Rüşvətlə mübarizə: İşğaldan azad olunmuş torpaqlarımıza korrupsiyanı buraxmamalıyıq!

Siyasi şərhçi Xəyal Bəşirov yazır…

Cəmiyyətimizdə yanacağın qiymətinin artması və bundan dolayı qiymət artımlarının olacağı ilə bağlı ciddi narahatlıq var. Bu, təbiidir və hər nə qədər dövlət süni qiymət artımı ilə mübarizə tədbirləri görsə də, təbii qiymət artımı baş verir və verəcək. Bu artımın zamanlama baxımından uğursuz olduğunu qeyd etsək də, ümumilikdə bu prosesin qarşısının alınmasının qeyri-mümkünlüyünü də vurğulamaq lazımdır. Ancaq ötən ilin martından başlayaraq pandemiya dövrü, sonradan isə müharibə, dövlətimizlə yanaşı, hər bir insanımızın da həyatında çox ciddi çətinliklər yaradıb.

Dövlətin bu ilki büdcəsində maaşların, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərində artımlar nəzərdə tutulsa da, bu, bütün insanlarımızı əhatə etməyəcək. Çünki heç birimizdən gizlin deyil ki, pandemiya ilə bağlı zəruri tədbirlər işsiz vətəndaşlarımızın sayının artmasına çox böyük təsir göstərib. Bu məsələnin həllində ən böyük rolu oynayacaq amil isə işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı tikinti və bərpa işlərinin aparılması olacaq. Ötən 10-15 il ərzində Bakı şəhərindəki tikinti bumundan daha böyük tikinti işlərinin gedəcəyi məlumdur. Ölkənin 20% ərazisinin tam bərpası faktı özü-özlüyündə buna izah gətirir. Məhz bu səbəbdən dövlətimiz prosesin maksimum tez bir zamanda başlanılması üçün ərazilərin minalardan və terrorçulardan təmizlənməsini sürətləndirməkdədir.

Məlumdur ki, genişmiqyaslı tikinti işlərinin aparılması ilə bağlı həmin ərazilərdə çoxlu sayda iş yerləri açılacaq və on minlərlə ailəyə qazanc gələcək. Ancaq hər bir halda çox qısa zamanda başlanılacaq bu prosesə də ciddi nəzarət olunmalıdır. Həmin prosesdə qanunsuzluqların qarşısı alınmalı və maksimum sayda öz vətəndaşlarımız ora cəlb olunmalıdır. Eyni zamanda görünür ki, korrupsiya ilə mübarizə tədbirləri daha da genişləndiriləcək və sərtləşdiriləcək. Ən azından müqəddəs şəhidlik və qazilik dərəcələrinə yüksəlmiş igid övladlarımızın qanına bulaşmış azad edilmiş torpaqlarımıza korrupsiyanın və rüşvətin ayaq açmasına ciddi şəkildə mane olmalıyıq. Uca Tanrı xalqımızı və dövlətimizi qorusun və bu son çətinliklərdən də qalib çıxmağı bizə nəsib etsin.

DİQQƏT!: Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *