“Qarabağda gəncliyimi yada salmaq istəyirəm” — Rasim Balayev

“Kəlbəcərdə film çəkilişində olmuşam. İllər sonra o yerə qayıtmaq, gəncliyi yada salmaq istəyirəm”.

Millitribuna.az xəbər verir ki, bunu azvision.az-a Xalq artisti Rasim Balayev Qarabağa getmək arzusundan danışarkən deyib. Sevimli aktyor illər öncə olduğu yerlərdən bir daha keçmək istəyini dilə gətirib:

“Torpaqlarımız işğaldan azad olunan ilk gündən Qarabağa getmək istəyirəm. Ancaq hələ getməyi məsləhət bilmirlər. Özbaşına gedənlər də minaya düşür. Buna görə bir çox səfərlər təxirə salındı. Minaları təmizləsinlər, mütləq gedib görəcəyəm. Qarabağı başlanğıcından sonuna qədər görmək arzumdur. Ən başlıcası Şuşada olmağı diləyirəm. Sonuncu dəfə Şuşada 1989-cu ildə olmuşam. Həmişə maraqlı gəlir ki, orada hansı dəyişikliklər baş verib. Kəlbəcərdə isə 1975-1976-cı illərdə “Firəngiz” filminin çəkilişlərində iştirak etmişəm. Oralara getmək, gəncliyimi yada salmaq xoş olardı. Əsgərlərimizə ürəyimdə gəzdirdiyim sözüm var. Onların gücünə biz Qarabağı aldıq.

Vaxitilə Xankəndində də olmuşam, hərdən fikirləşirəm, görəsən, o yerlər indi nə hala qalıb? «Nəsimi», «Babək» filminin çəkilişi zamanı qatarla Naxçıvana gedəndə yol boyu baxıb zövq alırdım. Qubadlını, Zəngilanı yaxşı görməmişəm, oralara getmək, baxıb ləzzət almaq istəyirəm. Gözəl Qarabağımızı nə günə qoyublar. Ağdam viranə qalıb. Camaat əzizlərinin qəbrini belə tapa bilmir. Ay goreşən erməni, sənin qəbirlə nə işin var? Beş, yeddi ildən sonra oralar cənnət olacaq. Turistlər axışıb gələcək. Qarabağ bir sözlə gözəllikdir”.

Bundan əlavə, aktyor səhhətinin normal olduğunu, müalicələrini davam etdirdiyini söyləyib: “Belimdə, ayağımda problemlər var. Fizioterapiya qəbul edirəm. Əvvəlki günlərə baxanda çox yaxşıyam”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *