“Haber Global” Şuşa və Ağdamda aparılan bərpa işlərinə həsr olunan reportaj hazırlayıb

Türkiyənin “Haber Global” televiziyası Azərbaycanın işğaldan azad edilən ərazilərində həyata keçirilən bərpa-quruculuq işləri ilə bağlı reportaj hazırlayıb.

Millitribuna.az-ın məlumatına görə, çəkilişlər Qarabağın incisi sayılan Şuşada və Ağdamda aparılıb.

Qeyd olunub ki, Şuşa Azərbaycanın sənət mərkəzidir, bir çox şair və bəstəkarlar məhz burada anadan olub, yaşayıb. Videomaterialda Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin müəllifi Üzeyir Hacıbəylinin dağıdılmış evi yer alıb. Bildirilib ki, həmin ev ermənilər tərəfindən dağıdılıb. Həmçinin qeyd olunub ki, Şuşada əsas diqqət musiqi və mədəniyyət baxımından bərpaya yönəldilib. Eyni zamanda Ü.Hacıbəylinin evi olduğu kimi yenidən restavrasiya ediləcək və muzey olaraq istifadəyə veriləcək.

Bundan başqa, güllələnmiş heykəllər barədə də məlumat verilib. 44 günlük müharibədə qazanılmış zəfərdən sonra heykəllər aid olduğu yerə qaytarılıb.

Görüntülərdə Şuşa Şəhər İcra Hakimiyyətinin binasının azərbaycanlı memarlar tərəfindən bərpa olunduğu da əks olunub.

“Haber Global”ın lentə aldığı növbəti kadrlar Ağdam şəhərindən olub. Kadrlarda bütün evlərin yerlə-yeksan olduğu, şəhərin tamamilə dağıdıldığı yer alıb. Ermənilərin işğal dövründə məktəbləri, xəstəxanaları və digər məkanları dağıtdığı, yandırdığı qeyd olunub. Eyni zamanda addımbaşı minaların düzülməsinin bərpa-quruculuq işlərinə maneçilik törətdiyi bildirilir. Ağdamin strateji yerdə olması səbəbindən mina sayının çoxluğu və ANAMA əməkdaşlarının hər gün orada mina təmizləmə əməliyyatını keçirdiyi bildirilib. Bərdə-Ağdam dəmiryol xəttinin inşası da lentə alınıb. Həmçinin Ağdam Cümə məscidindəki acınacaqlı vəziyyət, binanın yararsız hala düşməsi və orada təmir işləri aparıldığı vurğulanıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir