«Orta məktəblərdə hüquq fənni keçirilməlidir» — Elnur Fərzəliyev

 

Azərbaycanın  orta məktəblərində keçirilən dərslərə və dərsliklərə nəzər salsaq, əksər dünyəvi elmlərin tədris olunduğunu görə bilərik.

Təkcə riyaziyyat elminə bağlı çox sayda dərslər var ki, onların hər biri əlavə dərslik kimi keçirilir. Bu isə hər bir şagirdin müəyyən qədər müxtəlif elmlərdən məlumatlı və savadlı olması deməkdir. Azərbaycan ilk onluqda olan ölkələrdən biridir ki,  ölkəmizdə  təhsilsiz insan yox səviyyədədir. Faiz nisbəti ilə götürsək, tam ali təhsilli insanlarımızın sayı daha çoxdur.

Təəssüf ki,  insanlarımızın savadlı və elmli olmasına baxmayaraq əksər hallarda müxtəlif sahələr üzrə onların hüquqlarının pozulması halları ilə üzləşirlər. Bu cür hallarla  üzləşən şəxslərə  HƏR KƏS ÖZ  HÜQUQUNU BİLMƏLİDİR  məsləhəti  verilir. Çünki istənilən ətəndaşın, hətta hər bir orta məktəb  şagirdinin də öz hüquqlarını bilməsi vacibdir. Ölkəmizdə 11 illik orta təhsil dövründə bütün sahələr üzrə elmlər öyrədilsə də, hüquq  sahəsi tədris olunmur.

Artıq uzun illərdir ki, Azərbaycan öz müstəqilliyini qazanaraq demokrat ölkə statusu alıb.  İqtisadiyyatımız, ordumuz və digər sahələr bu müstəqillik dövründə yetəri qədər formalaşaraq inkişaf edib. Bu inkişafın əsas  fonunda dayanan öz hüquqlarını bilən,  formalaşmış insan amilidir. Təəsüf ki, ölkəmizdə hüquqlarını tam bilən insan mütləq şəkildə ya hüquqşünas, ya da  bu sahənin həvəskarı olur. Yaxşı olardı ki, aşağı siniflərdən başlayaraq  11-ci sinifə qədər bütün orta təhsil müəssisələrində hüquq dərsləri tədris olunsun.  Uşaq hüquqlarından tutmuş konstitusiya və qanunvericiliyimizə qədər şagirdlərə əlavə dərs saatları ayrılaraq  keçirilməlidir. Bu günə qədər baş vermiş minlərlə cinayət hadisələri, hüquq pozuntuları, korrupsiya və cinayətkarlığa sövq edən və digər xoşagəlməz hadisələr sırf vətəndaşların öz hüquqlarını yetərincə bilməməsindən yaranır.

Əgər bir vətəndaş törədəcəyi işin cinayət halı olduğunu bilərsə və bu fonda onu hansı cəzanın gözlədiyini anlayarsa,  cinayət tərkibli hər hansısa addımı atmaqdan  uzaqlaşar. Bu gün orta məktəbi bitirən bir şagird bioloq olmaq qərarına gəlibsə,  ona 11 il cəbr, həndəsə və sair dərslər vacib dərs kimi keçirilir. Halbuki tədris olunan digər  fənnlər bir ömür boyu ona heç lazım olmaya bilər. Hər bir vətəndaşın bir  ömür boyu öz hüquqlarını bilməsi isə vacibdir.

MilliTribuna.az saytının baş redaktoru,  araşdırmaçı jurnalist Elnur Fərzəliyev

DİQQƏT!: Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *