Dövlətçilik tariximizin şanlı səhifəsi- İstiqlaliyyət tarixi

28 May 1918-ci il Şərqdə ilk demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil Azərbaycan Respublikasının yarandığının dünyaya bəyan edildiyi gündür.

Bununla da xalqımız bir əsrdən artıq davam edən Çar Rusiyası müstəmləkəsindən azad oldu. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ oldu. Bu Respublika həm də tarixi yaddaşımızda Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi də iz qoyub. Hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi siyasətçi və publisist Məmməd Əmin Rəsulzadə idi. Təbii ki, müstəqilliyin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Məmmədəmin Rəsulzadə tək deyildi, onun silahdaşları, əqidədaşları olan azərbaycanlı ziyalılar — Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqalarının danılmaz əməkləri və böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub.

Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində silinməz iz buraxdı, sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə və yaşatmağa qadir xalqdır. Müstəqilliyi nail olmaq üçünsə çox çətin sınaqlardan çıxmadan, qurbanlar vermədən mümkün deyil. Müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Ona gedən yol böyük mübarizələrdən keçir. Yarandığı andan başlayaraq müstəqilliyimizi qoruyub saxlamaq üçün ciddi tədbirlər görüldü. Fəaliyyət göstərdiyi 23 ay ərzində AXC tərəfindən bir sıra əhəmiyyətli qərarlar qəbul edildi. Yeni yaradılan respublika parlamentli dövlət idi. Baş Nazir Fətəli xan Xoyski 1918-ci il mayın 30-da teleqrafla bütün dünya ölkələrinə Azərbaycanın müstəqil olması xəbərini elan etdi. İyun ayının 4-də qardaş Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi bağlanaraq hərbi yardım alındı. İyunun 26-da Azərbaycanın milli ordusu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli – göy, qırmızı, yaşıl bayrağımız yaradıldı. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə birləşmişdi. Türk-müsəlman şərqində ilk dəfə bizim ölkəmizdə qadınlara seçki hüququ verildi. Cümhuriyyətin qısa dövründə ordu quruldu, siyasi və iqtisadi, o cümlədən torpaq islahatları həyata keçirildi, Bakı Dövlət Universiteti təsis edildi. Məktəblər üçün dərsliklər yazılır, kitabxanalar açılır, onlarla qəzet və jurnal nəşr olunurdu. Milli muzeyimiz – “İstiqlal” muzeyi yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti çox böyük işlər görə bildi və sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, demokratik prinsiplərə əsaslanan sivil dövlət qurmağa qadir bir xalqdır.

Azərbaycanın müstəqilliyi ilə barışmayan sovet Rusiyası 1920-ci il aprelin 27-də 11-ci ordunu ölkəmizə yeridərək müstəqilliyimizə son qoydu. Beləliklə, müstəqillik tezliklə itirildi. Lakin 70 illik Sovet əsarətində olan zaman belə xalqımızın müstəqillik arzusu sönmədi və alovlanmağa davam etdi. İşğal Cümhuriyyəti və onun bayrağını unutdurmadı, 70 ildən sonra həmin bayraq yenidən dalğalandı. Bu bayrağı ilk olaraq ümumilli liderimiz Heydər Əliyev Naxçıvan parlamentində dalğalandırdı. Nəahyət xalqın müstəqillik arzusu reallığa çevrildi, 1991-ci ildə dövlətimiz bir əsrdə ikinci dəfə müstəqilliyini elan etdi. Lakin bu illərdə Azərbaycan növbəti təhlükə ilə üzləşdi. Hakimiyyətin yarıtmaz siyasəti ölkəmizi yenidən uçuruma gətirdi. Xalqımızın tələbi ilə Heydər Əliyev Bakıya dəvət edildi. Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycana rəhbərlik etməsi bizi növbəti fəlakətlərdən qurtardı. Sabitlik və inkişaf dövrü başlandı, döyüş bölgəsində uğurlu həmlələr həyata keçirildi.

Ümummilli lider Heydər Əliyev 27 may 1999-cu ildə Azərbaycan xalqına müraciəti zamanı demişdir:

«Hamınızı salamlayıram, hamınızı qucaqlayıram, bağrıma basıram. Bu bayram
münasibətilə sizi təbrik edirəm. Sizi əmin edirəm ki, Azərbaycanın dövlətçiliyi, müstəqilliyi, Azərbaycanın gələcək inkişafı yolunda bundan sonra da çalışacağam, əlimdən gələni edəcəyəm. Mən inanıram ki, biz ilbəil inkişaf edəcəyik, irəliyə gedəcəyik. Azərbaycan xalqının xoşbəxt gələcəyi var və biz hamımız birlikdə bu gələcəyə qovuşacağıq. Mən buna inanıram, əmin ola bilərsiniz».

Bəli, bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başqa sözlə, bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Son illər Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib. 44 günlük Vətən müharibəsi zamanı şanlı Ordumuz tərəfindən qazanılmış şanlı Zəfər, ölkə başçımızın yürütdüyü siyasətin uğurlu nəticəsidir. İndi uu öndərin vurğuladığı kimi Azərbaycan xalqı öz xoşbəxt gələcəyinə qovuşub!

Qeyd edək ki, İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda dövlət müstəqilliyinin bərpa edilməsi günü – Respublika Günü kimi qeyd edilir. Bu müqəddəs gün münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik və daima qələbələr, millətimizə isə bu yolda hər zamankı kimi polad iradə və milli birlik arzu edirəm. Bayramımız mübarək!

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *