Tıxaclar büdcəmizə necə təsir edir?

Hər gün qarşılaşdığımız tıxaclar vaxt itkisi ilə yanaşı səmərəli fəaliyyətimizə də əngəl olur. Eyni zamanda tıxaclar fərdlər və müəssisələr üçün birbaşa və dolayı əlavə xərclər yaradır.

Militribuna.az xəbər verir ki, hər il dünya iqtisadiyyatına tıxaclara görə dəyən ziyan ÜDM-in 2 faizini təşkil edir. Bu isə 1,47 trilyon dollara bərabərdir. Tıxaclar böyük şəhərlərdən olan Londona illik 15,2 milyard dollar, Parisə 12,9 milyard dollar, Moskvaya 10 milyard dollar, İstanbula 6,3 milyard dollar, Romaya 3 milyard dollar, Berlinə 2,9 milyard dollar maddi ziyan vurduğu qeyd olunur.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandırarkən ilk növbədə ölkəmizdə tıxacların yaranma səbəblərinə aydınlıq gətirib.

O bildirib ki, son vaxtlar Bakı şəhərində yollarda sıxlıq və tıxac mütəmadi olaraq müşahidə edilir, hətta müəyyən saatlarda sürücülər yola çıxmağa çəkinirlər:

“Bəzi küçələrdə daimi olaraq tıxac var. Xüsusilə də Mikayıl Hüseynov küçəsində, Neftçilər prospekti, Azneft meydanı yaxınlığında, Tbilisi, Heydər Əliyev, Ziya Bünyadov prospektlərində dəhşətli tıxaclar olur. Bəzən qeyri-pik saatlarda da tıxaclara rast gəlirik. Bu isə baş verən yol-nəqliyyat hadisələri, xüsusilə də texniki cəhətdən nasaz avtomobillərin yollarda qalması ilə əlaqədardır.

Həmçinin, yolun nəqliyyat yükü də çoxalıb. Metro işləmir və avtobuslarda hədsiz sıxlıq var. İnsanlar koronavirusa yoluxmamaq üçün şəxsi nəqliyyat vasitələrinə üstünlük verir, xüsusilə də tədris müəssisələrinə yollananlar övladlarını qorumaq məqsədilə şəxsi avtomobillərindən və ya taksidən istifadə edirlər.

Bu gün avtobus zolaqları da tıxaca səbəb olur. Bu zolaqlara daxil olmaq inzibati məsuliyyət yaradır və sürücülər 40 manat məbləğində cərimə olunurlar. Əhməd Rəcəbli, Rəşid Behbudov, Mikayıl Hüseynov küçələrində, Qara Qarayev, Neftçilər prospektləri boyunca və Bayraq meydanından Azneft meydanına qədər yaranan tıxaclara əsas səbəb məhz avtobus zolaqlarıdır. Həmin zolaqlara daxil olmayan sürücülər kilometrlərlə tıxacda gözləməli olurlar. Avtobuslar üçün zolaqları mövcud yollar hesabına deyil, əlavə zolaqlar hesabına yaratmaq daha əlverişli olardı”.

Tıxacların yaranmasında sürücülərin rolu da az deyil…

Ekspertin fikrincə, təəssüf ki, bəzən tıxacı sürücülərin özləri yaradır, hardasa yol nəqliyyat hadisəsi baş verdikdə sürücülər sürəti aşağı salaraq hadisə yerindən çəkiliş etməyə çalışır və hətta avtomobili saxlayıb seyr edirlər:

“Halbuki qarşıda yol tamamilə boşdur. Saatda 90 kilometr sürətlə gedilməli olan yolda 30-40 kilometr sürətlə gedirlər və bu tıxac yaradır. Şəhərin mərkəzi küçələrində isə bəzi sürücülərin səhlənkarlığı nəticəsində tıxaclar baş verir. Avtomobillərini yolun ikinci, üçüncü cərgəsində, piyada keçidlərinin, yol kəsişmələrinin yaxınlığında, döngələrdə parkinq edən şəxslər digər maşınların hərəkətinə mane olur.

Çox zaman sürücülər yol ayırıcılarında keçmə qaydalarını pozurlar. Bunun qarşısını almaq üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən sarı torlar çəkilib, lakin sürücülər bu qaydaları da kütləvi şəkildə pozurlar. Qanunda deyilir ki, qarşıda tıxac varsa yol ayırıcına daxil olmaq qadağandır. Əksər sürücülər isə işıqforda yaşıl işıq yanan kimi hərəkət edir və yolun ortasında qalırlar. Bu zaman sağdan və soldan gələn avtomobillərin hərəkətində də məhdudiyyət yaranır. Beləliklə intensiv hərəkət dayanır”.

Tıxaclar büdcəmizə necə təsir edir?

Tıxacların fərdi şəkildə insanlara təsirindən bəhs etməli olsaq ilk öncə “korlanan əsəblər”dən danışmaq olar. Dolayısıyla bu səhhətimizə mənfi təsir göstərir. İkincisi isə vaxt itkisi yaradır. Vaxt isə qızıldan da dəyərlidir. Bu iş əmsalına və günlük fəaliyyətimizə mənfi təsir edir. Hər gün hansısa elm adamı dərsə gecikir, onun tələbələrə verəcəyi tədrisin keyfiyyəti aşağı düşür, mühəndis işə gecikir və onun görəcəyi işin faiz dərəcəsi aşağı enir. Daha dəhşətlisi, təcili yardım avtomobili tıxacda qalan zaman nəticədə xəstə həyatını itirir. Bütün bunlar biri-birinə bağlı proseslərdir.

“Tıxaclar elə birbaşa cibimizə də ziyan vurur. Saatlarla tıxaclarda qalan sürücü boşuna yanacaq sərf edir. Bununla da vətəndaşlar ziyana düşür, büdcədən itirirlər. Bəzən tıxaclar zəncirvari qəzalara da səbəb olur və bunun da öz növbəsində gətirdiyi xərclər var”, — deyə Elməddin Muradlı əlavə edib.

Ölkə miqyasında iqtisadiyyata təsiri isə daha böyükdür…

Onun sözlərinə görə, dünya üzrə hər il tıxaclara görə milyardlarla dollar dəyərində xərc yaranır:

“Tıxaclar ətraf mühitə zərər vurmaqla yanaşı dövlətə və onun iqtisadi gücünə də təsir göstərir. Ətraf mühitin çirklənməsinə görə xərcləri dövlət qarşılayır. Hər il bu problemlərin aradan qaldırmasına külli miqdarda vəsait ayrılır. Saatlarla tıxacların olması avtomobillərdən ixrac olunan zəhərli qazların həcmini də artırır. Bu cür halların qarşının alınması üçün kompleks yanaşma tətbiq olunmalıdır. Şəhərdə nəqliyyat yükünü azaltmaq üçün yol şəbəkəsi genişləndirilməli, ictimai nəqliyyatın növləri artırılmalıdır. Elektrik mühərrikli və hibrid avtomobillərə, tramvay və trolleybuslara böyük ehtiyac var. Çünki onlar ətraf mühiti çirkləndirmir və insanların sağlamlığına zərər vurmur.

Bütün bu məsələlər Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin dekabr ayında imzalanmış “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapır. Təəssüf ki, pandemiyanın təsirindən, bəzi qurumların məsələyə səthi yanaşmasından hələ də bu proqram normal icra olunmur. Proqramın ümumiyyətlə icrası ilə bağlı ciddi işlər görülməyib. Ümid edirik ki, 2023-cü ilədək dönüş əldə etmək mümkün olacaq. Problem bəllidir və onun həlli yolları da var”.

Körpü və keçidlərin salınmasının tıxacların aradan qaldırılmasında əhəmiyyəti var 

O vurğulayıb ki, körpü və keçidlərin olması məsələyə ciddi təsir göstərir:

“Bəzi ərazilərdə yeraltı və yerüstü keçidlərin yoxluğu tıxaca səbəb olur. Bu yaxınlarda Xırdalan dairəsində genişləndirmə işləri aparıldı. Lakin, ərazidə hər gün tıxac yaranır. Çünki, dairədə qanunsuz taksi dayanacağı yaranıb. Bəzi sürücülər özbaşına dayanaraq sərnişin götürür və ya düşürdürlər.

Bəzən isə yerüstü keçidlər özü də tıxac yaradır. Çünki, piyadalar asfalt üzərində çəkilən zolaqlardan xaotik şəkildə istifdə edirlər və ya qrup şəklində hərəkət etmirlər. Piyada keçidindən fərd olaraq istifadə edirlər. Bu zaman sürücü onların hamısını gözləməli olur. Dünyanın bir çox ölkələrində keçidlər işıqforlarla nizamlanır. Azərbaycanda isə bu geniş yayılmış təcrübə deyil. Şəhərin mərkəzi küçələrində “28 May”, “Sahil”, “İçəri Şəhər”, “İnşaatçılar” metrostansiyaları yaxınlığında əsasən tıxacı yaradan piyadalar olur”.

Dünya üzrə hər il salınan yeni körpülərin iqtisadiyyata əlavə dəyər qatdığı qeyd edilir. Xüsusilə də logistika cəhətdən əhəmiyyətli vasitə hesab olunan körpülər tıxacların meydana gələn itkinin müəyyən hissəsinin bərpasına kömək edir. Lakin, bəzi ölkələrdə onların gətirdiyi gəlir tıxacların vurduğu ziyanı üstələyə bilmir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *