Ceyhun Bayramov: «Azərbaycan Ermənistanla delimitasiya prosesinə başlamağa hazırdır»

Noyabrın 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Annika Söder ilə videokonfrans formatında görüşü baş tutub.

XİN-dən verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari təhlükəsizlik vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən regionda nəqliyyat kommunikasiyaların açılması ilə bağlı Azərbaycan tərəfindən görülən tədbirlər və digər məsələlər barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın bölgədə uzunmüddətli sülh və əminamanlığın təmin olunması mövqeyindən çıxış etdiyi vurğulanıb. Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla delimitasiya prosesinə başlamağa hazır olduğu, lakin Ermənistan tərəfindən buna qarşılıq verilmədiyi qeyd olunub.

Nazir həmçinin azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən quruculuq işlərindən danışıb, eləcə də ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı regional layihələr, onların geniş coğrafi bölgənin inkişafı və tərəqqisinə xidmət etdiyini bildirib.

A.Söder ATƏT-in fəaliyyətdə olan sədri qismində İsveçin Cənubi Qafqaz bölgəsində regional əməkdaşlığı, bu xüsusda Azərbaycanın səylərini dəstəklədiyini bildirib, bu istiqamətdə fəaliyyətin bütün bölgənin inkişafı üçün önəmli olduğunu ifadə edib.

Tərəflər Azərbaycanın ATƏT ilə əməkdaşlığı, o cümlədən həyata keçirilən layihələri və gələcək planları, habelə cari ili dekabr ayında Stokholm şəhərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 28-ci iclasına hazırlıq məsələlərini müzakirə ediblər.

Görüşdə tərəflər habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *