Yeni nazir Rəşad Nəbiyev kimdir? — DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Nəbiyev Azərbaycan Respublikasının Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar naziri təyin edilib.

Millitribuna.az xəbər verir ki, Rəşad Nəbi oğlu Nəbiyev 1977-ci il avqustun 26-da doğulub.

1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb, 2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.

Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək, 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.

1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində, 2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində çalışıb.

Azərkosmos ASC-yə sədr təyin edilməzdən əvvəl, 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 24 yanvar tarixli Sərəncamına əsasən Azərkosmos ASC-nin sədri vəzifəsinə təyin edilib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *