Gecə-gündüz işləyən “moyka”lar: Narazı sakinlər şikayətini kimə bildirməlidir?

İnsanların sıx yaşadığı ərazilərdə onlara vacib olan obyektlərin olması mühüm məsələdir. Lakin evində rahat dincəlmək istəyən, körpəsi, yaşlısı, xəstəsi olan insanlar urbanizasiya problemlərinin qurbanı olurlar.

Millitribuna.az xəbər verir ki, sözügedən əraziləri ən yaxşı obyekt, biznes yeri görən sahibkarlar da sui-istifadə edərək qaydaları pozmaqdan çəkinmirlər. El deyimi ilə desək, “moyka” yəni avtoyuma məntəqələrinin sahibləri kimi.

Bizim.media-ya müraciət edən bir çox vətəndaş yaşadığı evlərin yaxınlığında olan bu məntəqələrin onlara narahatlıq yaratdığını bildiriblər.

Şikayətçi Aynur Babayeva da həmin narazı şəxslərdən biridir.

O, açıqlamasında bildirib ki, evlərinin yaxınlığındakı avtoyuma məntəqəsinə nəzarət yoxdur və bu onları narahat edir:

“Yaşadığımız binanın arxasında 50 qəpiklik “moyka” quraşdırıblar. Ona pul salaraq maşını təmizləyirsən. Əksəriyyətiniz bilirsiniz ki, bu “moyka”lar gecə-gündüz işləyir. O da azmış kimi gətirib tozsoran da qoydular. Şikayət etdikdən sonra, gecə 12-dən səhər saat 5-6-ya qədər fəaliyyətini dayandırmışdılar. Biz evdə səsdən otura bilmirik. Üstəlik maşınını yuyan şəxslər binanın qarşısında mahnılara səs verərək, maşın silirlər”, – deyə qeyd edən şikayətçi problemin həlli üçün kimə müraciət edəcəklərindən xəbərsizdirlər.

Hüquqşünas Əsabəli Mustafayev qeyd edir ki, sakinlər şikayətlərini bildirməkdə rahatdırlar və bu qaydalar qanunvericiliklə də təsbit olunub:

“Qanunvericiliklə təsbit olunub ki, yaşayış məntəqələrinə yaxın ərazilərdə fəaliyyət göstərən obyektlər müəyyən qaydalara riayət etməlidir. Həmin müəssisələr ətraf mühiti çirkləndirməməli və sakinlərin yaşayışına maneə yaratmamalıdır.

Əks təqdirdə, vətəndaş Fövqəladə Hallar Nazirliyinə müraciət etməlidir. Bu zaman qurum tərəfindən obyektlərdə yaradılan səs-küy, narahatlıqla bağlı yoxlanışlar aparılmalıdır. Qanun pozuntusu aşkarlanarsa, barələrində inzibati xətalar törətməkləri ilə bağlı protokol tərtib edilə bilər. Əgər sakinlərin narazılığı çirkləndirmə ilə bağlıdırsa, bu zaman rayon icra hakimiyyətinə müraciət etməlidirlər”, – deyə Ə.Mustafayev bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.