«Beş manata 38 kub qaz yüklənir» — Vətəndaşın şikayətinə «Azəriqaz»dan cavab

Bakı sakini Əsgər Əsgərov ona qazın daha baha qiymətə satıldığını iddia edir.

Bildirir ki, smartkart tipli sayğaca hər 5 manat yüklədikdə ona cəmi 38 kub qaz verilir. Qazın hər kubmetrinin qiymətinin 12 qəpik olduğunu nəzərə alsaq, vətəndaşın sayğacına hər 5 manat üçün ən azı 41 kub qaz yüklənməlidir. İddianı yerində yoxlamaq üçün vətəndaşın Əmircan qəsəbəsində yaşadığı ünvanda olduq.

Millitribuna.az Xəzər TV-yə istinadən bildirir ki, vətəndaş »Azəriqaz»a hər hansı borcunun olmadığını, tutulan məbləğin qanunsuz olduğunu deyir. Bildirir ki, 2017-ci ildə ona »Azəriqaz»a 2000 manat borcunun olması barədə bildiriş gəlib. İş məhkəməyə qədər uzanıb. Xətai Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi həmin borc məbləğinin »Azəriqaz» tərəfindən silinməsi məqsədi ilə qətnamə çıxarıb.

Məsələ ilə bağlı »Azəriqaz» ilə əlaqə saxladıq. Qurumun sözçüsü Eldəniz Vəliyev bildirdi ki, vətəndaş Əsgər Əsgərovun işlətdiyi qaza görə 2017-ci ildən quruma ümumilikdə 1937 manat borcu yaranıb. Hazırda karta yüklənən hər məbləğ zamanı həmin borc məbləğinin ödənməsi üçün cüzi tutulma olur. Bu səbəbdən də hər 5 manatda vətəndaşa 41 kub deyil, 38 kub qaz verilir.

O da bildirildi ki, məhkəmənin qərarının icrası ilə bağlı quruma müraciət daxil olmayıb. Əgər vətəndaş məhkəmənin qətnaməsini »Azəriqaz»a təqdim etsə, onun 1937 manat borcu silinəcək. O cümlədən, yüklədiyi hər məbləğə görə tutulmalar da vətəndaşa qaytarılacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *