İki Məhəmmədin bir taleyi

Qan Turalı yazır…

Adı Məhəmməd Mehdi idi, 22 yaşı vardı. Niyə idi? Çünki heç bir zaman onun 23 yaşı olmayacaq, edam olundu.

Məhəmməd Məhsa Əmini aksiyalarında həbs edilənlərdən biridir. Məhkəməsi cəmi 3 gün çəkdi. Dövlətin təyin etdiyi vəkillə məhkəməyə çıxdı. Vəkilin işi onu müdafiə etmək deyildi. Ondan bir “etiraf” qoparmaq üçün oraya gəlmişdi.

Özünü müdafiə etmək üçün Məhəmmədin cəmi 15 dəqiqəsi vardı. Ancaq ona qulaq asan yox idi. İşgəncə ilə alınan ifadələri məhkəmə təsdiq etdi, vəssalam.

Məhkəməyə nə jurnalistlər buraxıldılar, nə də ailəsi. Qısa bir məzhəkə, ardınca edam hökmü. Məhkumların taleyi budur.

Məhkəmədən sonra Məhəmməd atasına zəng vurur: “Ata, mənə edam verdilər. Anama demə”. Atası günlərlə oğlunun vəkilini tapa bilmir. Vəkil öz “missiyası”sını başa vurub.

Atası demokrat bir vəkil tutur. Vəkil yuxarı instansiyalara müraciət edir. Ancaq cavab yoxdur.

İran qanunlarına görə edam hökmü yuxarı məhkəmədə də təsdiq edilməlidir. Yuxarı məhkəmədən sonra kassasiya mərhələsi də var. Amma bütün bunların bir xeyri olmur, şikayətlər rədd edilir.

Edam hökmü ilə həbs edildikdən cəmi 65 gün sonra 22 yaşlı bir gəncin ömrünə son qoyulur. Sivil bir ölkədə təkcə məhkəmənin başlanması bir neçə ay çəkir. Edam hökmünün açıqlanması isə illər alır.

Bu İrana aid deyil. Cəmi 65 gün… SSRİ-dəki repressiya illərində olduğu kimi…

Məhəmməd həbsxanada ağır işgəncələr verildiyi ilə bağlı təkzibedilməz faktlar var. Onu zorlama ilə təhdid ediblər. Hətta işgəncələrdən sonra öldüyünü güman edib onu bir kənara atıblar.

Ölmədiyini gördükdən sonra isə məhkəməyə çıxararaq edam etdilər. İşgəncədə ölmədisə, edamla ölsün. Rejim konkret davranır…

Bu amansız işgəncələr isə məhkumun “etiraf” etməsi üçündür. Etiraf etməsə də edam ediləcək. Ancaq işgəncə yolu ilə alınmış etiraflar məhkəmədə göstərilir və mediaya verilir.

Edam edilənlərlə bağlı başqa heç bir məlumat yoxdur. Ancaq məhkəmədə çəkilən görüntülər. Nə ailəsi var məhkəmədə, nə vəkili, nə də jurnalistlər…

Məhəmməd edam edilən 16 nəfərdən biridir və bu edamlar hələ də davam edir. Hökumət üzvləri açıq şəkildə edamların aksiyaların qarşısını almaq üçün edildiyini deyirlər.

Məhəmməd Hüseyni də edam edildi. Nə atası vardı, nə də anası. İran xalqı sosial mediada “Hamımız Məhəmmədin ailəsiyik” həştəqləri ilə onu müdafiə edirdi.

Üstəlik, bipolyar pozuntusu və digər Məhəmməddən fərqli olaraq öz vəkili də vardı…

“Onun görüşünə getdim. Bütün görüş boyunca ağladı. Gözlərini, əllərini bağlayırlar. Başına çoxlu zərbələr endirirlər. Huşsuz vəziyyətə düşür. Ayıldıqdan sonra işgəncə davam edir. Beləcə “etiraf alırlar”, – vəkili görüşü belə xatırlayır.

Qısa bir məhkəmədə edam hökmü verilir. Vəkil yuxarı məhkəməyə şikayət verir. Məhkəmə üçün gün təyin edilir. Vəkil kiçik bir ümidlə məhkəməyə yollanır…

Ancaq yolda bir zəng gəlir, “Məhəmməd edam edilib”. Məhkəmə olmamış… Tələsik… Təcili… Edam…

Ardınca isə vəkil həbs edilir…

Belə…

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir