“Azərbaycanın Alban Xristian mirası — Xudavəng məbədi” mövzusunda beynəlxalq konfrans keçirilib

Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin 27 sentyabrnda düşmənin işğalına, təxribatlarına son vermək, dinc əhalimizin təhlükəsizliyini təmin etmək üçün bütün cəbhəboyu əks – hücüma keçdi və qısa bir zaman kəsiyində — 44 gün ərzində 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı düşməndən azad edib.

Millitribuna.az xəbər verir ki, bu savaşdan sonra 30 ilə yaxın bir müddətə düşmən işğalı altında qalan yurdlarımızın necə dağıdıldığını, talan edildiyini gördük. Maddi-mənəvi, tarixi, dini abidələrimizin necə məhv edildiyinin, erməniləşdirilərək saxtalaşdırıldığının şahidi olduq. Ermənilər tərəfindən saxtalaşdırılan tarixi, dini abidələrimizin əksəriyyəti xristian keçmiş olan Qafqaz Albaniyasının xristian dini abidələri olmuşdur.
Bu səbəbdən Qafqaz Albaniyasının xristian abidələrinin gerçək tarixi və sahiblərinin Azərbaycan xalqı, Azərbaycan dövləti olduğunu dünyaya çatdırmaq, erməni yalanlarını ifşa etmək üçün davamlı tədbirlər, konfranslar keçirilir. Azərbaycanda yanvarın 23-də UNEC Multikulturalizm Mərkəzi və UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin təşkilatçılığı ilə “Azərbaycanın Alban Xristian mirası — Xudavəng məbədi” mövzusunda beynəlxalq konfrans keçirilib.

UNEC-də keçirilən konfransda Türkiyə Mardin-Diyarbakır Metropoliti Saliba Özmen, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Xudavəng monastırının vaizi Rafik Danakari, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, UNEC Multikulturalizm Mərkəzinin rəhbəri, professor Məhəbbət Paşayeva, Niderland Azərbaycan Mədəniyyət evinin sədri Elxan Mirhəşimli və Niderland Azərbaycan Mədəniyyət evinin mətbuat katibi Lalə Aydəmirova, Volqoqrad Dövlət Qulluğu Akademiyasının Tarix və siyasət nəzəriyyəsi kafedrasının professoru Riçard Danakari, Kanada Toronto Universiteti, Emmanuel Kollecinin professoru Nazilə İsgəndərova iştirak edirdilər. Konfrans Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynovanın moderatorluğu ilə keçirilmişdir. Konfrans iştirakçıları görülən tədbirlərdən söz açaraq, Azərbaycanın Qafqaz Albaniyası dövlətinin tarixindən, dövlətçiliyimizdə tutduğu yerindən danışdı, Qafqaz Albaniyası abidələrinin Azərbaycan xalqının və dövlətinin mirası olduğunu , bu abidələrinin tarixi-mədəni həyatımızda əvəzsiz yer tutduğunu nəzərə çatdırdılar.

Konfransın təşkilatçısı, UNEC Multikulturalizm Mərkəzinin rəhbəri, professor Məhəbbət Paşayeva çıxışı zamanı ermənilərin Alban kilslərinə qarşı saxtakarlıqlarını ön plana çəkərək bunu mövzu ilə baglı slaydların təqdimatı ilə iştirakçılarının diqqətinə çatdırdı. O bildirdi ki, ermənilər çar Rusiyasının birbaşa dəstəyi ilə 19-cu əsrdə Türkmənçay müqaviləsindən sonra Azərbaycan ərazisinə, xüsusən də Qarabağın dağlıq bölgəsinə yerləşdirilmişdir. Bu yerləşdirilmədən sonra ermənilər elə ilk vaxtlardan saxtakarlığa başlamış, özlərini Qafqazın ən qədim xalqı kimi göstərməyə çalışmıslar. Bu baxımdan onlar Azərbaycanın xristian keçmişi olan Alban Apostol kilsəsinin tarixini, xüsusən də Qarabağ ərazisində mövcud olan alban məbədlərini saxtalaşdıraraq özününküləşdirməyə başladılar.

Xristianlıq dövrü alban abidələrinin ermənilər tərəfindən mənimsənilməsinin əsas səbəblərindən biri də, Rusiyanın köməyi ilə 1836-cı ildə Alban Apostol kilsəsinin ləğv edilərək Erməni Qriqoryan kilsəsinə tabe edilməsidir. Rusiya çarlarının Qafqazdakı siyasəti, ermənilərə verdikləri önəm nəticəsində Alban kilsəsinin erməni qriqoryan kilsəsi idarəçiliyinə verilməsilə bütün alban kilsə və monastırları üzərində erməniləşdirmə oyunları başladıldı. Bunun üçün ermənilər alban məbədlərindəki özünəməxsus lokal, yalnız alban xristianlığına xas rəmz və simvollarla zəngin alban xaçları məhv edilərək qriqoryan xaç və yazılarla əvəzləyir, erməniləşdirməyə çalışırlar. Bu da tarixin saxtalaşdrılmasına gətirib çıxarır.

Professor Məhəbbət Paşayeva Alban xaç daşları haqqında da danışaraq bildirdi ki, Alban xaçları daha cox xristianlığa qədərki inamlar və kainat cisimlərini əks etdirən kompozisiyalarla zəngindir. Bu gün Azərbaycan xalqı bu təsvirləri butun milli ornamentlərində, xalıların ilmələrində yaşatmaqdadır. Alban xaç daşları üzərindəki belə özünəməxsus təsvirlər başqa xaç təsvirlərində rast gəlinmir. Bu baxımdan Qafqaz Albaniyasına məxsus ornament və simvolika ilə zəngin memarlıq abidələri spesifikdir. Buna görə də ermənilər hər zaman, xüsusilə də Azərbaycan ərazilərini işğal dövründə mədəniyyət abidələrimizin memarlıq quruluşunda və interyerində dəyişikliklər etmişlər.

Məhəbbət Paşayeva çıxışı zamanı Laçın rayonunda yerləşən Ağoğlan monastrı, Kəlbəcər rayonunda Xudavəng monastrı, Xocavənd rayonunda Amaras monastrı, Ağdərə rayonunda Müqəddəs Yelisey məbəd kompleksini, Ağdərə rayonunda Gəncəsər monastırları və digər Alban tarıxı abidələri ilə bağlı konfrans iştitakçılarına dolğun məlumat verdi. Çıxışının sonunda M.Paşayeva bildirdi ki, hər birimiz əminik ki, Azərbaycanın bütün bölgələrində olduğu kimi, işğaldan azad edilən Qarabağ bölgəmiz də çox qısa zamanda bütün insanlığa açıq multukultural dəyərlər məkanına çevriləcəkdir və erməni yalanlarına inanan bütün ölkələrdə tariximizin bir parçası olan Qafqaz Albaniyasının gerçək tarixini və gercək sahiblərinin kim olduğunu hər kəs öyrənəcək.

Konfransda çıxış edən Niderland Azərbaycan Mədəniyyət evinin sədri Elxan Mirhəşimli belə bir tədbirin təşkili üçün konfransın təşkilatçılarına öz təşəkkürlərini çatdırdı. Bildirdi ki, Niderland Azərbaycan Mədəniyyət evi vasitəsi ilə Niderlandda Qafqaz Albaniyasının tarixi, udin mədəniyyəti və ümümən Azərbaycan tarixi haqqında avropalılara məlumat verən , bu barədə maarifləndirici işlər aparan yeganə təşkilatdır. 20 il ərzində Niderlandda bir çox yerli xristian icmaları ilə görüşlər olub. Hər bir görüş və tədbirlərdə Azərbaycanın tarixi, mədəniyyəti barədə hərtərəfli məlumatlar verilir. Elxan Mirhəşimli 2016-cı ildə Niderlandda Azərbaycan multikulturalizmi mövzusunda geniş bir konfran keçirdiklərini və həmin konfransa Niderlandın bir çox yerli xristian icmaları və təşkilatlarının, kilsə nümayəndələrinin də dəvət edildiyini, Qafqaz Albaniyasının tarixi, maddi-mədəni, dini abidələri barədə geniş bilgilər verdiyini nəzərə çatdırdı.
Daha sonra tədbirdə çıxış üçün söz Niderland Azərbaycan Mədəniyyət evinin mətbuat katibi Lalə Aydəmirovaya verildi.

Lalə Aydəmirova da öz növbəsində “Azərbaycanın Alban Xristian mirası — Xudavəng məbədi” mövzusunda keçirilən beynəlxalq konfransa dəvət edildiyi üçün öz təşəkürünü bildirdi. Lalə Aydəmirova bildirdi ki, bu illər ərzində Azərbaycan həqiqətlərini, erməni işğalı və saxtakarlıqlarını xarici mətbuatda işıqlandırıblar. Erməni lobbisinin və onların təsirində olan avropa dövlətlərinin bütün təzyiqlərinə baxmayaraq haqq işimizin dünyaya çatdırılmasında geri çəkilməyiblar. Son hadisələrdən -Azərbaycan ordusunun düşmən üzərində qələbəsin və torpaqlarımızın azad edilməsindən sonra erməni yalanları, saxtakarlıqları və təzyiqləri daha da şiddətlənib. Erməni lobbisi Ermənistanın işğalçılıq siyasətini, bu yanlış siyasətin nəticəsi olaraq savaş çəbhəsindəki ağır məğlubiyyətini və saxtakarlıqlarını gizlətmək üçün özlərinin maliyyə və siyasi təsiri altında olan avropanın əksər dövlətlərinin nüfüzlu təşkilatları, dini icmaları, media qurumları vasitəsi ilə Azərbaycana qarşı yalan məlumatlar yayımlayır, Azərbaycanın haqq işinə, qazandığı qələbəsinə kölgə salmağa çalışırlar.

Lalə Aydəmirova qeyd etdi ki, bütün bünlarla bağlı hələ 44 günlük savaş dönəmində də Niderland Azərbaycan Mədəniyyət evinin təşəbbüsü ilə Niderlandda II kabinet üzvləri ilə görüşlər keçirilib. Bu görüşlər zamanı dəfələrlə şahidi olduq ki, Niderlandın II kabinet üzvlərinin əksəriyyəti erməni yalanlarının təsiri altındadır. Onlar elə düşünürdü ki, Azərbaycanın bütün tarixi, milli — mədəni sərvətlərinin, dini abidələrinin , xüsusən də Qafqaz Albaniyasına aid xristian abidələrinin hamısı ermənilərə məxsusdur. Və bu cürə bir neçə tədbirlərdən sonra biz belə qərara gəldik ki, artıq informasiya savaşına birlikdə daha sərt və hərtərəfli başlamalıyıq.

Lalə Aydəmirova sonda bir daha tədbir təşkilatçılarına öz təşəkkürlərini bildirdi və iştirakçıların diqqətinə çatdırdı ki, Niderlandda keçirəcəkləri hər bir tədbirlərdən öncə istər Azərbaycan , istərsə də Niderland mediası vasitəsi ilə xəbər veriləcək.

Tədbir iştirakçıları sonda erməni vandallarının maddi-mənəvi, tarixi, dini abidələrimizə qarşı törətdiyi vəhşiliyi, saxtakarlığı dünya ictimaiyyətinə çatdırılması üçün belə tədbirləri dünyanın müxtəlif ölkələrində davamlı olaraq keçirilməsi üçün verilən bütün təklifləri dəstəkləyərək qəbul etdilər.

DİQQƏT!: Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *