Millimizin kapitanına vəzifə verildi

Məlum olduğu kimi, sərbəst güləş üzrə millimizin kapitanı Cəbrayıl Həsənov idmançı karyerasını başa vurub.

Millitribuna.az xəbər verir ki, titullu güləşçimiz bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək. Belə ki, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin müvafiq əmrinə əsasən, Cəbrayıl Həsənov sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi vəzifəsinə təyin olunub. Bu komandada Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyev məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Bu gün Namiq Əliyev gənc mütəxəssisə idmançı kimi göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona yeni vəzifəsində uğurlar arzulayıb. Federasiyanın rəhbəri bundan sonra sərbəst güləş üzrə böyüklər ibarət yığma komandanın kapitanının Şərif Şərifov olacağını bildirib.

Xatırladaq ki, Cəbrayıl Həsənov Rio Olimpiadasında bürünc medal qazanmaqla yanaşı, 2 dəfə dünya ikincisi, 3 dəfə Avropa çempionu, ilk Avropa Oyunlarının bürünc medalçısı olub. Həsənov ümumilikdə dünya və Avropa çempionatlarında 12 dəfə fəxri kürsüyə qalxıb.(oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir