirə bilərlər.

Eyni zamanda, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarətindəki terror təşkilatları Çinin “Bir zolaq, bir kəmər” layihəsini əngəlləmək və həm də Rusiyanın təhlükəsizliyini zəiflətmək üçün regionun sabitliyini pozmaq istiqamətində fəaliyyətə keçə bilərlər.

Düzdür Taliban Moskva və Pekin ilə ahəngdar münasibətlər quracağı barədə siqnallar verir. Ancaq Rusiyanın Əfqanıstandakı cihadçı qruplarla keçmişdəki mübarizəsi və Çinin Sincan-Uyqur muxtar rayonu ilə bağlı narahatlığı səbəbindən hər iki ölkə, eləcə də Mərkəzi Asiya respublikaları təhlükəsizlik və hərbi baxımdan əlaqələrini ən yüksək səviyyəyə qaldıracaqlar.

“Cumhuriyet” – (Türkiyə)

Hazırladı: V. Nəsibov

“AzPolitika.info”

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir