Qarabağda yeni anti-terror əməliyyatı başlaya bilər — Politoloq

Budəfəki həmsöhbətimiz politoloq Qabil Hüseynlidir. Onunla Türkiyə ilə birgə gerçəkləşdirəcəyimiz hərbi təlimlərin verdiyi mesajdan, yaxın günlərdə baş tutacağı gözlənilən Putin-Paşinyan görüşündən, minalanmış ərazilərin xəritəsini vermədiyinə görə Ermənistana qarşı mümkün təzyiq vasitələrindən danışmışıq.

Millitribuna.az xəbər verir ki, Qabil Hüseynlinin Publika.az-a müsahibəsini təqdim edirik:

— Qabil müəllim, Ermənistan 10 noyabr kapitulyasiyasından sonra minaladığı ərazilərin xəritəsini Azərbaycana qaytarmaq istəmir. Belə olan halda xəritələrlə bağlı İrəvana kimlər təzyiq göstərməlidir?

— Əvvəla, Rusiya özünü bölgədə sülhün bərqarar olmasında əsas qarant kimi təqdim edir. Əgər doğrudan da belədirsə, Rusiya bu məsələni də asanlıqla həll edə bilər. Ermənistan Rusiyanın forpostudur, quberniyasıdır. Ona təzyiq göstərməklə bu məsələnin yoluna qoyulması mümkündür. Görünür, lazımi təzyiq yoxdur. Beynəlxalq təşkilatlar da minalanmış ərazilərin xəritəsini Azərbaycana verməklə bağlı məsələ qaldıra bilərlər. Dünənə qədər yaxasını cıran UNESCO, bir müddət öncəyə qədər qışqır-bağır salan Fransa, BMT-nin özü bölgədə yaşanan fəlakəti görürsə və buna biganədirsə, bu, ən böyük cinayətlərdən biridir.

— Sadaladığınız ölkələr, beynəlxalq təşkilatlar xəritənin Azərbaycan tərəfinə verilməsi ilə bağlı nə edə bilərlər?

— Onlar prosesə müdaxilə edə bilərlər. Söhbət on minlərlə minaların təmizlənməsindən gedir. Bu prosesin özü nə qədər vaxt aparacaq. Eyni zamanda, nə qədər insan ömrünə son qoyacaq. Bu nöqteyi-nəzərdən Azərbaycan bu məsələni beynəlxalq səviyyədə ictimailəşdirməlidir. Beynəlxalq təşkilatların, o cümlədən Qoşulmama Hərəkatının da diqqətinə çatdırılmalıdır ki, belə bir insanlıq faciəsi yaşanır. Hətta mən hesab edirəm ki, ermənilərin bu məkrli addımları Azərbaycana, xalqımıza, tezliklə öz ata-baba torpaqlarına qayıtmaq istəyən məcburi köçkünlərimizə qarşı apardığı soyqırımı siyasətinin tərkib hissəsidir. Onları qorxutmaq, ürkütmək, öz yurd yerlərinə qayıtmasını ləngitmək məqsədi ilə nəzərdə tutulan bir şeydir. Bu silah-sursatları Ermənistana verən Rusiyadır. Ermənistan Rusiyanın siyasi iradəsini qəbul edir. Ona görə də minalanmış ərazilərin xəritəsinin Azərbaycana qaytarılması ilə bağlı olan bu məsələdə öncül rolu ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiya oynamalıdır. Moskva bir sıra addımlar atmalıdır. Digər həmsədr dövlətlər də bu məsələdə aktivlik nümayiş etdirməlidirlər.

— Sizcə, həmsədr dövlətlər bu məsələdə lazımi təzyiqi göstərəcəkmi?

— Düşünmürəm… Onlar meydanı qızışdırmaqla xristian ideallarını həyata keçirmək üçün fürsət axtarırlar. Gəlin, bu insanların ölümünün qarşısını alan addımlar atın. Buna kömək edin, həqiqətən də beynəlxalq dəyərlərə söykənən addımlar atmaq istəyirsinizsə, bu məsələnin həllində yardımçı olun. Onların belə bir niyyəti yoxdur.

— Azərbaycan minalanmış ərazilərin xəritəsini qaytarmadığına görə Ermənistana təzminat ödətdirə bilərmi?

— Niyə ödətdirmir?! Zənnimcə, Azərbaycanın Baş Prokurorluğu baş verən hər bir hadisə haqqında cinayət işi açıb. Bu istiqamətdə prosessual hərəkətlər həyata keçirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır. Bir sözlə, baş vermiş hadisələrin hər biri haqqında Azərbaycan prokurorluq orqanları tərəfindən məhkəmələr aparılıb. Müasir hüququn bütün qaydalarına əməl edilməklə aparılan cinayət işləri var. Həmin cinayət işləri gələcəkdə təzminatla bağlı aparılacaq təhqiqatlarda aparıcı sənəd rolunu oynaya bilər.

— Yaxın zamanlarda Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü gözlənilir. Bu görüşdən hər hansı gözləntiniz varmı?

— Putinlə Paşinyanın görüşündən çox şey gözləmək mümkündür. Zənnimcə, bu görüş bağlı qapılar arxasında, gizli keçiriləcək. Gizli danışıqlar aparılacaq və onun detalları barədə heç kim heç nə bilməyəcək. Bölgədəki kommunikasiya xətlərinin açılması ilə bağlı danışıqlar aparacaqlar. Bu da əhəmiyyətli məsələdir. Söhbət dəmir və şosse yollarının, telefon xətlərinin bərpasından gedir. Bölgədə əvvəllər mövcud olmuş kommunikasiya xətlərinin bərpa edilməsi nəzərdə tutulur. Sözsüz ki, həmin görüşdə Mehri dəhlizinin açılması məsələsi də gündəmə gələcək.

— Qabil müəllim, son günlər Qazaxın işğalda olan 7 kəndinin qaytarılması da gündəmdədir. Amma Ermənistan tərəfi iddia edir ki, 10 noyabr razılaşmasında belə bir bənd yoxdur. Sizcə, həmin 7 kənd qaytarılacaqmı?

— 10 noyabr bəyanatı bizim üçün əsas yol göstəricisidir. Orada göstərilir ki, sən işğal etdiyin ərazilərin hamısını geri qaytarmalısan. 10 noyabr bəyanatında sərhədlərin demarkasiyasının həyata keçirilməsi qeyd edilir. Demarkasiya həyata keçiriləndə də Qazaxın yeddi kəndinin taleyi öz həllini tapacaq. Yəni həmin kəndlərin taleyi müəyyən olunacaq.

— Sizcə, Naxçıvanı blokadadan çıxaracaq Zəngəzur dəhlizi nə zaman açılacaq? Deyəsən, bu dəhlizin açılmasında tək maraqlı olan Azərbaycan deyil…

— Mən Naxçıvanın blokadadan qurtarılması məsələsinin tez-tez işlədilməsinin əleyhinəyəm. Onsuz da Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən bir qol ayrılaraq Naxçıvana çatmaq üzrədir. Yəni Naxçıvan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə də çıxacaq. Ümumiyyətlə, Mehri dəhlizinin açılması ilk növbədə Ermənistanın blokadadan çıxmasına kömək edəcək. İkincisi, Rusiyanın strateji maraqlarının reallaşmasına kömək edəcək. İranın strateji maraqlarının gerçəkləşməsinə yardımçı olacaq. Ona görə də biz “Naxçıvan blokadadan çıxacaq” deyə-deyə bu məsələdə erməniləri daha da ürküdürük. Dünənə qədər ermənilər deyirdi ki, boğuluruq, blokadaya görə nəfəs ala bilmirik. İndi blokadanın aradan götürülməsi təklif edilir, buna da naz edirlər. Bölgədə iqtisadi əlaqələrin bərpa edilməsinin yeganə yolu sovet dövründə mövcud olmuş dəmir yolları şəbəkəsinin bərpa olunmasıdır. Bərdədən Ağdama qədər olan dəmir yolu xətti yaxın vaxtlarda işə düşəcək. Ağdamdan Xankəndiyə qədər dəmir yolu şəbəkəsinin də uzadılması gündəmdədir. Mehri dəhlizinin açılmasından sonra Naxçıvana gedən dəmir yolunun İrəvana qədər gedəcəyi də gündəmin əsas mövzularındandır. Həmin xətlərin bəzi hissələri saz vəziyyətdədir. Eyni zamanda, Qazax-İcevan dəmir yolu xəttinin bərpası da gündəmdədir. Ermənistan özünü yaxşı aparsa, Gümrü-Qars dəmir yolu xətti ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə də çıxış əldə edə bilər. Bununla da Ermənistanın Avropaya yolunun açılması mümkündür. Ermənistan üçün bu qədər perspektivlər, imkanlar var. Biz Mehri dəhlizi olmadan da keçinə bilərik. Amma onlar bu qədər imkanları qoyub naz edəcəklərsə, mənim onlara sözüm yoxdur. Amma bu dəhliz Rusiyaya lazımdır. Moskva bölgədəki təsirini qoruyub-saxlamaq, hərbi bazalarına lazım olan yüklərini çatdırmaq üçün dəmir yolundan istifadə edəcək.

— 10 noyabr razılaşmasından sonra Azərbaycan və Türkiyə üçüncü təlimini keçirəcək. Qabil müəllim, sizcə, ard-arda keçirilən bu hərbi təlimlərin hər hansı sətiraltı mesajları varmı?

— Budəfəki təlimlərin sətiraltı mesajı da var, açıq ismarışı da… Fikirləşirəm, Rusiya Müdafiə nazirinin müavini Xankəndiyə nə üçün gəlmişdi?! Oradan da general Muradov da daxil olmaqla bir sıra ermənilərlə Şuşanın dağlarına, Cıdır düzünə şikarçı gözü ilə baxırlar. Onların Azərbaycan torpaqlarında bu qədər özlərini azad, sərbəst aparmalarına ixtiyarları yoxdur. Bunu onlara heç kim icazə verməyib. Hesab edirəm ki, Azərbaycanın qarşısında hələ də həll edilməsi zəruri olan məsələlər durur. Bu məsələdə qardaş Türkiyə də bizim yanımızdadır. Biz Türkiyə ilə birlikdə hərəkət edəcəyik. Yəni mən Azərbaycanın ərazi bütövlüyünə tam təminat verilməsi üçün yeni anti-terror və buna bənzər hərbi əməliyyatların mümkünlüyünü istisna etmirəm.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *