“Azərbaycan hərbi gücündən istifadə etməlidir və edəcək” – Deputat

“Ermənilərin təxribatları həmişə olub, yenə də davam edir. Hesab edirəm ki, onlar yeni, güclü, məhvedici zərbə alana qədər bu təxribatlar davam edəcək”.

Millitribuna.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.

Ermənistan tərəfinin son vaxtlar artan təxribatlarına, o cümlədən iyulun 13-də Şuşa şəhərinin atəşə tutulmasına, bu gün Naxçıvanla sərhəddə baş verən atəşkəs pozuntusu və digər hallara münasibət bildirən Elman Məmmədov deyib ki, bu dövlət (Ermənistan) kriminal aləmin qanunları ilə idarə olunur.

Onun sözlərinə görə, dövlətin rəhbərliyi bütün qurumları, xüsusilə də ordunu hələ tam nəzarətə götürüb idarə edə bilmir, orduda müxtəlif klanların hələ də təsiri mövcuddur:

“Deyək ki, Qarabağ klanının, Köçəryan-Sərkisyan cütlüyünün təsiri var və sair. Ancaq burada diqqəti çəkən maraqlı bir məqam ondan ibarətdir ki, bu təxribatlar təkcə Ermənistan-Azərbaycan dövlət sərhədində baş vermir. Bu təxribatlar həm də Azərbaycanın daxilində, Azərbaycan ərazisində baş verir. Baş verən bu təxribatları kimlər törədir? Hələ bu gün də Azərbaycan ərazisində öz mövcudluğunu saxlayan qondarma, separatçı, cinayətkar qurum, onun tabeliyində olan silahlı birləşmələr, eyni zamanda Ermənistan dövlətinin silahlı qüvvələrinin bir hissəsi hələ Azərbaycan ərazisində qalmaqda davam edir. Bu, qəbulolunmaz, dözülməz bir faktdır. Bu mövcudluq olduqca təbii ki, belə təxribatlar getdikcə daha da artacaq. Mən hesab edirəım ki, heç bir dövlət buna razı olmaz və yol verməz ki, onun ərazisində tanınmamış, separatçı qurum və ona məxsus silahlı birləşmələrin tör-töküntüləri, terrorçu dəstələr mövcud olsun”.

Elman Məmmədov qeyd edib ki, onların burda mövcudluğu beynəlxalq aləmə məlumdur:

“Ancaq onların mövcudluğuna son qoymaq üçün vasitəçiliyi öz üzərinə götürmüş Rusiya dövləti məsuliyyət daşıyır, cavabdehdir. 44 günlük Vətən müharibəmizdən sonra görün nə qədər vaxt keçib. Bu müddət ərzində onlar bizim ərazimizdən təmizlənməli, tərk-silah olunmalı, ləğv olunmalı, cinayətkarlar cəzalandırılmalı idilər. Bu məsələdə Rusiya sülhməramlıları öz fəaliyyətlərini ortaya qoymalı idilər, ancaq reallıqda vəziyyət elədir ki, onların orada mövcudluğunun səbəbkarı, onların mövcudluğuna şərait yaradan, onların bütün fəaliyyətini və təminatını bir növ öz öhdəsinə götürən elə Rusiya sülhməramlılarıdır. Yəni, onlar gizli şəkildə mövcud deyillər. Onlar açıq-aşkar mövcuddurlar. Onlar ərazimizdə olan Rusiya sülhməramlıları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Onlar ərazimizin müxtəlif bölgələrinə birlikdə səfərlər edirlər. Onlar birlikdə hər işlə məşğul olurlar, əməkdaşlıq, tərəfdaşlıq edirlər. Bu separatçıların, onların silahlı birləşmələrinin, ərazimizdə olan Ermənistan silahlı birləşmələrinin təminatı hardan gəlir? Yeganə yol hardandır – Laçın dəhlizindən. Laçın dəhlizi kimin nəzarətindədir – Rusiya sülhməramlılarının. Demək, belə çıxır ki, Rusiya sülhməramlıları şərait yaratmasa, icazə verməsə, onların silah-sursat, ərzaq, yanacaq, humanitar və başqa təminatları həyata keçirilə bilməz. Həyata keçirilməsə, onlarrın fəaliyəti dayanacaq. Yəni, onlar öz özlərinə aradan çıxacaqlar. Mən çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Rusiya sülhməramlıları orada heç də sülhməramlı rolunu oynamır. Bir növ erməniməramlı rolunu oynayır. Və dövlətimizin ərazisində kök salmış separatçılara yardım, kömək edir. 7-8 aydır bir ucdan humanitar yardım daşıyırlar. Rusiya humanitar yardımın ardını arasını kəsmir. Hələ başqa dövlətləri də səsləyir ki, siz də gəlin ora humanitar yardım gətirir. Belə çıxır ki, Rusiya bizim ərazimizdə özü üçün bir qurum yaradıb və quruma rəhbərlik, nəzarət edir. Bu qurumun fəaliyyətini tənzimləyir, onları qoruyub saxlayır. Mən hesab edirəm ki, bu nə sülhməramlılıqdır, nə vasitəçilikdir. Bu artıq bizim qanunlarımıza, ərazi bütövlüyümüzə Rusiya tərəfindən olan hörmətsizlikdir. Buna görə də Azərbaycan bu məsələlərə çox güman ki, dözməyəcək. Azərbaycan özünün hərbi gücündən istifadə edəcək, etməlidir də. Ərazisindəki həm separatçı qurumu, həm də ona və digər dövlətə məxsus olan, qanunsuz nələr varsa, onların hamısı ərazimizdən çıxarılacaq. Ya məhv ediləcək, ya çıxarılacaq. Başqa yol yoxdur”.

Elman Məmmədov qeyd edib ki, istənilən dövlət belə bir addım atmalıdır:

“Hansı dövlət razı olar ki, onun ərazisində tanınmamış, ona tabe olmayan separatçı qurum fəaliyyət göstərsin, qanunsuz silahlı birləşmələr mövcud olsun? Elə Rusiyanın özünə sual verək, cavabı nə olacaq? Təbii ki, razı olmaz. Bəs biz niyə razı olmalıyıq? Bəs bizi niyə cürbəcür yollarla dilə tutub razılaşmağa, barışmağa çağırırlar? Bu bizim ərazi bütövlüyümüzə təhdiddir, qanunlarımıza hörmətsizlikdir. Kim bizim ərazimizdə yaşayırsa, o bizim qanunlarımız qəbul etməldir. Bax, hal-hazırda belə bir anlaşılmaz vəziyyət mövcuddur. Təxtibatların da kökü buradan qaynaqlanır. Onlar get-gedə sanki həvəslənirlər, snki revanşist fikirlərlə bir az da dirçəlirlər, bir az da getdikcə nəyəsə ümidləri artmağa başlayır. Bu da təsadüfi deyil. Yəqin ki, ümid verənləri, şirin vədlər verənləri var. Yəqin onları arxayın edənlər var ki, qorxmayın nə istəyirsinizsə edin, biz burdayıq. Sizi qoruyacağıq. Ancaq bu belə davam etməyəcək. Azərbaycan qətiyyətlə bunun qarşısını alacaq. Necə ki, 44 günlük müharibədə düşməni darmadağın etdik, məhv etdik, eləcə də qalan tör-töküntünü də təmizləyəcəyik. Bütün ərazimizə və sərhədlərimizə Laçın dəhlizi də daxil olmaqla özümüz nəzarət edəcəyik. Bizim başqa çıxış yolumuz yoxdur”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir