“29 il keçsə də, hər qarışı yadımdadır” – Elnur

“Sonuncu dəfə Ağdama 1991-ci ildə getmişdim. Baba yurdum Gülaflı kəndində yerləşirdi. Oranın hər bir qarışı yadımdadır. 29 il sonra baba yurdumun azad edildiyini eşitmək sevindiricidir”.

Millitribuna.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında stilist Elnur Həsənov deyib. Əslən Ağdamdan olan stilist bildirib ki, yenidən o torpaqlara gedəcəyi günü səbirsizliklə gözləyir:

“Ailəmlə birlikdə Bakıda yaşayırdıq, amma hər yay gedirdik 2-3 ay orada qalırdıq. Babamın, əmim və bibilərimin orada evi var idi. O vaxtlar yaşım az olsa da, oranın hər qarışı yadımdadır. Gözəl günlər keçirmişəm. Özüm məcburi köçkün olmasam da, mənim bibilərim, əmim köçkündür. Onların yenidən yurdlarına qayıdacaqlarına da sevinirəm.

Bəlkə də çoxları inanmaz, amma mən orada olan ağacları belə xatırlayıram.Hər səhər saat 6 da oyanıb su gətirməyə, heyvanları görməyə tələsirdim. Kəndimizdə məscid, şamla isinən qədim hamam var idi. Təbii ki, indi onlardan düşmən əsər-əlamət qoymayıb qalsın. Amma əminəmki, hər bir şey yenidən bərpa ediləcək. Sevə-sevə mən də yenidən kəndimizə gedəcəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir