“Türküstanla Şuşanın çox ortaq cəhəti var” — Qazaxıstanın vilayət akimi

Millitribuna.az Qazaxıstanın Türküstan vilayətinin akimi Umirzak Şukeyevin “Report” agentliyinə müsahibəsini təqdim edir:

— Türküstanın Türk Şurası dövlət başçılarının qeyri-rəsmi sammitinin keçiriləcəyi məkan olacağı gözlənilirdi. Ancaq Qazaxıstanda pandemiya ilə bağlı vəziyyət öz təsirini göstərdi – sammit videokonfrans formatında keçiriləcək. Halbuki böyük təşkilati işlər aparılmışdı, şəhər qonaqları qəbul etməyə hazırlaşırdı. Bu barədə bizə bir qədər məlumat verə bilərsinizmi?

— Əvvəla, azərbaycanlı dostlarımıza Türküstanın bu mühüm tədbirə necə hazırlaşdığını danışmaq fürsəti verdiyinizə görə sizə təşəkkür edirəm. Qazaxıstanın sammit estafetini Azərbaycandan alması da rəmzidir. Türk Şurasının 2019-cu ilin oktyabrında Bakıda keçirilən son əyani görüşündə Birinci Prezident – Elbası Nursultan Nazarbayevə Türk Şurasının fəxri sədri statusu verilib. Prezident çıxışında “Türk dünyasının beşiyi” — Türküstan şəhərinin inkişafının vacibliyinə diqqət çəkib. Bu qeyri-rəsmi sammitdə isə Türküstanın Türk dünyasının mənəvi paytaxtı elan edilməsi gözlənilir.

İş ondadır ki, 2018-ci ildə Nursultan Abişeviç “Böyük çölün yeddi tərəfi” məqaləsini dərc edib. Burada diqqət ölkənin tarixinə və xalqın qlobal tarixdəki rolunun obyektiv dərk edilməsinə zərurətə yetirilib.

Məqalədə Nursultan Nazarbayev Qazaxıstan çölünün bəşəriyyətə bəxş etdiyi yeddi şeydən bəhs edir. Bunların arasında atçılıq mədəniyyəti də var. İnsan ilk dəfə məhz çöldə atı əhliləşdirib və bu, rabitə, təsərrüfat və hərbi işin inkişafına təkan verib. Eyni zamanda, Böyük Çölün qədim metallurgiyasını vurğulaya bilərəm. Əcdadlarımız daim yeni, daha güclü metalların istehsalını inkişaf etdiriblər və bu da onlara sürətlənmiş texnoloji tərəqqi üçün imkanlar açıb.

E.ə. VIII əsrdən bəri Avrasiyanın çöl bölgələrində “heyvan üslubu” adlanan yeni üslub geniş yayılıb. Bu üslub sənətkarlıqda əsasən dekorativ məqsədlər üçün istifadə edilib. Paltarlar, bürünc qazanlar, qurbangahlar, silahlar, at qoşquları və s. müxtəlif heyvanların təsvirləri ilə bəzədilib. Bu, insanla təbiət arasındakı əlaqənin rəmzi idi, mənəvi oriyentirlərimizə işarə edirdi.

Qızıl adam hər bir qazaxıstanlının qürur yeridir. Bir döyüşçünün bədii qızıl görünüşü qədim ustaların qızıl emalı texnikasına bələd olduqlarını göstərir. Bu həm də Çöl sivilizasiyasının gücünü və estetikasını əks etdirən zəngin mifologiyanı ortaya çıxarıb.

Növbəti tərəf birbaşa Türk dünyasının beşiyi olan Türküstanla bağlıdır. Geniş coğrafi sərhədlər çərçivəsində məkanı mənimsəmiş türklər köçəri və oturaq sivilizasiyaların simbiozunu yaratmağı bacarıb və bu da sənət, elm, mədəniyyət və ticarət mərkəzinə çevrilən Yassı (şəhərin qədim adı) da daxil olmaqla, orta əsr şəhərlərinin çiçəklənməsinə səbəb olub. Əlbəttə ki, bu baxımdan qlobal mal mübadiləsinin və xalqlar arasında intellektual əməkdaşlığın formalaşması və inkişafı üçün sabit platformaya çevrilmiş Böyük İpək Yolunu vurğulamamaq olmur.

Nəhayət, Qazaxıstanın cənubu alma və dağlaləsinin vətənidir. Bildiyimiz almalar Qərbi Tyan-Şan dağlarımızda yetişən Sivers alma ağacının meyvələrinin genetik müxtəlifliyidir. Həmçinin elmi baxımdan sübut olunub ki, dağlalələrinin əksər növlərinin əcdadı Qazaxıstanın “Qırmızı kitabı”na düşən Qreyq dağlaləsidir.

Sammitə hazırlıq üzrə böyük təşkilati işlərin olduğunu qeyd etməkdə tamamilə haqlısınız. Bu məsələdə iri miqyasda insan və texniki resurslardan istifadə olunub. Sammitin əsas tədbirləri “Ұлы Дала Елі” mərkəzində baş tutmalı idi. Bu muzey kompleksi də Nursultan Abişeviçin təşəbbüsüdür. Məhz o, Böyük Çölün qədim sənət və texnologiya muzeyinin yaradılmasını təklif edib. Muzeydə sənət və texnologiya nümunələr, müxtəlif tarixi dövrlərə aid arxeoloji komplekslər və tapıntılar nümayiş olunur.

Türküstan sakinləri sammitə hazırlıqlara böyük töhfə veriblər. Hər gün küçə və yolların abadlaşdırılması işləri aparılır. Parklar və xiyabanlar salınır, məqbərə və açıq səma muzeylərinin əraziləri, tarixi abidələrin ətrafındakı ərazilər abadlaşdırılır. Sammit iştirakçılarını beynəlxalq hotellər qəbul etməyə hazır idilər. Bir sözlə, Türk Şurası dövlətlərinin başçılarının uzun müddət Türküstanla bağlı ən xoş xatirələrini yaşatması üçün hər şeyi edirdik.

— 2020-ci ilin payızında Dağlıq Qarabağda gedən müharibə zamanı Azərbaycan qədim dövrlərdən bəri Azərbaycan mədəniyyətinin mərkəzi sayılan Şuşa şəhərini azad etdi. Türküstanla Şuşa arasında paralellər apara bilərsiniz? Bu iki şəhər qazax və Azərbaycan xalqlarının mədəni cazibə mərkəzinə çevrilə bilərmi?

— Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrinin birində Şuşa şəhərini regionun mədəniyyət mərkəzi olmağa layiq hesab etdiyini söyləyib. O, tarixi abidələrin bərpasını əsas vəzifələrdən biri kimi müəyyən edib, məscidlərin əvvəlki görkəminə qayıtması üçün əsaslı təmir işlərinin aparılmasına göstəriş verib. Gördüyünüz kimi, bu istiqamətdə Türküstanla Şuşanın ortaq cəhətləri çoxdur. Buraya turist mübadiləsi, ortaq mədəni proqramları da əlavə edin və qarşınızda ölkələrimiz arasında turizm istiqamətində ən əlverişli əməkdaşlıq üçün hər cür şərait yaranır.

— Sonda Azərbaycandakı oxucularımıza diləklərinizi çatdırmağınızı istərdim.

— Bu gün Türküstan vilayətində 18,5 mindən bir qədər çox azərbaycanlı yaşayır, Qazaxıstan onlar üçün vətən olub. Fəallar tərəfindən “Qarabağ” Azərbaycan Etnomədəni Mərkəzi yaradılıb.

Mərkəzdə gənclər qanadı, rəqs qrupu və Analar Şurası var. Etnomədəni birlik Azərbaycan xalq bayramlarını qeyd edir və Qazaxıstan Xalqları Assambleyasının Türküstan vilayətində keçirdiyi bütün tədbirlərin fəal iştirakçısıdır. Sahibkarlar isə regionun sosial-iqtisadi inkişafına töhfə verirlər.

Özbəkistanla sərhəddə yerləşən Keles rayonunda Azərbaycan kəndi var. Türküstan vilayəti Azərbaycan ABAD modelinin təcrübəsinə əsaslanaraq xalq dekorativ-tətbiqi sənətkarlığı sahəsində ölkənizlə əməkdaşlıq edir. Odur ki, bizi yalnız türk kökləri bağlamır.

Öz adımdan və bütün türküstanlılar adından Azərbaycan sakinlərini bahar bayramımız olan Novruz münasibətilə təbrik edirəm, onlara can sağlığı, rifah, sabitlik, firavanlıq və sülh arzulayıram. Sülh hamımız üçün əsas şeydir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *