«Taksi sürücüləri üçün «Güzəştli taksi kreditləri» tətbiq olunmalıdır» — Təklif

Ölkəmizdə ən böyük fəaliyyət sahələrindən biri də taksiçilik sahəsidir.

Demək olar ki, on minlərlə şəxs bu sahəni özlərinə peşə olaraq seçib və minlərlə şəxs ikinci iş kimi bu sahədən gəlir əldə etməyə çalışır. Taksi fəaliyyəti üçün istifadə olunan avtomobillərin böyük əksəriyyəti bank vasitəsilə kreditlə sürücülər tərəfindən alınmış avtomobillərdir.

Ölkəmizdəki bank kreditlərinə, xüsusən də avtomobil kreditlərinin faiz dərəcəsinə nəzər salsaq, ən yüksək faiz dərəcələri avtomobil kreditlərinə tətbiq olunub. Avtomobil kreditlərinin faiz dərəcəsi banklardan asılı olaraq illik minimum 18 faizdən başlayaraq 28 faizədək dəyişə bilir. Bu isə vətəndaş tərəfindən banka ortalama bir avtomobil üçün 5 il ərzində iki avtomobilin pulunun ödənilməsi deməkdir.

Kreditlə avtomobil alan taksi sürücüləri  aylıq kreditləri ödəmək üçün dayanmadan fəaliyyət göstərirlər. Bu isə həmin sürücülərin sağlamlıqlarına mənfi təsir göstərməklə yanaşı, həmin avtomobillərin çox qısa zamanda istismar olunaraq sıradan çıxmasına səbəb olur. Bu gün bəzi bankların dayanacaqlarına nəzər salsaq,  ümumilikdə yüzlərlə avtomobil qısa zaman ərzində həm yararsız hala düşüb, həm də kreditlərinin ödənə bilməməsi səbəbindən dayanacaqlara yerləşdirilib. Problemli avtomobil kreditləri ilə bağlı olaraq saysız məhkəmə işləri var ki, bu da həmin taksi sürücülərinə əlavə bir problem yaradıb. Bütün bunlara səbəb isə avtomobil üçün bank kreditlərinin faiz dərəcəsinin yüksək olmasıdır.

Ümumən taksi fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir vətəndaş mütləq şəkildə VÖEN almalıdır. Bu isə onların vergi ödəyicilərinə çevrilməsi deməkdir. Düşünürəm ki, dövlət bu sahədən gəlir əldə edirsə,  mütləq şəkildə bu sahənin yaxşılaşdırılması yönündə müəyyən addımlar atmalıdır.
Vətəndaşların mənzil problemlərinin aradan qaldırılması üçün ipoteka kreditləri, güzəştli ipotekalar və digər layihələr olduğu kimi bu sahədə də müəyyən güzəştli kreditlər tətbiq olunmalıdır. Bu sahə hazırda on minlərlə insan üçün iş yeri olduğuna görə mütləq şəkildə güzəştlər və yeniliklər tətbiq olunmalıdır ki, onlar məcburiyyətdən öz işlərini buraxaraq işsizlər siyahısına alınmasınlar.

Taksilər üçün avtomobil kreditlərinin faizi güzəştli kreditlərə çevrilərsə, (tutaq ki, illik 4 faiz) bu, həm xaricdən gətirilən ikinci əl işlənmiş avtomobillərə təlabatı azaldar, həm sürücülərin normal qazanmasına,  həm də həmin avtomobillərə vaxtında qulluq edilməsinə səbəb ola bilər.

Nəzərə alsaq ki, bu gün fəaliyyət göstərən taksi şirkətləri arasında gedən rəqabət səbəbindən gediş haqqları maksimum dərəcədə aşağı düşüb. Taksilər hətta bəzi gedişlərdə bir manatdan da az pul qazanırlar. Bu cür minimal qazancla nəinki kreditləri ödəmək, hətta minimum yaşayış üçün qazanc belə əldə etmək çox çətindir. Minimal faiz dərəcəli güzəştli taksi kreditləri tətbiq olunarsa, bu, həmçinin ölkədə avtomobil istehsalını sürətləndirməklə bərabər ölkə iqtisadiyatına da öz müsbət təsirini göstərə bilər.

Elnur Fərzəliyev
Millitribuna.az saytının baş redaktoru

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *