Ermənistan olayları — Paşinyana göz dağı verilib

Öztarsu: «Müharibədən sonra isə Koçaryan və Sarqsyanın Moskva ilə danışıqlar aparmasına dair xəbərlər yayıldığından, ordunun mövcud iqtidardan duyduğu narahatlıq artıq üzə çıxdı»

Ermənistanda gözlənilmədən başlayan və bir həftəyə yaxın müddətdir ki davam edən hökumət böhranı öz kulminasiyasına çatmaqdadır. Belə ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı və onun rəhbəri Onik Qasparyan tərəfindən başladılan çevriliş cəhdi, həm iqtidar, həm də müxalifətin bir-birilərin ünvanına sərt ifadələr səsləndirməsi, paytaxt Yerevanda mitinqlər keçirməsi ilə nəticələndi. Ermənistan Baş naziri Nikol Paşinyanın Baş Qərargah rəisini istefaya göndərmək barədə qərarı isə ölkə prezidenti Armen Sarkisyan tərəfindən iki dəfə imzalanmadı. Sarkisyan bu qərarın özünün deyil, hələ 2018-ci ildə «Hərbi xidmət və hərbçilərin statusu» haqqında edilən dəyişikliklərin Konstitusiyaya uyğunluğunu nəzərdən keçirməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Bundan sonra Ermənistan Konstitusiyasına görə, Paşinyanın Onik Qasparyanı tutduğu vəzifədən azad etmək qərarı avtomatik qüvvəyə minəcək. Düzdür proseslərin inkişafı Paşinyanın xeyrinə ola bilər, lakin istefaya göndəriləcək Onik Qasparyanın və onu dəstəkləyən Ermənistan müxalifətinin belə asanlıqla təslim olacağını da gözləmək yanlış olardı.

Sputnik Azərbaycan Ermənistanda baş verən son olaylarla bağlı Türkiyənin «Strategic Outlook» beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu həmsöhbət olub.

Öztarsu qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ müharibəsi zamanı məğlubiyyətdən sonra xalq arasında azalan nüfuzu müxalifətin əlini gücləndirib: «Bundan əlavə, 2018-ci ildə Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarqsyanla bağlı cinayət işləri başlatmaqla daha çox düşmən kütlə qazanan Paşinyanın istefa tələblərinə cavab verməməsi ölkədəki narahatlığı artırdı. Çevriliş mövzusu, Paşinyan müharibə zamanı məğlubiyyət siqnalları aldığı zaman müxalif dairələrin dilə gətirdiyi mövzu idi. Müharibədən sonra isə Koçaryan və Sarqsyanın Moskva ilə danışıqlar aparmasına dair xəbərlər yayıldığından, ordunun mövcud iqtidardan duyduğu narahatlıq artıq üzə çıxdı».

Qafqaz üzrə ekspert bildirib ki, Koçaryan və Sarqsyan birbaşa çevrilişə cəhd etmələri kiçik bir ehtimaldır: «Hətta çevrilişin özünün baş tutması özü belə kiçik bir ehtimaldır. Çünki belə bir hadisə Ermənistanın dünyadakı imicini ciddi bir şəkildə zədələyər. Bunun əvəzinə, Paşinyanın istefaya məcbur edilməsi və bu prosesdə daha çox səhv etməsi müxalifətin istədiyi bir durumdur. Çevriliş cəhdi bəzi generalların öz iradəsi ilə yanaşı, onları arxa plandan idarə edən siyasətçilərin nəbz yoxlaması da ola bilər. Nəticə olaraq Paşinyana göz dağı verilmiş və siyasətdəki inam mühiti zədələnmişdi. Paşinyanın gələcəkdə siyasətdən kənara çəkilib, yerini sabiq rəhbərlərdən birinə verməsi ehtimalı da yüksəkdir».

Öztarsu vurğulayıb ki, hazırda baş verənlər Ermənistanın «Qafqazda demokratiya adası» fikrinə də zərər vurub: «Bundan sonra ermənilər özlərini regionun digər ölkələri ilə demokratiya planında müqayisə edə bilməyəcəklər. Eyni zamanda xalqın bir qisminin çevriliş cəhdini dəstəklədiyini nəzərə alarsaq, Ermənistan cəmiyyətinin demokratiyadan nə qədər uzaq olduğunu göstərdi. Hadisələrin Rusiyaya baxan istiqamətinə nəzər salsaq görərik ki, Paşinyanın «İskəndər» raketləri ilə bağlı söylədikləri sözlər onun Rusiyaya heç bir şəkildə güvənmədiyini göstərir. Onsuz da, Paşinyan hakimiyyətinin ilk anlarından bəri Moskva ilə məsafəli davranırdı. Böyük ehtimal Rusiya ilə aralarındakı münasibət bundan sonra da eyni soyuqluqla davam edəcək. Moskva isə onu «istənilməyən ortaq» olaraq dəyərləndirməyə davam edəcək».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *