Keçmiş nazir: “Türkiyə Qazaxıstandakı proseslərə cəlb edilməlidir”

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Qazaxıstandakı hadisələrlə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.

Millitribuna.az həmin müsahibəni təqdim edir:

– Qazaxıstandakı hadisələrə münasibət bildirərkən sosial etirazlarla xarici qüvvələrin iştirakının sərhədlərini müəyyən etmək zərurəti yaranır. Bu zərurəti necə izah edərdiniz?

– Hər bir cəmiyyətdə narazılıq üçün iqtisadi əsaslar olur. Buna heç kim etiraz etmir. Amma məsələyə bir qədər qlobal yanaşdıqda görürük ki, Qazaxıstandakı hadisələrin əsas səbəbi xarici qüvvələrin oyunudur. Mən düşünürəm ki, bu məsələnin Qərb-Rusiya toqquşması kimi qələmə verilməsində şişirtmələrə yol verilir. Ancaq istisna etmirəm ki, bu məsələdə koordinasiya mövcuddur, bu bağlılıq hiss edilir.

– Bir az təfsilat lazımdır, nədir bu bağlılıq?

– Görüntü yaranır ki, Qərblə Rusiya qarşı-qarşıya durub. Ancaq analiz edəndə bu qənaətə gəlmək mümkündür ki, bunlar qarşıdurmadan çox koordinasiyadır. Ukrayna böhranı başlayanda Qərb-Rusiya toqquşması görüntüsü yaradıldı, amma nəticədə Rusiya Krımı ilhaq etdi, digər əraziləri işğal etdi. Fikrimi daha aydın izah etmək üçün, Belarusdan da misal gətirəcəyəm. Belarusda Qərb tərəfindən dəstəklənən müxalifət liderlərinin siyasi fəallığı Moskvada başlayıb. Onların Moskva ilə bağlantısı çox geniş şərh olunub. Hiss olunur ki, Rusiya-Qərb qarşıdurması kimi dəyərləndirilən bəzi hadisələr elə Rusiya-Qərb koordinasiyası əsasında baş verir. Qazaxıstanda da qiymətlər mövzusu ortaya çıxandan dərhal sonra Rusiya öz tərəfindən həmin ölkəyə qüvvələr yeritməsini dilə gətirirdi.

– Bəs Türkiyənin mövqeyi necədir – seyrçi, yoxsa dərin narahatlıq keçirən oyunçu?

– Qərb-Rusiya koordinasiyasına Türkiyə də cəlb edilməlidir. Qazaxıstanda Türkiyə meyilli qüvvələr də mövcuddur. Qazaxıstanda vəziyyəti sabitləşdirmək üçün Türkiyənin də iştirakı məqsədəuyğundur. Türkiyə-Rusiya tandemi bir çox məsələdə öz əhəmiyyətli rolunu oynayıb və müsbət nəticələr hasil edib. Türkiyənin Qazaxıstandakı proseslərə qoşulmasını Azərbaycan da dəstəkləməlidir.

– Türkiyə özü bu şərtlərlə proseslərdə iştirakı istəyirmi?

– Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri öz hərbçilərini Qazaxıstana göndərir. Həmin təşkilatın üzvü olan Ermənistan sülhə və təhlükəsizliyə hansı töhfələr verəcək?! Bu, elə Belarus hərbçilərinə də aiddir. Ancaq Türkiyənin iştirakı stabilləşməyə daha yaxşı element kimi töhfə verə bilər. Rusiya və digər oyunçular da maraqlıdırlar ki, Türkiyəni sabitləşmə prosesinə cəlb etsin.

– Çin faktoru Qazaxıstanda güclənir, bu, Qərbi də, Rusiyanı da narahat edir. Çin hansı məqsədləri güdür?

– Bu hadisələrdə əsas açarlardan biri də Çindir. Qarşıdan Rusiya-ABŞ danışıqları gəlir. Bu danışıqlar ABŞ-Çin qarşıdurmasının gücləndiyi dövrə təsadüf edir. ABŞ-Çin münasibətlərində Rusiya da həlledici amildir. Sual budur: Rusiya Çini, yoxsa ABŞ-ı dəstəkləyəcək? Görünən budur ki, Qazaxıstandakı proseslərdən daha çox Rusiya xeyir götürür. Moskva başa düşür ki, ABŞ-la danışıqlarda Vaşinqtonu ən azından neytral hala gətirəndən sonra Çinlə məşğul olacaq. Böyük oyunda Qazaxıstan da hansısa gedişlərin bir hissəsidir. Nəzərə alaq ki, Türkiyədə iqtisadi böhran zamanı bu ölkəyə ən çox kömək edən ölkələrdən biri də Çin olub. Hər halda buna aid hansısa məlumatlar mətbuata sızdırılıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.