İlham Əliyev: “Azərbaycanda Rusiyaya münasibət həmişə müsbət olub”

“İkitərəfli münasibətlərin bundan sonrakı inkişafı məsələsinə gəldikdə isə, bizdə hər şey müəyyəndir, hazırda artıq iqtisadi, nəqliyyat, enerji, humanitar istiqamətlərə aid altı yol xəritəsi üzrə işləyirik. İndi biz gənclərin mübadiləsi ilə bağlı məsələlər üzərində fəal işləyirik, estafeti vermək üçün yox, bu hələ tezdir, amma hər halda siqnal vermək üçün Rusiya-Azərbaycan Gənclər Forumu keçirməyi planlaşdırırdıq, pandemiya buna bir qədər mane oldu”.

Millitribuna.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib.

“Ona görə ki, bilirsiniz, vaxt sürətlə keçir, yeni nəsil yetişib, onlar bir-birini bizim bir-birimizi tanıdığımız dərəcədə tanımırlar. Buna görə Azərbaycan və Rusiya vətəndaşlarının gənc nəslinin dostluq və həmrəylik ruhunda böyüməsi vacibdir. Çünki bu, həm bizim üçün, həm də Rusiya üçün böyük dəyərdir, ona görə ki, biz qonşu dövlətlərik. Qonşular arasında münasibətlər heç də həmişə bizim aramızdakı münasibətlər kimi olmur. Əlbəttə, təvazökarlıqdan uzaq görünsə də deməliyəm ki, bu, ilk növbədə, iki ölkənin prezidentlərinin, onların komandalarının bütün başqa üzvlərinin və ictimaiyyətin xidmətidir. Bir nümunə göstərim: pandemiyadan əvvəlki son ildə Azərbaycana təqribən 1 milyon rusiyalı gəlib. Qısa müddətdə praktiki olaraq iki dəfə artmış bu göstərici komfortluq göstəricisidir. Ona görə ki, insanlar özlərini komfort, öz evindəki kimi hiss etdikləri yerlərə gedirlər. Bir də ki, Azərbaycanda Rusiyaya münasibət həmişə müsbət olub və belə də qalmaqda davam edir”, – Prezident vurğulayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir