Qarlı Bakının kommunal xidmətləri ilə bağlı neçə şikayət daxil olub?

“Bölgələrdə və paytaxtda qurum əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Axşam saatlarından 104 çağrı mərkəzimizə qazın təzyiqi ilə bağlı 281 zəng daxil olub”.

Millitribuna.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında “Azəriqaz” ASC-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev məlumat verib.

O bildirib ki, zənglərdən 57-si təbii qazın olmaması ilə bağlı olub:

“Eyni zamanda, 41 abonent isə qaz sızması ilə bağlı müraciət ünvanlayıb. Əməkdaşlar dərhal əraziyə ezam olunublar. Sızmanın aradan qaldırılması istiqamətində tədbirlər görülüb. Bir neçə saat ərzində problem aradan qaldırıldı və təhlükəsizlik təmin edildi”.

E.Vəliyev bununla yanaşı dəm qazından zəhərlənmə halının da olduğunu qeyd edib:

“Dəm qazından yüngül zəhərlənmə ilə bağlı 7 müraciət daxil olub”.

O qeyd edib ki, Suraxanı və Xəzər rayonlarında bir neçə yaşayış evində lokal problemlər qeydə alınıb:

“Həmin müraciətlərin bir qismi gecə saatlarında, bir qismi isə hazırda həll olunur. Ümidvarıq ki, bundan sonra qaz təchizatında genişmiqyaslı problemlər olmayacaq. Vətəndaşlardan soyuq hava şəraiti ilə bağlı qaz plitələrinin yandırılmasını və gecə yatarkən onların açıq vəziyyətdə saxlanılmasına yol verməsinlər. Bu cür hallarda qaz sızma, partlayış ola bilər. Bu baxımdan təhlükəsizlik məqsədilə bu kimi məqamlara diqqət etsinlər.

Güclü külək bacalara təsir edə bilər və dəm qazı evə daxil ola bilər. Bu kimi nüanslara ciddi yanaşmaq lazımdır. Gün ərzində quruma genişmiqyaslı problem daxil olmayıb, lokal problem isə müvafiq qaydada operativ şəkildə həll olunub və olunacaq”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir