“Xarici sərmayənin cəlbi iqtisadi inkişafa təkan verəcək”

«İşğaldan azad olunan ərazilərimizin potensialı həmin ərazilərimizi xarici şirkətlər üçün cəzbedici edib».

Millitribuna.az xəbər verir ki, bu sözləri politoloq Yusif Bağıradə Dünya Bankının Azərbaycan üzrə 2021-ci il proqnozu ilə bağlı dərc etdiyi hesabatı şərh edərkən deyib. O bildirib ki, Dünya Bankının yeni proqnozuna əsasən, son dörd ildə ilk dəfə olaraq, 2021-ci ildə Azərbaycanın xaricdən cəlb etdiyi birbaşa investisiyaların həcmi ölkənin xaricə birbaşa investisiya qoyuluşunu üstələyəcək:

«Hesabatda qeyd olunub ki, 2021-ci ildə cəlb olunacaq investisiya ÜDM-in 1,3%-ni təşkil edəcək. İnvestisiya həcmində bu şəkildə artım heç şübhəsiz ki, iqtisadi inkişafa birbaşa təsir edəcək. Məlumat üçün bildirim ki, 2020-ci ildə Azərbaycan xaricə 825,3 mln ABŞ dolları dəyərində birbaşa investisiyalar göndərib və 55,5 mln. dollar məbləğində xaricdən birbaşa investisiya cəlb edib. Beləliklə, xalis birbaşa investisiya balansının kəsiri 769,8 mln. dollar və ya ÜDM-in 1,8%-ni təşkil edib. 2019-cu ildə isə ölkə xaricə 2 431,7 mln. dollar xaricə birbaşa investisiya qoyub və 1 053,1 mln. dollar birbaşa investisiya cəlb edib. Beləliklə, xalis birbaşa investisiya balansının kəsiri 1 378,6 mln. dollar və ya ÜDM-in 2,9%-ni təşkil edib. Bu onu göstərir ki, neçə müddətdir Azərbaycanın xaricə qoyduğu sərmayələrin həcmi ölkəyə cəlb edilən investisiyaların həcmini üstələyirdi.
Xarici investisiyanın cəlbi istənilən ölkə üçün prioritet hesab olunur. Çünki bu bir tərəfdən iqtisadi inkişafa təkan verir, digər tərəfdən isə ölkənin beynəlxalq imicinə müsbət təsir göstərir. Təbii ki, ölkənin özünün də beynəlxalq investor rolunda çıxış etməsi müsbət addımdır və bu istiqamətdə də Azərbaycan olaraq kifayət qədər uğurlar əldə edilib.

Ölkəmizdə beynəlxalq inteqrasiya ilə bağlı sağlam əsaslar mövcuddur və bu illər ərzində həm investisiyanın cəlb olunması, həm də xaricə investisiya qoyulması ilə bağlı balanslaşmış siyasət aparılmasına nail olmuşuq. Dörd ildən sonra Azərbaycana yatırılan xarici investisiyanın artmağa doğru getməsi isə heç şübhəsiz ki, həm həyata keçirilən balanslaşmış siyasətin həm də Vətən müharibəsindəki qələbəmizin nəticəsidir. İşğaldan azad olunan ərazilərimizin potensialı həmin ərazilərimizi xarici şirkətlər üçün cəzbedici edib və onlar da təbii olaraq sərmayə qoymaqda maraqlıdırlar”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *