Binəqədi qəsəbə bələdiyyəsinin vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib

Binəqədi qəsəbə bələdiyyəsinin bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Abışov Sahib Abdulla oğlunun qanunsuz hərəkətləri ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Millitribuna.az-a bildiriblər ki, istintaq zamanı Sahib Abışovun ayrı-ayrı vaxtlarda həmin bələdiyyənin sədri və sədr müavini vəzifələrində işləmiş Niftiyev Niyaz Məmmədəli oğlu və Nəsibova Mətanət Hüseyn qızı ilə qabaqcadan əlbir olub ümumilikdə 51 nəfərdən müxtəlif məbləğlərdə rüşvət alınması müqabilində onların ölkə ərazisində tətbiq edilmiş karantin dövründə qanunsuz olaraq sərbəst hərəkət etmələri üçün saxta arayışların verilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Həmin qanunsuz hərəkətləri ilə Sahib Abışov, Niyaz Niftiyev və Mətanət Nəsibovaya Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) 311.3.2-ci, (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Prokurorluq orqanları tərəfindən bundan sonra da bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyənləşdirilərək aradan qaldırılması, xüsusi karantin rejimi qaydalarını pozmuş şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi və bu sahədə baş verən neqativ halların qarşısının alınması istiqamətində zəruri tədbirlərin davam etdirilməsi təmin ediləcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *