Qarabağda məhv edilən təbiət abidələri — Videoreportaj

Yolumuz bu dəfə Füzuli və Xocavənd rayonlarınadır.

Millitribuna.az report.az-a istinadən təqdim edir:

Səhər saat 10:30-da Horadiz postundan azad edilmiş ərazilərimizə daxil oluruq.

Biz işğaldan azad edilmiş ərazilərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər şəxslərinin müşayiətilə gedirik. Daha doğrusu, nazirlik səfərin təşkilatçısıdır. Məqsəd işğal dövründə Füzuli və Xocavənd rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə və digər təbii sərvətlərə baxış keçirməkdir.

Yolboyu igidlərimizin düşmən tapdağından azad etdiyi ərazilərdəki dağıdılmış evləri müşahidə edirik. Yaşıl çəmənliklərin, sarı güllərin və yeni açılmış al lalərin qoxusu hər yana yayılıb. Təyin edilmiş marşurut üzrə hərəkət edirik.

Əvvəlcə Füzuli rayonunun İşıqlı kəndinə yollanırıq. Burada 1993-cü il erməni işğalına qədər Şərq çinarları olub. Lakin vandallar ağacları kəsərək məhv ediblər. Ağaclar kəsilsə də, yenidən pöhrələnməyə başlayıb.

Bizimlə birgə səfərdə olan nazirliyin sektor müdiri Mehman Nəbiyev deyir ki, işğala qədərki dövrdə Füzuli rayonunda təbiət abidəsi statusuna malik 11 Şərq çinarı olub və bu ağacların hamısı işğal dövründə məhv edilib.

Təpələrdən aşır, dağların arası ilə Füzulinin digər kəndi — Dövlətyarlıya gedirik. Təhlükəli yollardan keçir, «Dövlətyarlı mişar daşı» yatağına çatırıq. Bir neçə hektar əraziyə malik olan yataq işğal dövründə ermənilər tərəfindən istismar edilib. Daşlar yataqdan çıxarılaraq Ermənistan ərazisinə aparılıb. Kənd işğaldan azad edilənə qədər orada ermənilər «işlər» görüb. Hazır mişar daşları ərazilərdə indi də qalır.

ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşovla söhbət edən zaman bildirir ki, Füzuli rayonunda dövlət və sahə balanslarında qeydiyyata alınmış 6 faydalı qazıntı — 2 mişar daşı, 1 qum-çınqıl, 2 gil və 1 yeraltı su yataqları mövcud olub, onların da əksəriyyəti işğal dövründə istismar edilib.

Səfərimiz davam edir, istiqamət Füzulinin Qaraməmmədli kəndinədir. Bir az yol qət edib, kənd ərazisinə daxil oluruq. Burada yerləşən “Köndələnçay-1 su anbarı”na nazirlik rəsmiləri ilə birgə ümumilikdə 1500 balıq körpəsi buraxırıq və 1 hektar ərazidə isə 600-dən çox müxtəlif cinsli ağac əkirik. Füzuli rayonuna səfərimiz yekunlaşır və günün ikinci yarısında Xocavəndə istiqamət götürürük…

Bir, iki, üç, dörd… Saymaqla bitmək bilməyən pilləkənlərlə Azıx mağarasına qalxırıq. Arada dayanır, tənginəfəs halda 800 pilləkəni addımlaya-addımlaya mağaranın giriş hissəsinə daxil oluruq. İşğal dövründə ermənilər tərəfindən bir neçə dəfə qeyri-qanuni arxeoloji qazıntılar aparılıb və burada müəyyən edilən arxeoloji nümunələr xarici ölkələrə daşınıb. Bunu mağaranın içərisinə daxil olan kimi görməmək mümkün deyil. Hətta ermənilər Azıx mağarasının içərisində öz adlarını da qeyd ediblər — Karen, Qaqo və s. Burada yenə öz xislətlərindən əl çəkməyərək saxtakarlıqlar ediblər…

Qədim insanların yaşayış məskəni olmuş Azıx mağarası Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşir. Qarabağın Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında, Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz var. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx geoloji-paleontoloji abidəsi 1960-cı ildə kəşf edilib və tədqiqatlara Məmmədəli Hüseynov tərəfindən başlanıb. 1982-ci ildə təbiət abidəsi kimi qeydə alınıb.

Azıx kəndinin təmiz havasını sinəmizə çəkə-çəkə pilləkənlərlə yenidən aşağı düşürük. Dağlarda bitən kəklikotunun qoxusu hər yeri bürüyüb. İllərdir adını eşitdiyim, lakin canlı şəkildə görmədiyim Xarı bülbüllü də ilk dəfə Azıxda görürəm…

Axşam tərəfədir, son səfərimiz Xocavəndin Hadrut qəsəbəsinədir. Tuğ kəndinin yaxınlığından keçir, dağların arasından yarılmış köhnə yollarla Hadruta gedirik. Yolboyu digər rayonlarımızdan fərqli olaraq, burada ermənilər tərəfindən ağacların, meşə sahələrinin az bir hissəsinin məhv edildiyi diqqətimi çəkir.

Azərbaycan bayrağının qürurla dalğalandığı, Dağlıq Qarabağın cənub qapısı, böyük qələbənin başlanğıcı olan Hadruta saat 19 radələrində çatırıq. İlk dəfədir ki, bura gəlirəm, daha əvvəl Xocavəndin Tuğ, Edilli kəndlərində olmuşdum. Eyni təbiətə malik olan ərazilər gözəllikləri ilə bir-birindən fərqlənmir, füsünkar dağları ilə insanı valeh edir.

Hərbi cəhətdən mühüm stateji əhəmiyyətə malik olan Hadrut qəsəbəsi Qozluçay dərəsində, Ərgünəş dağının yaxınlığında yerləşir. Bura Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. 9 oktyabr 2020-ci ildə Azərbaycanın şanlı ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində düşmən işğalından azad olunub.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyir ki, işğal dövrünədək Xocavənd rayonunda meşə fondunun ümumi sahəsi 22 428 hektar təşkil edib və peyk təsvirlərinə əsasən işğal dövründə 3537,4 hektar meşə sahəsinin məhv edildiyi müəyyən edilib.

Vaxtımız qısa olduğu üçün qəsəbə ərazisində çox qala, istədiyimiz qədər gəzə bilmirik. Təbiət abidəsi kimi qeydə alınan, ermənilər tərəfindən məhv edilməyən 900 yaşlı Şərq çinarına baxış keçirik.

Artıq şər qarışıb, səfəri yekunlaşdırmaq vaxtıdır. Avtobuslara minir, yenidən azad edilmiş ərazilərimizə gəlmək ümidi ilə Bakıya qayıdırıq…

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *