Qloballaşmanın böhranı: bəs sonra?

İqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov yazır…

Artıq aydındır ki, dollara yönəlik qloballaşma çökməkdədir və öz hegemon statusunu qoruyub saxlamaq üçün çılğın cəhdlər edən “ultraliberal elita” və ya “tusovka” (uzunillik qloballaşmanın əsas benefisiarlarını adlandırmağın hər kəs üçün necə uyğun olmağından asılı olaraq) qeyri-sabitlik zonaları yaratmağa çalışır, əsas və qərar qəbuletmə mərkəzlərində vəziyyəti nəzarətdə saxlamaq üçün resursları əyalətdən mərkəzə çəkməyə və qlobal sistemin zəif halqalarını sıradan çıxarmağa səylər göstərir. Maraqlıdır ki, bu gün qlobal iqtisadi idarəetmə sisteminin məhv edilməsi prosesinin tətik mexanizmi ilk növbədə Vaşinqtonda işə salınır, baxmayaraq ki, yuxarıda qeyd olunan sistem məhz oradan hazırlanıb işə salınıb. Düşünürəm ki, bu təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, hazırda satış bazarlarının genişləndirilməsi mexanizmləri demək olar ki dayanmışdır və ya kəskin şəkildə yavaşlamışdır.

Qeyd etmək lazımdır ki, Birləşmiş Ştatlarda bədnam “reyqanomika” faiz dərəcələrinin kəskin azalması və istehlak bazarına demək olar ki, məhdudiyyətsiz kredit axınlarının verilməsi yolu ilə tələbin süni şəkildə artması ilə başladı. Eyni zamanda informasiya sahəsində müvafiq resursların böyük şəbəkəsi vasitəsilə geniş şəkildə gücləndirilmiş istehlak cəmiyyəti modeli tam gücü ilə inkişaf edirdi və bu amillər kollektiv Qərbə ötən əsrin sonunda qaçılmaz görünən çöküşdən yan keçməyə imkan verdi. Təəssüf ki, tarix felin lazım formasını tanımır. Bəziləri üçün isə bu xoşbəxtlikdir.

Nəticədə Sovet İttifaqı çökdü, Qərb əvvəlcə Şərqi Avropada, sonra isə postsovet məkanında nəfəs, yeni bazarlar və satış əraziləri əldə etdi. Beləliklə, Şərqi Avropa və postsovet məkanı ölkələri zəngin təbii ehtiyatlara arxalanaraq, əsasən xammal ixrac edən qeyri-ekvivalent xarici ticarət mübadilə tələsinə düşdü. Bölgə dövlətləri əsasən xammal, zəngin təbii sərvətləri ixrac edərək (sonuncu xüsusilə Rusiya və bir sıra postsovet respublikalarına aiddir), əksər hallarda heç də hətta “Şərq düşərgəsi”nin son dönəminin standartlarına belə cavab verməyən hazır məhsulların idxal edirdilər. Bu zaman fikrimcə, Beynəlxalq Valyuta Fondu (BVF), Ümumdünya Ticarət Təşkilatı (ÜTT) kimi qloballaşma institutları “keçid iqtisadiyyatı ölkələri” adlandırdıqları ölkələrin “boğazlarından tutub”, onlara kapitalın sərbəst hərəkətinin alternativlərinin olmaması və xarici sərmayələrin ümumi prioritetləri barədə imperativləri tətbiq edərək, daxili investisiya institutlarının effektiv fəaliyyət imkanlarını tamamilə məhv etməyi həyata keçirirdilər.

Şərqi Avropa ölkələrində buAvropa İttifaqı institutları vasitəsilə həyata keçirilirdi.Orada Şərqi Avropa ölkələri üçün bilərəkdən autsayder rolu ayrılmışdır və “yüksək demokratik dəyərlərin” üstünlüyü haqqında şüarlara baxmayaraq, nəticədə yerli hakim elitalarda demək olar ki, alternativ fikirlər irəli sürməyə və müdafiə etməyə qadir qüvvələr qalmayıb. Postsovet məkanı ölkələrində isə daxili sərmayə institutları sadəcə olaraq elmi nöqteyi-nəzərdən tamamilə absurd postulatın irəli sürülməsi ilə bloka salınmışdılar. Həmin postulat isə ondan ibarət idi ki, pul tam əksər hallarda yalnız xarici valyutanın alınması üçün çap ediməlidir və məncə məhz hansı valyutadan söhbətin getdiyini təxmin etməyə ehtiyac yoxdur. Dövlət kapital qoyuluşlarına gəldikdə isə, tamamilə aydındır ki, bazar iqtisadiyyatı şəraitində onlar apriori özəl kapitalı kompensasiya edə bilməzdilər, iqtisadi siyasətdə disfunksiyalar şəraitində onların effektivliyi ilə bağlı problemləri qeyd etmək yerinə düşər. Nəticədə postsovet məkanı və Şərqi Avropa ölkələri çox dərin iqtisadi problemlərlə üzləşdilər.

Buna paralel olaraq, təhsil, humanitar, digər fond və strukturlar vasitəsi ilə müvafiq qloballaşma maliyyə institutlarına demək olar ki, məhdudiyyətsiz çıxışı olan qərar qəbuletmə mərkəzləri yeni ərazilərdə cəmiyyətə və ictimai rəyə nəzarət etmək üçün elita adlanan təbəqə formalaşmışdır. Nəticədə, fikrimcə, məsələn, Avrasiya iqtisadi inteqrasiyası kimi ən bariz və məqsədəuyğun ideyaların qəti şəkildə inkarı və rədd edilməsi xoru yaranmışdır. Halbuki, zənnimcə, Avrasiya məkanında inteqrasiyasız bölgədə milli iqtisadiyyatların yüksək texnologiyalı, innovativ sahələrinin davamlı inkişafının qeyri-mümkünlüyü tamamilə aydındır. Bununla belə, iqtisadiyyat özünə aid olanı alır. Fikrimcə, demək olar ki, “həddən artıq qızdırılan” Qərb iqtisadiyyatlarında tələbin daha inflyasiyasız artırılmasının mümkünsüzlüyü, ABŞ və Avropa İttifaqında kapitalın effektivliyinin çox əhəmiyyətli dərəcədə aşağı düşməsi, iqtisadiyyatın maliyyə sektorunun real sektordan faktiki ayrılması və bir sıra digər problemlər sistemli böhranın qaçılmazlığına və dollar təmayüllü qloballaşmanın qaçılmaz iflasına, eləcə də dərin Avrasiya regional iqtisadi inteqrasiyası mövzusunun aktuallaşmasına səbəb oldu.

Bu zaman onu da qeyd etmək lazımdır ki, yalnız texniki-iqtisadi inkişafın idarə edilməsi üzrə daha effektiv institutlar tətbiq ediləcəyi regionlarda sabit və qabaqlayıcı müsbət trendlər təmin edilə bilər. Ona görə də nə orta müddətli, nə də uzunmüddətli perspektivdə dünya iqtisadiyyatının əvvəlki strukturunun əsas benefisiarlarının qlobal liderliyi saxlamaq planları baş tutmamalıdır. Postsovet məkanı ölkələrində, zənnimcə, belə qənaətə gəlməyin vaxtı çatmışdır ki, bu strateji çəngəldə daha effektiv inkişaf institutlarına arxalanan ölkələr və regionlar obyektiv şəkildə qalib gəlməlidirlər.
Ona görə də, əminəm ki, texniki-iqtisadi inkişafın idarə edilməsi üzrə effektiv institutların tətbiqi ilə Avrasiya iqtisadi inteqrasiyası postsovet məkanı ölkələri üçün optimal prioritetdir. Hətta son onilliklər ərzində müvafiq valyuta və xammal təhlükəsizliyinə malik olan ölkələr, o cümlədən Azərbaycan, fikrimcə, bu prosesdə iştirak etməkdə son dərəcə maraqlı olacaqlar, ona görə ki, bir tərəfdən xammal ixracı üçün ənənəvi olan Avropa bazarları “ çökməkdədirlər”, digər tərəfdən isə ədalət naminə qeyd etmək lazımdır ki, işçilərin sayı və insan kapitalının inkişafı planında ixracyönümlü hasilat sənayesinin inkişafına vurğu iqtisadi problemlərin həlli üçün davamlı panaseya sayıla bilməz, xüsusi ilə də valyuta gəlirlərinin əhəmiyyətli bir hissəsi son nəticədə ölkədən kənara çıxır.

Ona görə də hesab edirəm ki, Azərbaycanın Avrasiya iqtisadi inteqrasiyasında iştirakı bütövlükdə regionda adekvat iqtisadi siyasətin həyata keçirilməsi şəraitində milli iqtisadiyyatın rəqabət qabiliyyətinin kəskin şəkildə gücləndirilməsinə, emal və insan kapitalının inkişafı ilə bağlı sahələrin davamlı inkişafına töhfə verməlidir. Düşünürəm ki, milli maraqların üstünlüyünə əsaslanan dövlət başçısının siyasəti, Azərbaycanın bu məsələdə optimal və düşünülmüş mövqedən çıxış edəcəyinə ümid etməyə əsas verir.
Ümumiyyətlə, hesab edirəm ki, Avrasiya inteqrasiya vektorunun güclənməsi tendensiyası, təkcə postsovet məkanı ölkələri üçün deyil, həm də daha geniş coğrafiyada yerləşən dövlətlər üçün həlledici və davamlı olmalıdır,çünki dollara söykənən qloballaşmanın süqutu istər-istəməz yenidən formatlaşdırma ilə bağlı proseslərin sürətli inkişafına, qlobal iqtisadiyyatın seqmentləşməsinə, güclü, mövqeləşmiş və sabit makroregionların yaranmasına təkan verməlidir.

 

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir