Ermənistan Brüssel razılaşmalarından imtina edir?

Dünən Rusiya Xarici işlər naziri Sergey Lavrov özünü ən rahat hiss etdiyi azsaylı ölkələrdən birinə – Ermənistana səfər edib. İndi dünyada Rusiya rəsmilərini qəbul etmək istəyənlər azdır. Ukraynaya qarşı aparılan işğalçı müharibədə dinc əhalinin kütləvi qətli Kremlin əsl mahiyyətini üzə çıxarıb. Dünya bu irticanı durdurmaq uğurunda mübarizə aparır, Rusiya rəhbərliyi isə bizim regionda heç nə olmamış kimi “sülhyaradıcı” missiyasını davam etdirməyə cəhd edir.

İrəvandan yayılan fotolardan görünür ki, Lavrovu erməni həmkarı Ararat Mirzoyan hava limanında hərarətlə qarşılayıb, XİN-in binasında da bu təntənə davam etdirilib.

Rəsmi məlumata görə, Rusiya XİN rəhbəri İrəvanda Qarabağ münaqişəsi ilə bağlı 10 noyabr və 11 yanvar bəyanatlarının icra vəziyyətini müzakirə edib. Habelə, hər iki ölkənin təmsil olunduqları regional təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub.

Erməni mediasının yaydığı informasiyalara görə A.Mirzoyan Lavrovla görüşdən hədsiz məmnun qalıb.

“Bu gün bizim ikitərəfli əməkdaşlıq, beynəlxalq platformalarda tərəfdaşlıq, regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə konstruktiv və səmimi görüşümüz oldu” – deyə, erməni nazir bildirib. Mirzoyan əmin olduğunu bildirib ki, tərəflər etimad və anlaşmaya əsaslanan münasibətləri bundan sonra da inkişaf etdirəcəklər.

O, Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında Moskvada aparılan danışıqların nəticələrinə də toxunub və qeyd edib ki, iki ölkə liderləri “münasibətlərimizin inkişafı üçün mühüm istiqamətləri təsdiqləyiblər”.

Sergey Lavrov isə deyib ki, İrəvanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına Rusiyanın töhfə vermək niyyətini bildirməyə gəlib. Amma ikili görüşdə Mirzoyan bu “töhfədən” necə ruhlanıbsa, jurnalistlər qarşısında Azərbaycanın ünvanına səsələndirdiyi həmişəki böhtan və ittihamları təkrarlayıb.

Onun dediklərindən bir neçəsini qısa şəkildə oxuculara təqdim edək:

-Ermənistan Rusiyanın sülhməramlı missiyasının martın 24-də Azərbaycanın Fərrux kəndinə daxil olması nəticəsində pozulmuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla müəyyən edilmiş status-kvonu bərpa etməyə qadir olduğuna inanmaqda davam edir;

-Ermənistan Rusiyanın üçtərəfli bəyanatın müddəalarının, xüsusən də erməni “hərbi əsirlərin” qaytarılması ilə bağlı müddəalarının həyata keçirilməsi üzrə səylərini yüksək qiymətləndirir;

-Bakı beynəlxalq humanitar normaları pozaraq, hərbi əməliyyatların dayandırılmasından il yarım sonra erməni “hərbi əsirləri” geri qaytarmaqdan imtina edir;

-Azərbaycanın nəzarətinə keçən ərazilərdə mədəniyyət və dini abidələrinə qarşı mütəmadi olaraq təkrarlanan vandalizm aktları təcili beynəlxalq müdaxilə tələb edir;

-Bakı vaxtaşırı atəşkəs rejimini pozur və Azərbaycan rəhbərliyinin ermənifobiya ritorikası diqqətdən qaçmamalıdır və s.

Əlbəttə, Mirzoyanın vaxtaşırı təkrarladığı bu cəfəng ittihamlarının heç bir əsası yoxdur. Azərbaycan müharibədən ötən 20 ayda xoş məram nümayiş etdirərək diversantların bir hissəsini geri qaytarıb. Ermənistanın bunun qarşılığında təqdim etdiyi mina xəritələrinin isə problemin həlli üçün o qədər də əhəmiyyəti olmayıb.

Atəşkəsin pozulması da Ermənistanın təxribatları nəticəsində baş verir. İrəvanın 10 noyabr atəşkəs razılaşmasını pozaraq erməni silahlılarını Qarabağ ərazilərindən hələ də çıxarmaması Azərbaycan ordusuna istənilən vaxt bölgədə anterror əməliyyatı keçirmək hüququ tanıyır.

Mədəni abidələrin dağıdılması barədə iddialar da tamamilə absurddur. Azərbaycanın yüzlərlə kəndini, rayonunu dağıdıb yer üzündən silmiş işğalçı bir dövlətin rəsmisi bu cəfəng yalanı dilinə belə gətirməməli, Azərbaycanın beynəlxalq məhkəmlərdə qaldıracağı iddialara hazırlaşmalıdır.

Əlbəttə, bu iddialar ciddi olmadığından üzərində geniş dayanmağa da ehtiyac yoxdur. Maraq doğuran odur ki, Lavrovla görüşdən sonra “cürətlənən” erməni nazirinin bu iddiaları Rusiya XİN rəhbərinin də dəstək verməyə gəldiyi “sülhə” necə yardım edəcək? Həmçinin, Brüsseldə verilən xoşməramlı bəyanatların sonu necə olacaq?

Mirzoyanın dediklərindən belə nəticəyə gəlmək olur ki, Ermənistan ən azı bu mərhələdə Rusiyanın maraqlarının icrasına sadiq qalacaq. Yəni, Moskvanın cızdığı trayektoriyadan kənara çıxmayacaq. Rusiya isə bölgədə sülh istəmir, mövcud vəziyyəti saxlamaqda maraqlıdır.

Mümkündür k, qarşıdakı həftələrdə Kremlin patronajlığı altında üçtərəfli komissiyanın bir neçə iclası keçirilsin, orada “irəliyə doğuru addımlar atıldığı”, “mövqelərin qismən yaxşılaşdığı” haqqında açıqlamalar verilsin. Amma nə 10 noyabr bəyanatının, nə də Brüsseldə əldə olunmuş razılaşmaların icrası istiqamətində konkret addımların atılacağı hələlik real görünmür.

Bəs Azərbaycan Rusiya və Ermənistanın bu oyununa necə reaksiya verəcək? Qərbdən, nəhayət, İrəvana real təzyiqlər olacaqmı?

Bu suallara cavab tapmaq üçün bir qədər gözləmək lazım gəlir. Çünki qarşıdakı həftələrdə yeni Laçın yolu açılır və Azərbaycan 20 aydan sonra dövlət sərhədlərinə nəzarət etmək üçün hərəkət edəcək. Gözləyək, çünki o zaman “sülhyaradıcı” Rusiya və “məzlum” Ermənistan əsl simalarını nümayiş etdirəcək…

E.Rüstəmli

“AzPolitika.info”

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.