“UEFA-nın “Qarabağ”a verdiyi cəza hüquqaziddir” — Türkiyəli vəkil

Türkiyəli vəkil Qayə Qürur Günal “Fubol+” qəzetinə müsahibə verib. 

Millitribuna.az həmin müsahibəni təqdim edir:

— “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov “feysbuk”dakı paylaşımına görə futboldan ömürlük uzaqlaşdırılıb və Ağdam təmsilçisi 100 min avro cərimə olunub. Bundan sonra klub apellyasiya şikayəti verib. Hazırda proses nə yerdədi?

— Əvvəlcə Nurlan bəyə və “Qarabağ”a verilən qərarla bağlı UEFA apellyasiya məhkəməsinə müraciət etdik. Hazırda bu məsələnin sənədləri qurumda incələnir. UEFA-nın Nurlan bəyin “feysbuk” üzərindən etdiyi paylaşımla bağlı “Qarabağ”a verdiyi maliyyə cəzası tam hüquqaziddi. Şəxsi fikirlərə görə klubun cəzalandırılması mümkün olmadığı kimi, futbolla əlaqəli də heç nə yoxdu. Həmin proses nə hansısa qarşılaşma əsnasında, nə də stadionda baş verib. “Qarabağ”a aidiyyatı belə yoxdu. Klub işçisinin idman və əsasən də futbol ilə heç bir əlaqəsi olmayan şəxsi fikirləri, sadəcə, özünə aiddi.

— UEFA Nurlan İbrahimovun şikayətini qəbul etməyib. O və vəkili CAS-a müraciət edib. Sizcə, “Qarabağ”ın sabiq mətbuat katibinin cəzası ləğv oluna bilərmi?

— UEFA-nın öz təlimatlarında yer alan qərarlarda açıq şəkildə qeyd olunub ki, qurum ancaq Avropa futbolu ilə əlaqəli olan, özünün təşkil etdiyi yarışlar zamanı baş verən proseslərlə bağlı söz sahibidi. Bu məsələnin də yuxarıda qeyd olunanlara aidiyyatı yoxdu. CAS-ın qərarlarına əsasən ölkədaxili idman yarğılanması aparılmalıdı və bunu etmək hüququ olan tək qurum Azərbaycan Futbol Federasiyaları Assosasiyasıdı. UEFA-nın ölkədaxili qərar vermək hüququnu yox sayaraq, hadisədən 2 gün sonra, federasiyaya heç bir xəbərdarlıq etmədən araşdırma başlamasının özü belə hüququn tapdalanmasıdı.

— UEFA-nın “Qarabağ”a kəsdiyi pul cəriməsi ləğv edilə və ya azaldıla bilərmi?

— Bilirsiz ki, ötən günlərdə Çempionlar Liqasının PSJ – “İstanbul BŞ” qarşılaşmasında rumın hakim irqçilik etmişdi. Bu məsələni “Qarabağ”ın problemi ilə eyniləşdirsək, UEFA öz hakimini qurumun təşkil etdiyi yarış zamanı etdiyi hərəkətə görə cəzalandırmalıdı. Ya da Rumıniya Futbol Federasiyasına cəza verməlidi. Bunu etmədiyinə görə UEFA-nın “Qarabağ” haqda verdiyi qərarın hüquqazidd olduğu açıq şəkildə görünür.

— UEFA-nın Nurlan İbrahimovun paylaşımına görə həm klubu, həm də onun özünü cəzalandırması doğrudumu?

— “Mançester Yunayted”in futbolçusu Edison Kavani də sosial şəbəkədə irqçi paylaşım etmişdi. UEFA ancaq uruqvaylı futbolçunu cəzalandırdı. Bu qərarı da nəzərə alsaq, Avropanın ali futbol qurumunun “Qarabağ”a münasibətdə haqsız olduğunu və ikili standartlara yol verdiyini açıq-aydın görərik.

— Qayə xanım, “İnter”lə yaşanan problemdən sonra “Qarabağ”la bağlı məsələlərdən kənarda qalmışdız. İndiki problem üçün klub sizə müraciət etdi, yoxsa siz öz köməyinizi təklif etdiz?

— Mən “Qarabağ”dan heç vaxt ayrılmamışam. Klubun UEFA və CAS-dakı işlərinə baxıram.

— Türkiyədə CAS-dakı problemlərlə bağlı ixtisaslaşmış şəxs varmı? Varsa, ondan kömək almısızmı?

— Deyəsən, məsələ ilə bağlı dolğun məlumatınız yoxdu. Mən İdman Hüququ mövzusunda dərs deyirəm. Beləliklə, öz məhkəmə işlərimdə kiminsə köməyinə ehtiyacım yoxdu.

— Klubdan bizə verilən məlumata görə, məsələ ilə iki türkiyəli vəkil maraqlanır. Biri sizsizsə, digəri kimdi?

— Bu məsələ ilə ancaq mən məşğul oluram. Digəri şirkətimin əməkdaşıdı. “Qarabağ”ın hüquqşunası olmağım gizli məsələ deyil. “İnter”lə oyun zamanı da belə idi, indi də. UEFA-nın “Qarabağ”a 100 min avro cərimə kəsməsi ilə bağlı apellyasiya müraciəti etmişik. Hazırda qurumdan cavab gözləyirəm. Onlar bizə məlumat verən kimi sizi də xəbərdar edəcəyik.

— “Qarabağ” nədən Nurlan İbrahimovun da müdafiə olunması üçün sizi məsləhət bilmədi?

— Bu, klubla danışacağınız məsələdi. Mən, sadəcə, hüquq haqda danışa bilərəm. Şou xarakterli suallara cavab verə bilməyəcəm. Hüquqi qərar veriləndə sizə məlumat verəcəm.

— Gəlin, hüquqi prosedur haqda danışaq. Bu problemlə oxşar bir hadisə yaşanıb. Fələstin Futbol Federasiyasının prezidenti Cibril Rajub 2019-cu ilin iyulunda FIFA tərəfindən birilliyə futboldan uzaqlaşdırılıb və onun rəhbərlik etdiyi quruma pul cəriməsi kəsilib. İsrail – Argentina matçı Qüdsdə keçirildiyinə görə Rajub həmyerlilərinə “gəlin, Messinin formalarını yandıraq”, – deyə müraciət etmişdi. FIFA onu irqçiliyi və şiddəti dəstəkləyən fikirlərinə görə cəzalandırmışdı. Fələstin Futbol Federasiyasının rəhbəri də bu səbəbdən CAS-a müraciət etmişdi. Lakin qurum onun şikayətini təmin etmədi. Rajub ilə Nurlan İbrahimovun cəzalandığı maddə eynidi. CAS bu məsələdə FIFA-nın tərəfində durubsa, indi “Qarabağ”ın müraciətini qəbul edərmi?

— Biz özümüzü müdafiə etmək üçün bütün lazımi sənədləri göndərdik. Haqlı olduğumuza şübhə etdiyimiz heç bir məhkəməyə baş vurmuruq. “Qarabağ”ın haqlı və kluba verilən cərimənin haqsız olduğuna əminik. Bu səbəbdən də sona qədər özümüzü müdafiə edəcəyik. Məhkəmənin nəticəsini qərar açıqlananda sizinlə detallı bölüşəcəyik.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *