Bakıda qanunsuz tikili və hasarlar sökülür

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırmalar zamanı Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yaxın ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olan torpaq sahəsinin işbazlar və müxtəlif vətəndaşlar tərəfindən qanunsuz olaraq zəbt edilərək hasarlanması, burada müxtəlif təyinatlı tikililərin inşa edilməsi faktı aşkar edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılov açıqlamasında bildirib ki, təşkil edilmiş komissiya tərəfindən ərazidəki müxtəlif təyinatlı tikili və hasarlanmış sahələrin sənədləri araşdırılıb: “Araşdırmalar nəticəsində müəyyən olunan pozuntuların aradan qaldırılması, buradakı tikili və hasarların sökülməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının texnika və işçi qüvvəsi tərəfindən 2 gün ərzində bu ərazidə zəbt edilən 15 sahənin hasarları və 3 ədəd qanunsuz tikili sökülərək 1,5 ha yaxın ərazinin təmizlənməsi işləri həyata keçirilib. Qanunsuzluqlara yol verən vətəndaşlara xəbərdarlıq edilib”.

İcra nümayəndəsi onu da vurğulayıb ki, işlərin aparılmasında əsas məqsəd qanunsuz torpaq zəbt edilməsi hallarının qarşısının alınması, paytaxtın daha da gözəlləşdirilməsi, vətəndaşların istirahətinin səmərəli təşkilidir: “Bu tədbirlər paytaxtın digər rayonlarında da keçirilir”.

Qeyd olunub ki, BŞİH tərəfindən şəhərin rayonlarında ayrı-ayrı işbazlar, vətəndaşlar tərəfindən səkilərin və hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş yerlərin, keçid meydançalarının qeyri-qanuni olaraq zəbt olunmaqla inşa olunmuş müxtəlif təyinatlı tikili və obyektlərin sökülməsi, zəbt olunmuş torpaq sahələrinin, yaşıllıqların hasarlarının sökülərək ərazilərin təmizlənməsi ilə bağlı işlər davam etdiriləcək. (apa)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *