“Qarabağ maqnit kimi sərmayələri cəlb edəcək”

“Azərbaycanın bank sektorunda kifayət qədər pul var və likvid aktivlәrin həcmi 9 milyard manat olmaqla, ani likvidlik әmsalı normativini iki dәfә üstәlәyir. Üstəlik bankların kapital adekvatlığı da itkilәri qarşılamağa kifayәt edir”.

Millitribuna.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun fikrincə, hazırda likvidliyin iqtisadi artımın bərpasına istiqamətlənməsi əsas hədəfdir, real sektorda risklərin azaldılması üçün dövlətin kredit zəmanəti, kredit sığortası və kreditlərin subsidiyalaşdırılması kimi mexanizmlərdən daha geniş istifadə etməsi zəruridir:

“İpoteka və Kredit Zəmanəti Fondu, Sahibkarlığın İnkişafı Fondu, İnnovasiyalar Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi kimi dövlət qurumları subsidiya, zəmanət və güzəştli kreditlər təqdim etməklə banklar üçün real sektorda riskləri yumşaldırlar. Lakin bütövlükdə bu risklərin iqtisadi artıma mane ola bilməyəcək həddə endirilməsi üçün struktur islahatlarının davam etdirilməsi, maliyyә dәrinliyinin vә inklüzivliyinin yüksәldilmәsi məqsədəuyğundur. Həm də, iqtisadi artımı maliyyələşdirən təkcə banklar deyil, dünya təcrübəsində qiymətli kağızlar bazarı real sektora maliyyə cəlbində əhəmiyyətli rol oynayır. Çünki, fiskal genişlənmə fonunda Azərbaycanda pul təklifinin artması trendi qalacaq.

Məsələn, 2021-ci il dövlət büdcəsinin xərcləri 28,5 milyard manat olmaqla 2019-cu ilin faktiki icrası ilə müqayisədə 16,9 faiz, 2020-ci illə müqayisədə 5,9 faiz çoxdur. Bu məqamda deyək ki, bir tərəfdən inflyasiyanın səngiməsi və ÜDM-in azalması, digər tərəfdən isə manatla pul kütləsinin artması hesabına manatın dövretmə sürəti 4-ün altına düşüb. Fiskal genişlənmə monetar siyasətin konturlarını müəyyənləşdirir və pul təklifinin artımını əsaslandırır. Mərkəzi Bank genişləndirilmiş hökumətin tərkib vahidi kimi yeni kreditlər vermək və bazardan xarici valyuta almaqla manatla pul kütləsini artırır. Hökümət isə dövlət büdcəsinin kəsiri ilə pul kütləsini böyüdür. Pul təklifinin artmasına uyğun olaraq faizlərin enməsi üçün real sektordakı risklər də azaldılmalıdır ki, bankların risk antipatiyası azalsın. Bu halda Azərbaycanda pul multiplikatoru, yəni, bankların pul yaratmaq qabiliyyəti də yüksələcək və real sektor böyüyəcək. Bir sözlə, Azərbaycanda indiki makroiqtisadi sabitlik, likvidlik imkanları, fiskal fəza və nəqliyyat-logistika şəbəkəsi iqtisadi artımın yüksək trayektoriyaya keçməsinə əsaslar yaradır”.

Mərkəzin rəhbəri bildirib ki, ənənəvi banklarla paralel rəqəmsal bankçılıq və elektron kredit platformaları da Azərbaycanda daha geniş tətbiq edilə bilər:

“Azərbaycan həm də yerli şirkətlərin bazar kapitallaşdırılmasının ÜDM-ə nisbəti göstəricisinə görə də Avropa və Mərkəzi Asiyanın 27,8 faizlik həddinə çatması üçün böyük potensiala malikdir. Bütövlükdə, real sektorun maliyyələşdirilməsi həm bank sektorunun, həm də qiymətli kağızlar bazarının hesabına bir neçə dəfə artırıla bilər. Xüsusən də, Qarabağda tikinti-quruculuq işləri, iqtisadiyyatın dirçəlişi və həyatın canlandırılması üçün milyardlarla sərmayə qoyuluşuna ehtiyac var. İndiki halda Qarabağ maqnit kimi sərmayələri cəlb edəcək. Qarabağın inkişaf strategiyası çərçivəsində Azərbaycan hökumətinin nəzərdə tutduğu güzəştlər və təşviqlər bu bölgədə sərmayə qoyuluşunun gəlirliliyini artıracaq. Xüsusən də, Azərbaycanda Vətən müharibəsindən sonrakı əhvali-ruhiyyəni də nəzərə alıb Türkiyə, Pakistan, İtaliya, Macarıstan, İsrail və başqa ölkələrdən, habelə Azərbaycan diasporundan sərmayə cəlbi imkanları artıb”.

İcraçı direktor qeyd edib ki, həm fiskal, həm də monetar siyasət sabitlik və iqtisadi artımın balanslaşdırılmasına hədəflənib, iqtisadi artımın sürətlənməsi üçün fiskal stimullar həm də fiskal dayanıqlılıq baxımından qiymətləndirilməlidir:

“O cümlədən, borc dayanıqlığı, pensiya və səhiyyə sisteminin dayanıqlığı, vergi və büdcə sisteminin dayanıqlığı tələb edir ki, fiskal stimullar iqtisadi artımı sürətləndirsin. İqtisadiyyatın növbəti 10 ildə iki dəfə artırılması hədəfinə uyğun olaraq illik artım tempinin orta hesabla 7,2 faizə çatdırılması lazımdır.

İqtisadi artımın davam etdirilməsi üçün fiskal və monetar siyasətlə yanaşı, biznes mühitinin təkmilləşdirilməsi, dövlət təşviqlərinin verilməsi, Azərbaycanın regional layihələrdə iştirakı, bazarlara çıxış imkanı və ən əsası inamın olmasıdır. Azərbaycanın yaratdığı yeni geoiqtisadi reallıqda regionda kommunikasiyaların açılması və Qarabağın reinteqrasiyası ölkəmizdə iqtisadi artımı sürətləndirə bilər”.(oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir