Fransanın bitməyən erməni sevdası: “Azərbaycan əsas rollardan birini oynayır” – Anar Əsədli

“Makron erməni lobbisinin ən güclü olduğu ölkədə seçki qazanır. Bu, o deməkdir ki, Makron hər zaman çıxışlarında elektoratını göz önünə alır”.

Bu sözləri Fransa prezidenti Emmanuel Makronun verdiyi müsahibədə Azərbaycana qarşı yönələn əsassız ittihmalarına, o cümlədən açıq şəkildə Ermənistanı müdafiə edən fikirlərinə münasibət bildirən Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Millitribuna.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Makronun ölkəmizə qarşı qərəzli çıxışları ilə gündəmə gəlməsi ilk dəfə deyil. Lakin bu fikirlərin arxasında qocaman bir boşluq durur və çox zaman Fransa dövlətinin atdığı, atacağı addımlarla üst-üstə düşmür:


İstənilən siyasi liderin çıxışları mütləq halda öz seçicisinə yönəlik olur, veriləcək qərarlar isə ölkəsinin maraqlarına uyğun hesablanır. Bu iki situasiya hər zaman uyğun gəlməyə bilər, bu zaman bir çox siyasətçidə müşahidə etdiyimiz sözü ilə əməlinin düz gəlməməsini görə bilərik.
Makron erməni lobbisinin ən güclü olduğu ölkədə seçki qazanır. Bu, o deməkdir ki, Makron hər zaman çıxışlarında elektoratını göz önünə alır. Lakin Fransa və Azərbaycan münasibətləri heç də fransız siyasi liderlərin çıxışları qədər sərt olmayıb, əksinə səmərəli, ikitərəfli əməkdaşlığa söykənib.

Onu da nəzərə alaq ki, bu gün dünyada qlobal şəkildə neft və qaz sektorunda güclü rəqabət gedir. Bu da ümumi axının qarşısında Fransanın səsini zəiflədir.
Liviya qaz və neft kontraktını Türkiyə ilə bağlayır, Fransanın səsi eşidilməz olur, batır. Rusiyanın savaşdan dolayı dünyada yaratdığı qaz və neft böhranını Türkiyə çözməyə çalışır. Azərbaycan isə bu məsələdə əhəmiyyətli, hətta əsas rollardan birini oynayır və bir çox Şərqi Avropa ölkəsi Azərbaycana ağız dolusu təşəkkür bildirir. Nəticədə Fransanın səsi yenə eşidilməz olur. Yəni dünyada gedən proseslər, eləcə də regionda və xüsusilə neft-qaz sektorunda gedən proseslər Fransanın səsini batırır. Rusiya Gürcüstanı işğal edəndə də biz Fransanın “prinsipiallığını” gördük. Yəni Fransa qaz və neftə görə işğala göz yumdu.
İndi bizə dəyər nağılları ilə gəlməsinlər. Neft və qaz üçün diktator rejimlərlə asanlıqla bir masaya oturan Aİ bu dəfə də həmişəki adekvat reaksiyanı verəcək. Uzaqbaşı, ortada Makronun erməni elektoratına hesablanmış yalançı cəsarəti olacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir