«Azərbaycanla Ermənistan arasında qarşılıqlı etibarsızlıq var»

“Təbii ki, hər bir situasiya özünəməxsusdur. Azərbaycanın üzləşdiyi isə ondan ibarət idi ki, məsələ yalnız mübahisəli ərazilərlə bağlı deyildi. Azərbaycanın əraziləri kimi tanınan torpaqlar da işğal edilmişdi. Bunu İsrailin Livanı tutması ilə müqayisə etmək olar. İsrail bufer zonası yaratmaq və şimal sərhədində təhlükəsizliyi qorumaq adı ilə Livanı tutmuşdu”.

Millitrivuna.az-ın məlumatına görə, bunu Təl-Əviv Universitetinin əməkdaşı, İsrailin “Haaretz” qəzetinin redaktoru Stiven Kleyn Bakıda jurnalistlərə açıqlamasında bildirib.

S.Kleynin sözlərinə görə, “işğal bir növ səndə asılılıq yaradır və sən özünü inandırırsan ki, ona ehtiyacın var, ondan imtina etmək çox çətindir”: “Anladığım qədəri ilə yeddi rayon artıq azad olunub. Təbii ki, inkişaf, sülh qısa zamanda baş verməyəcək, müharibənin travması və itkilər var. Hər iki tərəfdə qarşılıqlı etibarsızlıq mövcuddur və bunun həlli xeyli zaman alacaq”.

İsrail- Fələstin münaqişəsinə toxunan israilli jurnalist qeyd edib ki, orada hər iki tərəf özünü haqlı hesab edir: “Əgər hər iki tərəf məhkəməyə müraciət edirsə, onlar düşünür ki, qalib gələcək.

Sabah Ağdama səfərimizlə bağlı deyə bilərəm ki, nə görəyəcim məni həyəcanlandırır. İsrail-Fələstin münaqişəsini araşdıran biri kimi deyə bilərəm ki, dağıntının miqyasını görmədən qiymətləndirə bilməzsiniz”.

İsrail tərəfinin azad edilmiş ərazilərin yenidən qurulmasında iştirakı ilə bağlı ekspert deyib ki, İsrail azad iqtisadiyyatı olan ölkədir və hər hansı şirkət Qarabağda bu prosesə qoşulmaq istəsə, İsrail hökuməti onu alqışlayacaq: “Ümumilikdə deyə bilərəm ki, İsrail açıq ölkədir. İsrail tərəflərlə normal münasibətlər saxlamağa çalışır. Ermənistan İsraildə səfirlik açmışdı, lakin müharibə dönəmində Ermənistan öz səfirini geri çağırdı. Bizim Azərbaycanda səfirliyimiz var və ümid edirəm ki, Azərbaycanın da İsraildə səfirliyi açılacaq”.

O, İsrailin hazırkı hökumətinin regionda maraqlarının olduğunu da diqqətə çatdırıb: “İsrail İranın təsirini məhdudlaşdırmaq istəyir. Baş nazir Netanyahunun Rusiya Prezidenti Putinlə dostluğu var, Türkiyə ilə münasibətlər yaranır, Azərbaycanla yaxın münasibətlər möcvuddur. Düşünürəm ki, İsrailin yürütdüyü siyasət odur ki, hər kəslə yaxın olsun, dost olsun və onların dəstəyini qazansın. Həmçinin bu ölkələrə öz məhsullarını təqdim etsin”.

Ekspertin fikrincə, regionda kommunikasiya xətlərinin açılması etibarın formalaşmasına imkan verə bilər: “Bu xətlər həm Naxçıvan və Azərbaycanı birləşdirəcək, həm də Ermənistanın İrana yolunu açacaq”.(apa)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *