Bu gün dünyanı tanrı deyil, nüvə silahı qoruyur

Aqşin Yenisey yazır…

Nitsşe kitablarının birində ateistik-hermenevtik bir eyhamla yazırdı ki, fakt yoxdur, şərh var. Yəni şərh olunmamış fakt (hadisə) hələ baş verməmiş sayılır. İnsanların inandığı şey həqiqətin özü deyil, onun şərhidir. Güc inanılanda yox, inandırandadır!

Ta qədim zamanlardan da belə olub; kəndlilər daha çox allaha (fakta) inanıblar, şəhərlilər daha çox peyğəmbərə (şərh edənlərə). Şumerin, Babilin, Fələstinin bərəkət tanrılarını ilk əkinçi kəndlilər peyğəmbərsiz kəşf etmişdilər. Böyük kəndlər olan ilk çoxtanrılı şəhərlərdə də peyğəmbərlər yox idi.

İlk dəfə İbrahim peyğəmbər tanrının nüfuzuna şərik oldu və bu nüfuzu sayəsində “peyğəmbərlər şəhəri” Qüdsün əsasını qoydu. Sonra bütün peyğəmbərlər ya şəhərlərdə (antik sosial şəbəkələrdə) doğuldular, ya da kəndlərdən gəlib şəhərlərdə peyğəmbərlik etdilər. Hətta yəhudilərin Müqəddəs kitabında şəhərdə yaşayan peyğəmbərin əyalətdən gələn peyğəmbəri öz ərazisindən qovması səhnəsi də var.

Yazımızın mövzusu bu deyil, amma buna oxşardır. Bu dəfə belə bir suala cavab axtaracağıq ki, nə üçün dünyanın yarısı Qiyaməti yubatmağın yolunu geriyə, təbiətə (məlum olana) qayıtmaqda, digər yarısı isə daha da irəli, texnoloji sonsuzluğa (naməlum olana) getməkdə görür?

Russo və Sen-Simon; sualımızın cavabını bir-birinə fəlsəfi-ideoloji baxımdan düşmən olan bu iki sosialist “peyğəmbərin” doktrinlərində axtaracağıq. Yol böyüyündür: Russo modernizmlə Orta əsrlərin əxlaq normaları arasındakı “uçurumu” kəşf edən ilk filosoflardan biri idi. O, mədəniyyəti şərin yaradıcılığı adlandırırdı, təhsili lənətləyirdi. Russo düşünən (intellektual) insana “murdar heyvan” deyirdi. Düşünən (rasional) dövlətə verdiyi qiymət heç də bundan fərqlənmirdi. Dövlət təhsil verməklə, sən demə, insanları xeyirxah etmirmiş, onları, sadəcə, ağıllı edirmiş ki, bu ağıl da ancaq fəlakət gətirmək üçün istifadəyə yarayırmış. İlk yazını min bir əziyyətlə daş kitabələrə qazıyan şeytanın özü imiş. Əsl insan keçmişdə, mağarada unudulmuşdu. Russoya görə, Diogen gündüz günorta vaxtı əlində çıraq, öz zəmanəsində onu, keçmişdəki insanı axtarırdı. Duyğu və sevgi dolu o alicənab insan ağzında çiy ət çeynəyə-çeynəyə çox-çox qədimlərdə, təbiətin xatirələrində yaşayırdı. Russo insanlığın xilasını onun, o, ağacı ağaca sürtüb od qalayan “əsilzadə vəhşi”nin yanına qayıtmaqda görürdü. Gələcəyi ancaq keçmiş xilas edə bilərdi. Russo “Bərabərsizliyin mənşəyi” əsərində insanı ibtidai icma quruluşuna qayıtmağa səsləyirdi. Sən demə, London yanğınları ilə insanları evsiz qoyan modern dövr, insanların ortalama 25-30 il yaşaya bildikləri o vəhşi dövrlərdən daha dəhşətli imiş. (Araşdırmalara görə, hətta Homerin eposlarında belə ən qoca insanın 30-35 yaşı olub.) Russonun zəkası modern çağı anlamaqda aciz idi, ona görə də asan olana, hazır olana, bilinənə qaçmağı seçirdi; yenisini yaratmaq əvəzinə köhnəni silib təmizləməyi. Onun “köhnəsi” insanlığın nostaljisindən başqa bir şey deyildi və bu nostalji o qədər emosional bir dillə şərh olunmuşdu ki, hətta Kant kimi, Marks kimi “ağılçı” filosofları da hayıl-mayıl etmişdi.

«Ağlın düşmənləri» olan romantiklər (Russo romantizmin atası sayılır) modern keşişlərdir. Onlar insanın təbiətdən ayrılmasını təbii qanunauyğunluğun (yaşamaq uğrunda mübarizənin) bir şərti kimi görə bilmirlər, ya da bunu görmək istəmirlər. Onlara elə gəlir ki, insan eqoistcəsinə özü-özünü təkamülə uğradıb. Yəni ağılın inkişafında təbiətin heç bir rolu yoxdur, guya, təbiət insanı mağarada tutub saxlamaq istəyirmiş, ancaq insan nankor çıxıb, təbiətin evini tərk edərək özbaşına şəhərlər tikib. Ağlı aşağılayanlar təbiətə zaman hadisəsi kimi baxa bilmirlər, sanki, zaman ancaq şəhərə xas olan bir dəyişmə, irəliləmədir. Halbuki hələ eramızdan əvvəl V əsrdə yaşamış yunan filosofu Heraklit kainatda hər şeyin geri dönüşü olmayan bir hərəkətdə olduğunu söyləyirdi. Onun “eyni çaya iki dəfə girmək olmaz” xəbərdarlığı insanın təkamülünə də aiddir. Ağıl bir dəqiqə sonra daha ağıllıdır.

Russo və tərəfdarlarına görə, sanki, təbiət ancaq məkandan ibarətdir, orada zaman yoxdur.

Halbuki buqələmunda dərini təkmilləşdirən (modernləşdirən) şey saata sığmayan təbii zamandır ki, insanda da ağlı təkmilləşdirir, modernləşdirir. Çünki dəri bu xamelyon kərtənkələ üçün nədirsə, ağıl da insan üçün odur. İnsan bir canlı, təbiətin bir övladı kimi yalnız ağlını gəlişdirməklə öz növünü qoruya bilərdi. Onun ağlı şirin dişlərinə, ilanın zəhərinə, öküzün buynuzlarına qarşı qoyulmuşdu və təbiətin nəhəng zamanının təsiri altında şir dişini, ilan zəhərini, öküz buynuzlarını təkmilləşdirdiyi (modernləşdirdiyi) kimi, insan da ağlını təkmilləşdirməyə (modernləşdirməyə) məhkumdur. Ağlın strukturu siftədən elə qurulub ki, tank kimi yalnız irəli və sağa-sola hərəkət edə bilsin. Ağıl insanda geri dönüşü olmayan təbii, kosmik bir prosesin ürünüdür. Modern zəkanın missiyası ağlın inkişafına uyğun yeni əxlaqi, mədəni dəyərlər kəşf etməkdir, arvadbaz Russonun ağzı ilə insanı hazır olana, bilinənə, köhnə sığınacağa, mağaraya səsləmək deyil. Təbiət ana ilk daş baltanı düzəldən insana, zəif doğulmuş bu sonbeşik övladına özü pıçıldadı ki, çıx bu mağaradan, get şəhərlərə, qaç canını qurtar bu vəhşilərin əlindən…

Bu pıçıltını insan yalnız ağlı ilə eşidə bilərdi. Eşitdi də…

İnsanın ağlı inkişaf etsə də, əxlaqı arxaik olaraq qaldı; çünki əxlaq bəşəri kültürün nəzarətindən çıxıb elmi kültürün daşıyıcısı ola bilmədi, min illərin mövhumi doqmaları buna imkan vermədi. Ağlın neştəri ilə silahlanmış kor bağırsaq cərrahı, yenə də “ya allah” deyib əməliyyata girdi. Çünki neştərin müraciət edə biləcəyi mənəvi dəyəri yaratmalı olanlar özləri də “ya allah” deyib durmuşdular. Elm inkişaf etsə də, əxlaq özünün klassik ortodoksluğunda qalmaqda israrlı idi. Bəşəri kültürün əlində allah ideyası nə idisə, atom bombası da o idi. İnsanların başına atom bombasını elmi kültür atmadı, bəşəri kültür atdı. O kültür ki, Orta əsrlərdə “müqəddəs məzar” uğrunda (Xaç yürüşləri) atom bombasından on qat çox insan öldürmüdü. Əslində, atom bombasına gələn yol allah uğrunda aparılan imperialist müharibələrdən başlamışdı. Ağlı modern çağda barbarlaşdıran bəşəri kültür idi, siyasətin sahib çıxdığı keçmişin mənəvi-əxlaq mirası.

Sen-Simona gəlincə, o, keçmişə qayıtmağın mümkünsüzlüyünə inanırdı. Sosiologiyanın atası sayılan Sen Simon cəmiyyəti vəhşi keçmişə qaytarmaq yox, sənaye, texnoloji dövrünün şərtlərinə uyğun inşa etməyin tərəfdarı idi. Simona görə, bu “sosial inşaatın” layihəsi sosializm düşüncəsində mövcud idi. Ancaq Simon sosializm dedikdə ibtidai icmanı nəzərdə tutmurdu, elmi yeniliklərə əsaslanan cəmiyyət qurmağın tərəfdarı idi. Simona görə, (Hegel də belə düşünürdü) Robespyerin inqilabı Russonun yanlış yolda olduğunu üzə çıxarmışdı. Geri dönən insan daha “alicənab vəhşi” ola bilməzdi, o, sadəcə, öz vəhşiliyini modernləşdirə bilərdi ki, Fransız inqilabı bunun ən qanlı sübutu oldu. Russonun “əsilzadə vəhşi”si professor Gilyotin idi.

Keçən əsrin ortalarında ingilis yazıçısı və fiziki Çarlz Snou Avropada elmin (ağlın) uğurlarına həsr etdiyi konfranslarında yaşadığımız dünyada bəşəri kültür və elmi kültür olmaqla iki mədəniyyət tipinin varlığından danışarkən izah edirdi ki, XIX əsrə qədər inkişaf etmiş dünyada burjuanı, elitanı bəşəri kültür formalaşdırırdı, XIX əsrdən sonra isə elmi kültür öz burjuasını, elitasını formalaşdırmağa başladı. Bu gün inkişaf etməmiş bütün ölkələr bəşəri kültürün nəzarətində olan ölkələrdir, məsələn, Banqladeş. İnkişaf etmiş ölkələr isə elmi kültürə sahib olanlardır, məsələn, İngiltərə. Bu iki ölkəni hər hansı sahənin insaniliyi baxımından müqayisə etmək belə gülməlidir.

Snou bəşəri kültürlə elmi kültürü əxlaqi sağlamlığına görə də fərqləndirirdi; dünyanın bəşəri kültürə söykənən cəmiyyətlərində insan həyatı daha ucuz tutulur, əxlaq cinsəl həyata və mənəvi məsuliyyətdən arındırılmış gündəlik bazarlıqlara cavabdehdir. Snouya görə, bəşəri kültürə mənsub ölkələrdə ziyalılar ikiüzlü, yalançı və cibgirdirlər. Elmi burjuanın nəzarətində olan ölkələrdə isə bunların heç biri yoxdur, tək-tük halda baş verdikdə isə böyük ictimai çaxnaşmalara səbəb olur.

Barbarlaşan ağıl gələcəkdən deyil, keçmişdən güc alan bəşəri kültürün ələ keçirdiyi ağıldır. XX əsrdə Naqasakiyə atom bombası atan bu “ağıl” XIV əsrdə cüzamlı meyitləri mancanaqla Krımın şəhərlərinə atan “ağlın” varisidir. O cüzamlı meyitlər də öz dövrlərinin atom bombaları idilər və o vaxt 75 milyon (bəzi mənbələrdə 200 milyon) insan öldürdülər.

Türk psixiatrist Nevzat Tarhan “Müharibə Psixologiyası” kitabında qeyd edir ki, İkinci Dünya müharibəsindən sonra planetimizdə Üçüncü, Dördüncü Dünya müharibələrinin baş verməməsinin yeganə səbəbi Nüvə silahının varlığıdır. Yəni bu gün milyonlarla insan hələ də yaşadıqları üçün həyatlarını nüvə silahına borcludurlar. Bu gün tanrı deyil, nüvə silahı dünyanın keşiyini çəkir. Və bu gün bütün dünya nüvə silahının terrorçuların əlinə keçəcəyindən qorxur, o terrorçular ki, cənnətə düşmək üçün səbirsizliklə “Qiyamət günü”nün bir an öncə baş verməsini arzulayırlar. Onlar bəşəri kültürün əsgərləridir.

Gilqamışdan başlayaraq XVII-XVIII əsrə qədər dünyanın sükanını öz əlində saxlayan bəşəri kültürü yıxmaq o qədər də asan məsələ deyil. Bu, ona bənzəyər ki, az qala, yüz illik repressiya tarixi olan Azərbaycan Yazıçılar Birliyinə gənc bir şair göndərirsən ki, get, oranı sənət məbədinə çevir. O da təsadüfən gedir düşür gözləri zəif görən bir Xalq yazıçısının əlinin altına…

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *