“Sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur” — Vüqar Bayramov

Pandemiyanın təsirlərinə rəğmən bu ilin birinci rübündə qeyri-neft ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 16,4% artaraq 501,6 milyon dollar təşkil edib. Bu bütövlükdə müstəqillik illərində ən böyük həcmdə rüblük qeyri-neft ixracatıdır.

Pandemiya dövründə qeyri-neft ixracatımızın artması nə ilə bağlıdır?

Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, ilkin rəqəmlərə görə, Azərbaycanın qeyri-neft ixracatında Türkiyənin payı artıb:

“Qardaş ölkə bu ilin ilk ayında da 36.1 faiz payla Azərbaycanın ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkə olmuşdu. Bu isə ondan xəbər verir ki, Türkiyədən qeyri-neft məhsullarımıza sifarişin həcmində artımlar var və bu da ümumi ixracatımızı artırıb. Qeyd edək ki, bu ilin mart ayından etibarən Azərbaycan ilə Türkiyə 15 əsas mal qrupu üzrə preferensial (seçim) ticarət rejimi qüvvəyə mindi. Bu isə iki ölkə arasında ticarət dövriyyəsinə müsbət təsir göstərməkdədir. Bütövlükdə, iki ölkə arasındakı mövcud 4.5 milyard dollarlıq ümumi ticarət dövriyyəsini 2023-ci ilədək 15 milyard dollara çatdırmaq hədəflənir”.

 

Parlamentarinin sözlərinə görə, artımda digər səbəb qeyri-neft ixracatının strukturunda baş verən dəyişikliklərdir:

 

“Kənd təsərrüfatı məhsullarının qeyri-neft ixracatımızda payının çox olmasına baxmayaraq, birinci rübdə emaledici məhsulların xaricə satışı artıb. Bu isə dəyər ifadəsində ölkəmizə daha çox valyutanın daxil olmasına imkan yaradıb. Qeyd edək ki, bu ilin ilk 2 ayında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 12,1 faiz artıb.

Bütövlükdə, son statistika göstərir ki, lock-down tədbirlərinin tətbiq olunmadığı müddətdə qeyri-neft sektoru istehsal və ixrac imkanlarını artırmaq potensialına malikdir. Bu baxımdan da, pandemiyanın davam edən aylarında da real sektorda sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *