Özəlləşdirmə çekləri fərmanla dövriyyədən çıxarıla bilməz!

Giriş

Dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu artıq birmənalı olaraq hamı tərəfindən qəbul edilir. Belə ki, qiymətli kağızlar ilə bağlı dünyada qəbul edilən hüquqi fəlsəfə, bu sahədəki beynəlxalq nəzəriyyələr və Azərbaycan Respublikası qanunvericiliyini diqqətə alaraq deyə bilərik ki, hər hansı bir sənədin qiymətli kağız sayıla bilməsi 3 əsas şərtin varlığına bağlıdır.

Bu şərtlərdən birincisi qiymətli kağızın qanunla müəyyən edilmiş formada tərtib olunması, ikincisi qiymətli kağızın iqtisadi dəyərə (əmlak dəyərinə) malik, özgəninkiləşdirilə bilən bir hüququ (məsələn, tələb hüququnu, mülkiyyət hüququnu, pay hüququnu və sair) təsdiqləməsi, üçüncüsü isə, həmin sənədin qanunla qiymətli kağız olduğunun birbaşa tənzimlənmiş olmasıdır.

Məlum olduğu kimi, dövlət özəlləşdirmə çekləri emitenti olan Azərbaycan Respublikası tərəfindən qanunla müəyyən edilmiş formada tərtib olunub (1-ci şərt ödənilib), vətəndaşlara dövlət əmlakından verilmiş iqtisadi dəyərə (əmlak dəyərinə) malik dövlət özəlləşdirmə payı üzərindəki hüququ təsdiq edib (2-ci şərt ödənilib), 29 sentyabr 1995-cil tarixli Azərbaycan Respublikası Qanunu ilə qiymətli kağız olduğu açıq aydın, birbaşa tənzimlənib (3-cü şərt ödənilib). Bu səbəblə deyə bilərik ki, dövlət özəlləşdirmə çekləri 29 sentyabr 1995-cil tarixindən bəri qiymətli kağızıdır.

Bundan başqa, məlum olduğu kimi qiymətli kağız anlayışının hüquqda meydana gəlməsinin ən əsas səbəblərindən biri maddi dəyərə malik olan varlıqların (əmlak və hüquqların) tədavülünü, başqa bir ifadə ilə dövriyyəsini asanlaşdırmaqdır. Belə ki, qiymətli kağızın başqa şəxsə verilməsi, yəni tədavülü (dövriyyəsi) yolu ilə onun təsdiqlədiyi hüquq da verilmiş (tədavül etmiş) olacaq.

Məsələn, A səhmdar cəmiyyətinin 100 ədəd səhmi olduğunu hesab edək. Birmənalı olaraq hamı qəbul edəcək ki, həmin səhmlərdən hər biri onun sahibinin A səhmdar cəmiyyəti ilə bağlı bəzi əmlak hüquqları (məsələn, səhmdar cəmiyyətin  müştərək mülkiyyəti üzərində mülkiyyət hüququ, mənfəətindən dividend tələb etmə hüququ, ləğv edildiyi zaman qalan əmlakı qoyduğu payına uyğun olaraq geri almaq hüquq və sair) olduğunu, eyni zamanda əmlak hüququ xarakterində olmayan digər hüquqları (məsələn, səs vermə hüququ, seçilmə hüququ, qərarları mübahisələndirmə hüquq və sair) olduğunu təsdiq edir. Dolayısı ilə hər hansı bir səhmin sahibi tərəfindən başqa şəxsə satılması (buna verilməsi, tədavülü, dövriyyəsi və sair də demək olar) yolu qeyd edilən bütün hüquqlar başqa hər hansı bir əməliyyata, əqdin bağlanmasına ehtiyac olmadan həmin səhmin yeni sahibinə (mülkiyyətçisinə) aid olacaq. Məhz bu proses qiymətli kağızın tədavülü (özgəninkiləşdirilməsi, verilməsi, dövriyyəsi) adlanır.

Emitenti tərəfindən tədavülə (dövriyyəyə) buraxılmış qiymətli kağızlar isə ancaq qanunun tələb etdiyi şərtlərə əməl edilərək tədavüldən (dövriyyəyədən) çıxarıla bilər. Bu məqalədə qiymətli kağızların tədavüldən (dövriyyədən) çıxarılması ilə Respublikamızın qanunvericiliyində tələb edilən şərtlər hüquqi təhlil edilərək, dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması ilə bağlı gəldiyimiz nəticələrə toxunulacaq.

Təbii ki, mövzunun tam aydın təhlil edilə bilməsi öncəliklə dövlət özəlləşdirmə çeklərinin (ümumi mənada, qiymətli kağızların) tədavülü, dövriyyəsi və ödəniş vasitəsi kimi istifadə edilməsi anlayışları ilə nəyin nəzərdə tutulduğunun müəyyən edilməsi, hesab edirik ki, faydalıdırş

  1. Dövlət özəlləşdirmə çeklərinin tədavülü, dövriyyəsi və ödəniş vasitəsi kimi istifadə edilməsi anlayışların hüquqi təhlili.

Respublikamızda qiymətli kağızların tədavülü anlayışı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1078-20.1-ci maddəsində tənzimlənir. Məhz həmin normada deyilir ki, “Qiymətli kağızların tədavülü yerləşdirmədən sonra qiymətli kağızlarla mülki-hüquqi əqdlərin bağlanması nəticəsində mülkiyyət hüquqlarının keçməsi və qeydiyyatı prosesidir”.

Yenə Mülki Məcəllənin 1078-20.1-ci maddəsində deyilir ki, “Qiymətli kağızlar üzrə əqdlər bu Məcəlləyə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bağlanılır və həyata keçirilir”.

Buradan məlum olduğu kimi, qiymətli kağızların tədavülü (dövriyyəsi) deyiləndə, həmin kağızlar üzərindəki mülkiyyət hüququnun bağlanılacaq mülki hüquqi müqavilələr ilə, məsələn, alqı-satqı, dəyişdirmə, bağışlanma və sair ilə onun mülkiyyətçisi tərəfindən başqa şəxsə verilməsi nəzərdə tutulur. Dolayısı ilə tədavül ilə dövriyyə sinonim sözlər olub eyni hüquqi anlayışlardır.

Unutmayaq ki, dövlət özəlləşdirmə çeklərinin tədavülü (dövriyyəsi) anlayışı ilə onların ödəniş vasitəsi kimi istifadə olunması anlayışı demək olar ki, eyni xarakterə malik anlayışlardır. Belə ki, qiymətli kağızların, başqa bir ifadə ilə dövlət özəlləşdirmə çeklərinin tədavülü anlayışı ilə onların ödəniş vasitəsi kimi istifadə olunması anlayışı bir-birindən fərqli səslənsə də, əslində bir-birini tamamlayan, biri olmasa digərinin olmayacağı, eyni xarakterə malik anlayışlardır. Çünki, bir çekin (qiymətli kağızın) tədavülü deyiləndə qanunvericiliyin tələbinə görə, onun hüquqi sənəd olaraq başqasına satılması, başqa formada özgəninkiləşdirilməsi anlaşılır.

Eyni zamanda, bir çekin (qiymətli kağızın) ödəniş vasitəsi kimi istifadə olunması da deyiləndə həmin sənədin satın aldığımız bir əşyanın, başqa bir qiymətli kağızın (səhmin) qiymətinin ödənilməsi üçün pul (ödəniş vasitəsi) kimi istifadəsi anlaşılır.

Hər iki durumda da, yəni həm çekin tədavülü durumunda, həm də çekin ödəniş vasitəsi kimi istifadə edilməsi durumunda çek sahibi çek üzərindəki mülkiyyət hüququnu qarşı tərəfə verdiyi halda, qarşı tərəf də çekin sahibinə özünə aid olan başqa bir hüququ verir. Bu səbəblə hesab edirik ki, çekin tədavülü qadağan olunsa, onun ödəniş vasitəsi kimi istifadəsi də mümkün olmayacaq.

Məlum məsələdir ki, bir pul vahidi tədavüldən çıxarılarsa, qanuni istisnalardan başqa ondan ödəniş vasitəsi kimi istifadə oluna bilməz. Lakin həmin pulu buraxmış dövlətin mövcud olduğu dövrdə bu pul vahidinin dövlətin mərkəzi bankı tərəfindən geri alınaraq kompensasiya edilməsi (dəyərinin ödənilməsi) istisna edilə, müəyyən vaxt ilə məhdudlaşdırıla bilməz.

Eyni şəkilidə bu, açıq-aydındır ki, bir qiymətli kağız tədavüldən çıxarılarsa, o, ödəniş vasitəsi kimi də istifadə oluna bilməz.

  1. Dövlət özəlləşdirmə çeklərinin tədavülünün (dövriyyəsinin) müəyyən müddət ilə məhdudlaşdırılması ilə bağlı normativ hüquqi aktların hüquqi təhlili.

“Dövlət özəlləşdirmə payı” ilə bağlı ilk tənzimləmələrin aparıldığı 1993-cü il tarixli “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində deyilir ki, “dövlət özəlləşdirmə payının məbləği, verilməsi şərtləri və ondan istifadə olunması qaydaları Özəlləşdirmə haqqında Dövlət Proqramı ilə müəyyənləşdirilir”.

Respublikamızda dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair ilk Dövlət Proqramı isə Ümummilli Liderimiz Heydər Əliyevin imzasını daşıyan 29 sentyabr 1995-cil tarixli Qanun ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”dır. (bundan sonra “I Dövlət Proqramı” adlanacaq).

Həmin Proqramının “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü bölməsində deyilir:

– Dövlət özəlləşdirmə payından istifadə etməklə özəlləşdirmə Proqram qəbul olunduqdan sonra 3 (üç) ay ərzində tətbiq olunur;

– Özəlləşdirmə payı – Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir;

– Özəlləşdirmə payı – respublika vətəndaşlarına özəlləşdirilən dövlət müəssisələrinin və investisiya fondlarının səhmlərini almaq üçün verilir. Pay (çek) satıla, banklara, girov qoyula, irsən verilə və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulan başqa formada özgəninkiləşdirilə bilər;

– Dövlət özəlləşdirmə payı – adsız (təqdim edənə) nağd qiymətli, kağız firmasında, olan 4 (dörd) çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklər verildiyi an eyni dəyərə malikdir;

– Dövriyyəyə tədavül müddəti üç il olan 32.000 000 (otuz iki milyon) dövlət özəlləşdirmə çeki buraxılır;

– Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir: çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32.000 000 hissəsidir;

– Özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına 4 (dörd) çekdən ibarət olan bir dövlət özəlləşdirmə payı verilir. Özəlləşdirmə payı alacaq vətəndaşların siyahısı müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin (indiki Əmlak Məsələləri Dövlət Xidməti – ƏMDX) yerli qurumları ilə birlikdə tərtib edilir.

Qeyd edilən I Proqramın 3-cü bölməsinin 5-ci abzasından məlum olduğu kimi, “dövriyyəyə tədavül müddəti üç il olan 32.000 000 (otuz iki milyon) dövlət özəlləşdirmə çeki buraxılır”. Yəni qanunla təsdiqlənmiş  I Proqram ilə, başqa bir ifadə ilə qanun qüvvəsində olan akt ilə dövlət özəlləşdirmə çeklərinin tədavül (dövriyyə) müddəti 3 il olaraq müəyyən edildi. Bu üç illik müddət 1998-ci ildə sona çatsa da, dövlət özəlləşdirmə çekləri tədavülü (dövriyyəsi) 1999-2000-ci illərdə də davam etdi. Buradan məlum olduğu kimi, dövlət, faktiki olaraq dövlət özəlləşdirmə çeklərinin tədavül müddətini ləğv etmiş olduğunu göstərdi.

Məhz bu və digər hüquqi faktlar səbəbindən hesab edirik ki, I Proqramda dövlət özəlləşdirmə çeklərinin tədavül müddətinin 3 il ilə məhdudlaşdırılmasındakı məqsəd investisiya fondu yaradılması ilə bağlı olub. Yəni, öncəliklə 3 il ərzində bütün dövlət əmlakının özəlləşdirilib bitirilə biləcəyi güman edilib. Əgər bitirilə bilməsə, qalan dövlət özəlləşdirmə çeklərinin yaradılacaq investisiya fondlarına qoyularaq sahiblərinə dividendlərinin verilməsi planlaşdırılıb.

Belə ki, Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında 7 yanvar 1993-cü il tarixli Qanunun 19-cu maddəsində deyilir ki, “Respublika əhalisinə məxsus özəlləşdirmə paylarının (çeklərinin) bu və ya digər səbəblər üzündən həmin (özəlləşdirmə) məqsədlərinə yönəldilməmiş hissəsinin səmərəli yerləşdirilməsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondu yaradılır”.

Buradan məlum olduğu kimi, hər hansı bir formada tədavül müddəti ərzində istifadə edilə bilməyən, başqa bir ifadə ilə, özəlləşdirmə məqsədlərinə yönəldilə bilməyən dövlət özəlləşdirmə çekləri dövlət tərəfindən yaradılan ixtisaslaşdırılmış investisiya fonduna qoyulmalı və sahiblərinə pay şəkilində dividend verilməli idi. Lakin bütün bunların heç biri həyata keçirilmədiyi üçün dövlət faktiki olaraq dövlət özəlləşdirmə çeklərinin tədavül müddətini ləğv edib.

Bundan sonra, 10 avqust 2000-ci il tarixində qəbul edilən “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 1.5-ci bəndinə əsasən, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinə dair qanunvericilik aktlarına uyğun olaraq ölkə vətəndaşlarına paylanmış dövlət özəlləşdirmə payları (çekləri) 2002-ci il yanvar ayının 1-dək tədavüldə” tənzimləndi. Sonra isə həmin müddət əvvəl 2004-cü ilin iyul ayının 1-nə qədər, sonra 2008-ci ilin yanvar ayının 1-dək, daha sonra 2010-cu ilin yanvar ayının 1-dək, ən sonda isə 2011-ci ilin yanvar ayının 1-dək uzadıldı.

Buradan məlum olduğu kimi, vətəndaşlara verilmiş dövlət özəlləşdirmə payı üzərindəki mülkiyyət hüququnu təsdiqləyən dövlət özəlləşdirmə çeklərinin tədavüldə ola biləcəyi maksimum müddət 10.08.2000-ci il tarixində qəbul edilmiş 383 saylı Fərman ilə təsdiqlənmiş II Proqram (qanun qüvvəsində olmayan normativ hüquqi akt) ilə məhdudlaşdırıldı.

Həmin II Proqramda və digər normativ hüquqi aktlarda isə, qeyd edilən 2011-ci ilin yanvar ayının 1-dən sonra dövlət özəlləşdirmə çeklərinin hüquqi aqibətinin necə olacağı tənzimlənmədi. Bu durum o mənaya gəlirdi ki, dövlət özəlləşdirmə çeki sahibinin 2010-ci ilin dekabrın 31-nə qədər dövlət özəlləşdirmə payı üzərində mülkiyyət hüququ olduğu halda, 2011-ci ilin yanvar ayının 1-dən sonra isə həmin mülkiyyət hüququna heç bir kompensasiya (əvəz) ödənilmədən qanun qüvvəsində olmayan normativ hüquqi akt (Fərman ilə təsdiqlənmiş II Dövlət Proqramı) ilə xitam verilmiş olacaq. Bu isə mülkiyyət hüququ ilə bağlı qəbul edilmiş bütün universal qaydalara, konstitusion normalara ziddir.

  1. Azərbaycan Respublikası Prezidentinin 25 mart 1996-cı il tarixli 450 saylı Fərmanı ilə 11 iyun 2004-cü il tarixli 75 saylı Fərmanı arasında olan ziddiyyətli məqamlar.

Ulu Öndərin imzasını daşıyan “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 mart 1996-cı il tarixli 450 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamənin” (bundan sonra “Çeklər haqqında Əsasnamə” adlandırılacaq) 1-ci bölməsinin 5-ci bəndində deyilir ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır”.

Buradan məlum olduğu kimi, Fərman ilə təsdiqlənmiş Əsasnamə ilə bütün özəlləşdirmə dövrlərində dövlət özəlləşdirmə çekləri ödəniş vasitəsi kimi istifadə oluna bilər, hətta bütün özlləşdirmə dövrlərində onların ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etməyin qadağan olduğu dövlət orqanlarına bildirilir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadənin müddətinin uzadılması haqqında” 11 iyun 2004-cü il tarixli 75 saylı Fərmanın 1.1-ci bəndində deyilir ki, Dövriyyədə olan dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyə (ödəniş) vasitəsi kimi istifadə müddəti 2011-ci il yanvar ayının 1-dəkdir.  Həmin 75 saylı Fərmanın 1.2-ci bəndənə görə, “Bu Fərmanın 1.1-ci bəndində göstərilən müddətə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyə vasitəsi kimi istifadə edilməyən özəlləşdirmə payları (çekləri) qanunvericiliklə müəyyən edilmiş qaydada dövriyyədən (tədavüldən) çıxarılır”.

Məlum olduğu kimi, hal-hazırda dövlət özəlləşdirmə çeklərinin ödəniş vasitəsi kimi istifadə edilmə müddəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin iki fərmanı, 25 mart 1996-cı il tarixli 450 saylı Fərmanı ilə 11 iyun 2004-cü il tarixli 75 saylı Fərmanı arasında ziddiyyət mövcuddur. Belə ki, 25 mart 1996-cı il tarixli 450 saylı Fərman imperativ norma ilə dövlət özəlləşdirmə çeklərinin ödəniş vasitəsi kimi, bütün özəlləşdirmə zamanı tətbiq ediləcəyini, onların ödəniş vasitəsi kimi qəbulundan imtina edilməsinin qadağan olduğunu tənzimlədiyi halda, 11 iyun 2004-cü il tarixli 75 saylı Fərman, bu çeklərin dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyə (ödəniş) vasitəsi kimi istifadə müddətini 2011-ci il yanvar ayının 1-dək məhdudlaşdırdı. Bundan sonra da onların tədavüldən (dövriyyədən) çıxarılacağını ifadə etdi.

Yuxarıda qeyd edildiyi kimi, bəzi fərqləri olmaqla birlikdə dövlət özəlləşdirmə çeklərinin tədavülü ilə onların ödəniş vasitəsi kimi istifadə olunması demək olar ki, eyni anlayışlardır. Hesab edirik ki, dövlət özəlləşdirmə çeklərinin ödəniş vasitəsi kimi istifadə müddətinin maksimum müddət ilə (2011-ci ilin yanvar ayının 1-dək) məhdudlaşdırılması həmin çek sahiblərinin mülkiyyət hüququnu pozur.

  1. Qiymətli kağızların tədavüldən (dövriyyədən) çıxarılması ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları və dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması.

Mülki Məcəllənin “Qiymətli kağızların dövriyyədən çıxarılması” başlığını daşıyan 1078-27-ci maddəsi qiymətli kağızların tədavüldən (dövriyyədən) çıxarılması qaydalarını tənzimləyir. Məhz Mülki Məcəllənin 1078-27.1-ci maddəsində deyilir ki, qiymətli kağızların dövriyyədən çıxarılması aşağıdakı hallarda həyata keçirilir:

– Səhmlər barəsində səhmdarların ümumi yığıncağının qərarı ilə (maddə 1078-27.1.1);

– Qiymətli kağızların emissiyasının baş tutmamış hesab edildiyi halda maliyyə bazarlarına nəzarət orqanının qərarı ilə (maddə 1078-27.1.2);

– Qiymətli kağızların buraxılışı məhkəmə tərəfindən etibarsız hesab edildikdə (maddə 1078-27.1.3);

– Emitentin fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verildikdə (maddə 1078-27.1.4);

– Tədavül müddəti bitdikdən sonra qiymətli kağızlar ödənildikdə (maddə 1078-27.1.4-1);

– Qanunvericilikdə nəzərdə tutulan digər hallarda (maddə 1078-27.1.5).

Qeyd edilən normaları diqqətə alaraq hesab edirik ki, dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-27.1.4-1-ci maddəsinin “Tədavül müddəti bitdikdən sonra qiymətli kağızlar ödənildikdə” tələbinə əsasən mümkündür. Hesab edirik ki, dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması ilə bağlı burada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-27.1.5-ci maddəsinin “Qanunvericilikdə nəzərdə tutulan digər hallarda qiyməti kağızlar tədavüldən çıxarılır” tələbini tətbiq etmək mümkün deyil. Bunlar ayrı-ayrı aşağıda təhlil edilib.

  1. Dövlət özəlləşdirmə çeklərinin vətəndaşların özəlləşdirmə payları üzərindəki mülkiyyət hüququnu təsdiqlədiyi üçün onların tədavüldən çıxarılması ancaq və ancaq dəyərinin ödənliməsi yolu ilə mümkündür.

Bu səbəblə hesab edirik ki, dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-27.1.4-1-ci maddəsinin “qiymətli kağızlar tədavül müddəti bitdikdən sonra qiyməti ödənilərək dövriyyədən (tədavüldən) çıxarılır” tələbinə uyğun olaraq həyata keçirilməli idi. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, dövlət özəlləşdirmə çekləri qiymətli kağız olub, “dövlət özəlləşdirmə payı” üzərində vətəndaşın (çek sahibin) mülkiyyət hüququnu təsdiqləyir. Bu çeklər Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiqlənmiş II Dövlət Proqramının 1.5-ci bəndi ilə tədavül müddəti bitdiyi üçün tədavüldən çıxarılıb.

Lakin tədavüldən çıxrılarkən dövlət özlləşdirmə çeklərinin dəyəri çek sahiblərinə ödənilməyib. Bu durum təbii ki, Azərbaycan Respublikası Konstitusiyası və Mülki Məcəlləsi ilə təminat alınmış vətəndaşların özəlləşdirmə payı ilə bağlı mülkiyyət hüququna zidd olduğu kimi, həm də bu mülkiyyət hüququna qanun qüvvəsində olmayan normativ hüquqi akt (Fərman) ilə xitam verilməsinə də səbəb oldu ki, bu da qəbuledilməzdir. Belə ki dövlət özəlləşdirmə çeklərinin emitenti Azərbaycan Respublikası dövləti olub, qanunla müəyyən edilmiş formada tərtib edilərək hər bir vətəndaşa dövlət əmlakından verilmiş, iqtisadi dəyərə malik dövlət özəlləşdirmə payı üzərindəki mülkiyyət hüququnu təsdiqləyir.

Məhz 7 mart 1995-ci il tarixində Prezident Sarayında baş tutan müşavirədə Ulu Öndər öz çıxışında bildirir: “Bir şey aydındır ki, özəlləşdirmə zamanı vətəndaşların payı olmalıdır, hər bir vətəndaş öz payını almalıdır, bu payından istədiyi kimi istifadə etməlidir. O, ya özəlləşdirilən müəssisənin bir hissəsinin sahibi olacaq, yaxud öz payını başqasına verəcək və ya satacaq. Bunlar hamısı gələcək proseslərdə olacaq. Amma vətəndaşın payı olmalıdır. Şübhəsiz, burada deyildiyi kimi, özəlləşdirmə uzun bir müddətdə aparıla bilməz. Əbdülsəlimzadə dedi ki, xalqımızın xüsusiyyəti, mentaliteti və başqa amillər imkan vermir ki, biz özəlləşdirməni qısa müddətdə aparaq. Bəlkə, bir neçə ilə onun 30 faizini apara bilərik, ondan sonra daha bir hissəsini. Yəni bu özəlləşdirmə 10 il, 15 il, 20 il çəkəcək. Belə olan surətdə əgər biz bu gün hesab ediriksə ki, dövlət əmlakı özəlləşdiriləcək və insanlar ondan bu payı alacaq, bəs bu payı nə vaxt alacaq? Belə çıxır ki, biri payını bu gün alacaq, biri bir ildən sonra, biri də 15 ildən sonra, 20 ildən sonra alacaq. Bəs bu, necə müəyyən olunacaq?”.

Göründüyü kimi, indi yaşadığımız problemləri Ulu Öndər o vaxt görüb və burada həssas yanaşılmanın vacibliyini xüsusi formada qeyd edərək, vətəndaşların özəlləşdirmə çekləri ilə təsdiqlənən hüquqlarının (yəni mülkiyyət hüququnun) vaxtından və dövründə asılı olmayaraq dövlət tərəfindən qorunmalı və mühafizə edilməli olduğunu bildirib. Belə ki, dövlət özəlləşdirmə çeklərini birincili yerləşdirdikdən sonra, beynəlxalq hüquqa və qanunlara əsasən, əmlakların artıq 65%-i çekləri saxlayan vətəndaşların mülkiyyət hüququ kimi onlara məxsusdur. Hətta qanun bu çekləri tədavüldən cıxaracağı halda, Konstitusiyaya uyğun olaraq kompensasiya verilmədən başqasına satıla bilməz.

  1. Dövlət özəlləşdirmə çeklərini tədavüldən çıxarmaq səlahiyyəti Azərbaycan Respublikası dövlətinə aiddir, amma bu səlahiyyət mütləq şəkildə qanunla həyata keçirilməli idi.

Belə ki, qiymətli kağız olan dövlət özəlləşdirmə çeklərini tədavüldən çıxarmaq səlahiyyəti Azərbaycan Respublikası Dövlətinə aiddir. Amma həmin səlahiyyəti dövlət həmin çeklərin əvəzinin ödənilməsindən sonra həyat keçirə bilər. Əks təqdirdə həmin çeklər əsasında vətəndaşların əmələ gəlmiş mülkiyyət hüququ pozulacaq ki, bunu Ulu Öndər heç bir vaxt arzulamayıb.

Başqa bir ifadə ilə hesab edirik ki, tədavüldə (dövriyyədə) qalmış dövlət özəlləşdirmə çeklərini Mülki Məcəllənin 1078-27.1.4-1-ci maddəsi əsasında, həmin maddədə göstərilən tələblərə əməl edərək tədavüldən (dövriyyədən) çıxarmağa Azərbaycan Respublikası Dövləti tam səlahiyyətlidir. Təbii ki, həmin normada göstərildiyi kimi, 2011-ci ilin yanvar ayının 1-də hələ də vətəndaşlarda qalan dövlət özəlləşdirmə çeklərinin dəyəri (qiyməti) hesablanaraq həmin dəyər onlara ödənilmək yolu ilə bu çeklərin tədavüldən çıxarılma prosesi tamamlanmış olmalı idi.

Bilindiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiqlənmiş II Dövlət Proqramının 1.5-ci bəndi ilə, dövlət özəlləşdirmə çekləri qiyməti (dəyəri) ödənilmədən tədavül müddəti bitdiyi üçün tədavüldən çıxarıldı ki, bu durum vətəndaşların mülkiyyət hüququnun pozulmasıdır. Məhz Azərbaycan Respublikası Konstitusiyasının 29-cı maddəsinin IV bəndində deyilir ki, “Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.

Buradan məlum olduğu kimi, vətəndaşları mülkiyyət hüququndan ancaq qanunla nəzərdə tutulmuş qaydada məhkəmənin qərarı ilə məhrum etmək, yəni ona xitam vermək mümkündür. Qanundan aşağı qüvvədə olan normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda və qaydada  mülkiyyət hüququna xitam vermək və ya ondan məhrum etmək Azərbaycan Respublikası Konstitusiyasının mülkiyyət hüququ ilə bağlı 29-cı maddəsinin və digər normaların pozulması hesab olunur. Başqa bir ifadə ilə qanunla dövlət tərifindən vətəndaşlara verilmiş dövlət özəlləşdirmə çekləri üzərindəki mülkiyyət hüququ qanundan aşağı qüvvədə olan Fərmanla ləğv edilə bilməz.

  1. Dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-27.1.5-ci maddəsinin “Qanunvericilikdə nəzərdə tutulan digər hallarda da qiymətli kağızların dövriyyədən çıxarılması həyata keçirilir” tələbi əsasında həyata keçirilə bilməz.

Çünki bunun əksinin qəbul edilməsi vətəndaşların dövlət özəlləşdirmə çeklərinin təsdiqlədiyi özəlləşdirmə payları üzərindəki mülkiyyət hüququna, əvəzi ödənilmədən və qanundan aşağı qüvvədə olan normativ hüquqi akt (Fərman) ilə xitam verilməsinə səbəb olacaq. Belə ki, Mülki Məcəllənin 1078-27.1.5-ci maddəsinin “Qanunvericilikdə nəzərdə tutulan digər hallarda qiymətli kağızların dövriyyədən çıxarılması  həyata keçirilir” tələbi əsasında belə bir fikir irəli sürmək olar ki, qiymətli kağızlar, o cümlədən dövlət özəlləşdirmə çekləri Prezidentin fərmanları, Nazirlər Kabinetinin qərarları, mərkəzi icra hakimiyyəti orqanlarının qərarları kimi, qanundan aşağı qüvvədə olan qanunvericilik aktlarında göstərilən hallarda və qaydada da dövriyyədən çıxarıla bilər.

Hesab edirik ki, dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması ilə bağlı bu yanaşma doğru deyildir. Belə ki, dövlət özlləşdirmə çekləri vətəndaşların dövlət özlləşdirmə payı üzərində mülkiyyət hüquqlarını da təsdiqlədiyi üçün həmin sənədlərin tədavüldən çıxarılması sahiblərinin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına və ya onlara xitam verilməsinə səbəb ola bilər. Mülkiyyət hüququnun məhdudlaşdırılması və onlara xitam verilməsi isə Azərbaycan Respublikası Konstitusiyasına və Mülki Məcəllənin tələblərinə görə, ancaq və ancaq qanunda göstərilən hallarda və qaydada mümkündür.

Başqa bir ifadə ilə, qanunda olmadığı halda, qanundan aşağı qüvvəli normativ hüquqi aktlarda tənzimlənən hallar və qayda əsasında vətəndaşların mülkiyyət hüququnun məhdudlaşdırılması və ya ona xitam verilməsi qəbuledilməz olduğu kimi, o cümlədən qanunda olmadığı halda, qanundan aşağı qüvvəli normativ hüquqi aktlarda göstərilən hallarda dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması qəbuledilməzdir.

Birincisi, ona görə ki, bu durum vətəndaşların mülkiyyət hüququnun pozulmasına səbəb olmaqdadır. İkincisi, ona görə ki, dövlət özəlləşdirmə çekləri vətəndaşlara qanunla verilib və qiymətli kağızların vətəndaşlardan geri alınması da ancaq və ancaq qanunla olmalıdır.

Bu səbəblə hesab edirik ki, dövlət özəlləşdirmə çeklərinin Azərbaycan Respublikası Mülki Məcəllənin 1078-27.1.5-ci maddəsi əsasında qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il 383 saylı Fərmanında göstərilən halda, yəni “tədavül müddəti bitdiyi üçün (kompensasiya ödənilmədən)” tədavüldən çıxarıldığını və həmin Fərmanda kompensasiya ödənilməsi nəzərdə tutulmadığı üçün həmin çeklərin dəyərinin kompensasiya edilməsinə ehtiyac olmadığını irəli sürmək Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Məcəllənin mülkiyyət hüququ ilə bağlı imperativ tələblərinə ziddir.

Nəticə

Qeyd edilənlərdən məlum olduğu kimi, dövlət özəlləşdirmə çeklərinin vətəndaşların özəlləşdirmə payları üzərindəki mülkiyyət hüququnu təsdiqlədiyi üçün onların tədavüldən çıxarılması ancaq və ancaq dəyərinin ödənliməsi yolu ilə mümkündür. Bu səbəblə hesab edirik ki,   dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-27.1.4-1-ci maddəsinin “qiymətli kağızlar tədavül müddəti bitdikdən sonra qiyməti ödənilərək dövriyyədən (tədavüldən) çıxarılır” tələbinə uyğun olaraq həyata keçirilməli idi.

7 mart 1995-ci il tarixində Prezident Sarayında baş tutan müşavirədə Ulu Öndərin öz çıxışında vurğulayır: “Bir şey aydındır ki, özəlləşdirmə zamanı vətəndaşların payı olmalıdır, hər bir vətəndaş öz payını almalıdır, bu payından istədiyi kimi istifadə etməlidir. O, ya özəlləşdirilən müəssisənin bir hissəsinin sahibi olacaq, yaxud öz payını başqasına verəcək və ya satacaqd Bunlar hamısı gələcək proseslərdə olacaq. Amma vətəndaşın payı olmalıdır”.

Bu, vətəndaşlara dövlət özəlləşdirmə payları və onların bağlandığı qiymətli kağız olan dövələt özəlləşdirmə çekləri vasitəsi ilə dövlət əmlakından qanunla və əvəzsiz qaydada mülkiyyət hüququnun verildiyini təsdiq edir.

(Qeyd: mövzuya dair daha ətraflı məlumat BURADA)

Müəlliflər:

Yolçiyev Mübariz Xalid oğlu,

Bakı Dövlət Universiteti Hüquq Fakültəsinin dosenti,

Vəkillər Kollegiyasının üzvi

(mhalidoglu@yahoo.com)

Süleymanlı Sərvər Süleyman oğlu,

Bakı Dövlət Universiteti Hüquq Fakültəsinin Mülki hüquq kafedrasının dosenti

(serversuleymanli@gmail.com)

xüsusi olaraq AYNA üçün

Müəllif: Ayna.az

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir