«Özümü 18 yaşında qız kimi apara bilmərəm, yerişim dəyişib»

Bu gün Azərbaycanın teatr və kino aktrisası Kübra Əliyeva doğum gününü qeyd edir. 72 yaşı tamam olan Əməkdar artist özəl günü ilə bağlı təəssüratlarını AzVision.az -la bölüşüb.

— Kübra xanım, kişilər haqqında “Yaş kişinin var-dövlətidir” deyirlər. Bəs xanımlar üçün yaş nə deməkdir?
— Əlbəttə, hər kəs yaşamaq istəyir. İnsan yaşlaşdıqca mükəməlləşir, ahıllaşır, ağbirçək, ağsaqqal olur. Böyüyürsən, yaşlanırsan, qocalırsan. Yaşamaq gözəl bir şeydir.Yaxşı, dərdsiz yaşayasan. Amma həyatdır, insanın dərdi də olur, əziyyəti də.

— Bəzən insanlar özlərini olduqlarından daha az yaşda hiss edirlər. Bu gün 72 yaşınız tamam olur. Bəs siz özünüzü hansı yaşda hiss edirsiniz?
— Mən özümü elə 72 yaşımda hiss edirəm. Daha cavan hiss edə bilmərəm. Çünki nə əvvəlki kimi yerişim, nə də qüvvəm var. Ha desinlər ki, özlərini 18 yaşda hiss edirlər. Onu dildə deyirlər, qəlb, bədən, əzalar onu demir. Əzalar qocalır. Meyvəni evdə bir həftə saxlayırsan. Ondan sonra büzüşür, xarab olur və atırsan. İnsan da elədi.

Allah sağlıqlı ömür versin. Həyata bir-iki işlərim qalıb. Onları da edəndən sonra mən də o yolun yolçusuyam, yaşı gətirib bitirmişəm.

— «Ömür deyir, qocalmısan, ürək deyir, yaşa hələ». Ürəyiniz nə deyir bəs
— Ürək yaşa deyir. Həyatda borclarım var. Borc deyəndə Allah insanı yaradır, ruh verir, bu ruhu ona təhvil verəcəyəm. Onu təhvil verəndə gərək, deyəsən, “Rəbbim, təşəkkür edirəm, artıq bütün işlərimi bitirdim. Artıq hüzuruna hazıram”. Ölümdən qorxmuram. Bu dəqiqə ölüm elə olub ki, adam ölənləri gedib ağlayıb, yola da sala bilmir. Görün həyat nə günə gəlib çıxdı.

— Dövlətdə dəvə, övlatda nəvə deyiblər atalarımız. Neçə nəvəniz var?
— Beş nəvəm, iki nəticəm var. Böyük nəvəm 36 yaşındadır. Onun da qızının 15 yaşı tamam olur.

— Nənəni necə təbrik etdilər?
— Sarılmağa cürət etmirlər. Gəlib çiynimdən öpürlər. Çünki məni virusdan qoruyurlar.

— Necə nənəsiniz tələbkar, yoxsa bir çox nənələr kimi həlim?
— Nəvələr mənim ürəyimdir. Mən onlarla nəfəs alıram.

Kübra xanım daha sonra nəvəsini çağırır: ”Pərviz, jurnalist soruşur ki, necə nənəyəm, bir dənə ona dedə də ?”.
Nəvəsi Pərviz: ”Çox yaxşıdır, bizə yaxşı baxır, gözəl yeməklər bişirir. Dünəndən onu öpüb təbrik etdim”.

— Gecə 12- dən Almaniyadan, İrandan, Türkiyədən təbrik zəngləri gəlib. Hüzürlüyəm deyə ad günü keçirtmirəm.

— Bu gün ürəyinizin sarı simini nə tərpədər?
— Ən böyük hədiyyə Qarabağın azadlığı oldu. Onda mən özümü çox xoşbəxt hiss etdim. Qarabağa gedə bilməmişəm. Allah ömür versə, gedəcəyəm. Bu yaxınlarda dəvət etdilər, amma çox yeriyə bilmirəm. İstilər düşəndə yəqinki yolum düşər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *