“Azərbaycan Uşaq Qaynar Xətti” ötən il ərzində 5 mindən çox uşağa dəstək olub

24 saat fəaliyyət göstərən 116111 qısa nömrəsi köməyə ehtiyacı olan uşaq və valideynlərə açıqdır.

“Azercell Telekom” MMC-nin, UNICEF Azərbaycanın və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti”nə təzyiq və şiddətə məruz qalan, gündəlik həyatda yaşadığı istənilən sıxıntı səbəbindən dəstəyə ehtiyacı olan uşaqlar, eləcə də övladları ilə bağlı hər hansısa çətinliklə üzləşən minlərlə valideyn müraciət edir. Mərkəz 18 yaşına çatmamış bütün uşaqlara və onların problemləri ilə əlaqədar zəng edən hər kəsə fasiləsiz – 7/24 rejimində xidmət göstərir.

2022-ci il ərzində “Uşaq Qaynar Xətti”nə daxil olan 5 mindən çox müraciətin 10%-i uşaq zorakılığı ilə bağlı olub. Əvvəlki illərdəki kimi müraciətlər arasında ilk sıralarda psixoloji və fiziki zorakılıq yer alıb, lakin ötən illərdən fərqli olaraq kiberzorakılıqla bağlı müraciətlər də qeydə alınıb. Bunun səbəbi isə hazırda uşaq və yeniyetmələr arasında internetdən istifadənin kəskin şəkildə artmasıdır. Bu göstəriciləri nəzərə alan “Azercell Telekom” MMC internet məkanda düzgün davranış, uşaqların kiber təhlükələrdən qorunması mövzusunda ictimaiyyətin maarifləndirilməsinə xüsusi diqqət ayıraraq silsilə tədbirlər təşkil etməyi qərara alıb.

Zənglərin ümumi təsnifatına gəldikdə, “qaynar xətt”ə daxil olan müraciətlərin 31%-i hüquqi, 28%-i psixoloji, 14%-i təhsil, 14%-i sosial, 13%-i isə səhiyyə məsələləri ilə bağlı olub. Zənglərin əhatə dairəsi Bakı ilə məhdudlaşmayıb – Azərbaycanın digər bölgələri ilə yanaşı, müraciətlər Türkiyə, Ukrayna, Rusiya kimi ölkələrdən də daxil olub.

Müraciət edənlərə, əsasən, telefon vasitəsilə psixoloji yardım göstərilib, ehtiyac olduqda isə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib. 19 ailəyə və 8 təhsil ocağına təcili və təxirəsalınmaz səfərlər təşkil olunub.

Xatırladaq ki, “Uşaq Qaynar xətti”nə 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, ushaqqaynarxetti@gmail.com elektron poçtu, “Facebook” və “Instagram” sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək mümkündür.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir