Boşananlar, evlənənlər və nikahdankənar 21 min uşaq

Qan Turalı yazır…

“Dediklərinizin rəqəmlərdə əsası yoxdursa, danışdığınız cəfəngiyatdır” ifadəsi xüsusən də son əsrdə aktuallaşdı.

Ancaq təəssüf ki, bizim yazı-pozu əhli nəinki buna əməl etmir, heç bu haqda düşünmür də…

Və nəticədə rəqəmlərin bir göz qırpımında inkar etdiyi fikirlərin çirkabı yaranır. Ən pisi isə odur ki, bu çirkabda rəqəmlərin yaratdığı gerçəklik gözə dəymir.

Rəsmi statistikanın bələdçiliyi ilə nikah və boşanma rəqəmlərinə nəzər salaq.

Və rəqəmlərin yaratdığı bu mənzərəni təsvir etməyə çalışaq…

“İnandım ayrılığa”

Ölkəmizdə XX əsrdə ən yüksək boşanma çox qəribə bir şəkildə 1935-ci ilə aiddir: Hər min nəfərə 4,9 (Bu və bundan sonrakı rəqəmlər hər 1000 nəfərə görədir.)

Bundan əvvəlki illərdə statistika aparılmayıb, ona görə bu rəqəmin nəyə əsasən belə yüksək olduğunu müəyyən etmək çətindir.

Prosesi qabaqlayıb deyək ki, bu rəqəm 2020-ci il göstəricisindən üç dəfədən çox artıqdır.

XX əsrdə ən aşağı boşanma göstəricisi 1945-ci ilə təsadüf edir: 0,1.

Görünür, faşizm üzərində qələbə ailələrdə də xoş ovqat yaratmışdı.

Keçək müstəqillik illərinə.

Müstəqilliyin ilk ilinin min nəfərə düşən 1,5  boşanma göstəricisi tədricən düşməyə başlayır.

Hətta 1999-cu ildə 0,6-ya enir.

Ancaq 2010-cu ildən etibarən boşanma yüksəlişə keçir.

2010-cu ildə olan 1 nisbəti 2019 ildə 1,7-ə çatır, 10 il ərzində təqribən 70 faiz artım baş verir.

2020-ci ildə isə rəqəm 1,5-ə (14 628 boşanma) enir ki, bu, pandemiya ilə bağlıdır.

Nəzərə alaq ki, 2019-cu ildə 64 minə yaxın nikah bağlanmışdırsa, 2020-ci ildə bu rəqəm 35 minə qədər enir.

2021-ci ilin ilk üç ayında 3 704 boşanma qeydə alınıb.

Bu da 2021-ci ildə 2020-ci ildən daha yüksək boşanma olacağına əsas verir.

Bir sözlə, 2010-cu ildən bu yana boşanmaların yüksələn xətt üzrə davam etdiyi üzə çıxır.

Bir az da ətrafa nəzər salaq.

Türkiyədə 2019-cu ildə hər min nəfərə görə boşananlar 1,9 nəfərdir, bizdə isə 1,7.

2010-cu ildə isə Türkiyədə rəqəm 1,6, bizdə 1 olub.

Göründüyü kimi bu illər ərzində Türkiyə ilə aramızdakı fərqi qapada bilmişik.

Başqa bir qonşumuz Rusiyada isə uzun illərdir ki, bu rəqəm dördün altına enmir.

Bu da belə…

Toyun oğurlanması

Ancaq bu da faktdır ki, dünya miqyasında 1960-cı ildə nikahların 12 faizi boşanma ilə yekunlaşırdısa, 2017-ci ildə bu nisbət 48 faizə çatıb.

Məsələnin bu cəhətdən təhlili bizim ölkənin boşanma üzrə vəziyyətini xeyli yaxşılaşdırır, çünki misal üçün Almaniyada 2017-ci ildə hər min nəfərin 1,9-u boşanırsa, 4,9-u evlənir. Bizdə isə 1,5 boşanmaya 6,5 evlənmə.

Boşanma rəqəmləri yaxın olsa da, nikah sayında fərq böyükdür.

Rəqəmlərlə analiz etdikdə Azərbaycanda ən çox boşanmanın baş verdiyi 2019-cu ildə belə nikahların cəmi 26 faizi boşanma ilə nəticələnib.

Ancaq burada diqqəti çəkən çox maraqlı bir cəhət də mövcuddur.

Belə ki, 2011-ci ildən bu yana nikahların sayı sürətlə aşağı enməkdədir.

2011-ci ildə ölkəmizdə 88 145 nikah qeydə alınmışdısa, 2019-cu ildə bu rəqəm 63 869-a enib.

Min nəfərə düşən nikah sayında bu fərq çox aydın görünür: 9.7-dən 6.4.

Nikahdan və boşanmadan kənar münasibətlər

2019-cu ildə “rəsmi qeydə alınmamış nikahda olan qadınlar” tərəfindən doğulan uşaqların sayı 21 453-dür.

Bu il ərzində doğulan uşaqların 15.2. faizidir.

Burda bir məqamı aydınlaşdırmağa ehtiyac var.

Bu siyahıya yaşı imkan vermədiyi üçün nikaha girməyən azyaşlı qızlardan əlavə müxtəlif səbəblərdən nikaha girməyən qadınlar da var.

“Rəsmi qeydə alınmamış nikahda olan qadınlar” ifadəsi Statistika Komitəsinə məxsusdur.

Halbuki Azərbaycan Respublikasının Ailə Məcəlləsi “nikahı müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaq” kimi şərh edir. Bu mənada rəsmi qeydə alınmamış nikahın heç bir vəchlə nikah olmadığı da üzə çıxır.

Bu uşaqlar üçün Azərbaycanın da qoşulduğu Beynəlxalq Konvensiyaya – “Nikahdankənar doğulmuş uşaqların hüquqi statusu haqqında”ya istinadən “nikahdankənar” termini işlədilməlidir. Ailə Məcəlləsi də analoji məqamda “Nikahda olmayan şəxslərdən olmuş uşaqlar” (Maddə 48) ifadəsindən istifadə edir.

21 453 rəqəmi isə ölkəmizdə ailələrin bir xeyli hissəsinin də nikahsız şəkildə qurulduğunu göstərir.

Ailə, Qadın və Uşaq üzrə Dövlət Komitəsinin hesabatına əsasən 2011-ci ildə 18 yaşdan aşağı 5 138 qız ailə həyatı qurub.

Komitə 2019-cu ildə bu halların 219-a qədər endiyini bildirir.

Bu illər ərzində qızların nikah yaşı 17-dən 18-ə qaldırılıb, eləcə də qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyəti müəyyən edilib.

2011-ci ildə ölkəmizdə nikahdankənar 30 983 uşaq doğulub.

Bu rəqəmlər azalan istiqamətdədir. (Bircə 2016-cı ildə artım olub)

Komitə “2011-ci doğulan 30 983 uşağın 4 392-sinin 15-17 yaşlı qadınlar tərəfindən doğulduğunu”, 2019-cu ildə isə bu rəqəmin 2 320-yə düşdüyünü qeyd edir. (15 yaşında qadın olmur, 15 yaşında uşaq olur-Q.T.)

Bir sözlə, nikahdankənar uşaqların sayında azyaşlı anaların nisbətinin azalması müsbət tendensiyadır.

Rəqəmlərin çəkdiyi mənzərə isə bundan ibarətdir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir