Özəlləşdirmə çekləri və ümidli vətəndaşlar: Ulu Öndərin imzası ilə…

Özəlləşdirmə çeklərini satmayan yüzminlərlə vətəndaş hüquqi cəhətdən haqqlarının tapdandığını və bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin sosial ədalət siyasətinin pozulduğunu iddia edirlər.

Son zamanlar cəmiyyətdə özəlləşdirmə çeklərinin yenidən istifadəsi ilə bağlı müzakirələrə sıx rast gəlinir. Ötən əsrin 90-cı illərində Sovet dövründən qalan dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı vətəndaşların haqqı olan vəsaitlərin onlara paylanması məqsədilə özəlləşdirmə çekləri paylandı. Qeyd edək ki, 1996-cı il yanvarın 1-dən Azərbaycanda özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılmasına başlanılıb. Qiymətli kağız kimi qeydiyyatdan keçən 32 milyon özəlləşdirmə çekindən 31,9 milyonu vətəndaşlara paylanılıb. Qanunvericiliyə əsasən, 1997-ci il yanvarın 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. İnsanlar çekləri həm alıb-sata, həm də həmin çeklərlə özəlləşdirmə prosesində iştirak edərək müəssisələrdə pay sahibinə çevrilə bilərdilər. Lakin əhalinin böyük hissəsinin qiymətli kağızlar bazarı ilə bağlı məlumatlılığın az olması, o zaman yanlış informasiyalarla bazarın yönəldilməsi və xüsusən də yüksək vəzifəli şəxslərin insanların məlumatsızlığından sui-istifadə etməsi nəticəsində pay sahibləri bu çeklərdən yararlana bilmədi. İri və orta məmurlar vətəndaşların əlində olan özəlləşdirmə çeklərini su qiymətinə alaraq özəlləşdirilən obyektlərin sahiblərinə çevrildilər. Pay sahiblərindən cəmi 10 faiz insan bu çeklərdən səmərəli istifadə edə bildi. Mövcud dövrümüzdə isə dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Uzun illər keçməsinə baxmayaraq, hələ də özəlləşdirmə çekləri ilə bağlı məsələ öz aktuallığını qoruyur və insanlar ümidlidirlər. Çünki bu çeklərin ləğvi rəsmi şəkildə qərara alınmayıb. Bu isə o deməkdir ki, özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması mümkündür.

Milli Məclisin bir sıra deputatları hesab edirlər ki, özəlləşdirmə prosesindən vətəndaşların da faydalanmasını təmin etmək üçün bu çeklərin yenidən tədavülə buraxılması çox əhəmiyyətlidir. Bunun üçün isə prezident fərmanı olmalıdır. Həmin deputatlardan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, deputat Azər Badamov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Milli Məclisin deputatı Kamilə Əliyeva, Deputat Razi Nurullayev, Milli Məclisin deputatı Aqil Abbas, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü deputat Tahir Kərimlinin adını çəkmək olar.

Cəmiyyətimizdə kifayət qədər tanınan əksər partiya sədrləri və siyasi şərhçilərə görə, vəziyyətdən çıxış yolu özəlləşdirmə haqqında qanunun qəbul olunmasıdır. Bununla yanaşı, çeklərin yenidən tədavülə buraxılması vətəndaşların hökümətə qarşı mövqeyini də müsbət mənada dəyişəcək. Hər bir güclü dövlətin arxasında onun vətəndaşlarının durduğunu nəzərə alsaq, çeklərlə bağlı arzuolunan qərarın verilməsi ölkəmizin siyasi arenada da möhkəmlənməsinə təsirsiz ötüşməyəcək. Belə ki, 1996-cı ildə ulu öndər Heydər Əliyevin fərmanına əsasən, dövriyyəyə buraxılan özəlləşdirmə çeklərinin tədavül müddətinin bərpa olunması vətəndaşların dövlətə olan etibarını daha da artıracaq. Bu baxımdan Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov, Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli, politoloq Yusif Bağırzadə, Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə, Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, politoloq Zərdüşt Əlizadə, Azərbaycan Demokrat Partiyası (ADP) sədri Sərdar Cəlaloğlu, YAP-ın tanınmış üzvlərindən, professor Şahlar Əsgərov, sabiq dövlət müşaviri Qabil Hüseynli, AĞ Partiyanın sədri Tural Abbaslı və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev vətəndaşların yanında olduqlarını öz çıxışları ilə hiss etdirirlər.

Şübhəsiz ki, özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması insanların sosial rifahına da müsbət təsir göstərəcək. Özəlləşdirmə prosesinin düzgün şəkildə idarə edilməməsi özəlləşdirmə çeklərinə sahib olan şəxslərin söz sahibinə çevrilməsinə mane olmaqla yanaşı, bu çeklərin dəyərdən düşməsinə yol açıb. Lakin bütün hallarda sözügedən problemin həlli istiqamətində dövlət tərəfindən ciddi addımların atılması zəruridir. Bu, eyni zamanda sosial ədalətin bərqərar olmasına yol açacaq. Ona görə də mövcud vəziyyətdə sözügedən istiqamət üzrə qanunvericilik bazası və təşkilati mexanizmlərin işlənməsi ilə bağlı ciddi tədbirlərin görülməsinə ehtiyac var. Bu məqsədlə Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlı, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Osman Kazımov, Azərbaycan Vəkillər Kollegiyasının üzvü İradə Cavadova, 1992-ci ildə Prezidentin səlahiyyətlərini icra etmiş, Milli Məclisin sabiq sədri, akademik Yaqub Məmmədov, Milli Məclisin keçmiş üzvü, hüquq elmləri doktoru, professor Qulamhüseyn Əlibəyli, Filoloq alim, yazıçı-publisist Vaqif Bəhmənli, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı, Tanınmış türkoloq alim, profesor, keçmiş təhsil naziri Firudin Cəlilov, xalq artisti, tanınmış kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudbəyov, iqtisadçı ekspert Rəşad Həsənov, iqtisadçı alim Fikrət Yusifov, vəkil Adəm Məmmədov, İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı Elşad Məmmədov, əmlak məsələləri üzrə ekspert Mirdaməd Əzizov, sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli, azərbaycanlı alim, iqtisadçı ekspert Qubad İbadoğlu, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Xəyal Bəşirov, iqtisadçı Vüqar Oruc, beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov, “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı və iqtisadçı-ekspert Pərviz Heydərov müəyyən çağırışlar edərək, vətəndaşların hüquqlarının bərpasının vacib olduğunu qeyd ediblər.

Yeri gəlmişkən, əlində çekləri qalan 24 mindən çox vətəndaş və ailələr haqqlarının geri qaytarılması üçün ölkə başçısı İlham Əliyevə Açıq Məktub ünvanlayıblar. Məktubda qeyd edilib ki, bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Bu çeklərin hər birinin dəyəri eynidir və özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Ümid edilir ki, vətəndaşların tapdanan hüququ tezliklə bərpa olunacaq və onlar öz haqqlarından səmərəli şəkildə istifadə edə biləcəklər.

Gülşən Qurbanova

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.