Altıağacda bankomat problemi: Vətəndaşlar rayon mərkəzinə getməli olur

Bölgələrdə insanlar bankomat problemindən ciddi əziyyət çəkir…

Millitribuna.az xəbər verir ki, hazırda 3 milyona yaxın şəxs dövlət büdcəsindən müxtəlif təyinatlı ödəniş alır ki, bunların da təxminən 1,3 milyon nəfərini pensiyaçılar təşkil edir. Pensiyalarla yanaşı büdcə işçilərinin maaşları, sosial müavinətlər, təqaüdlər və s. debet kartları vasitəsilə alınır. Həmin kartlara isə yalnız 2 bank – Beynəlxalq Bank və Kapital Bank xidmət göstərir. İki bankın sərəncamında olan bankomatların ümumi sayı 1167-dir. Deməli, bu halda 1 bankomatın öhdəsinə 2570 nəfər pensiyaçı və ya büdcə işçisi düşür.

Azərbaycanın xüsusən də kənd və qəsəbələrində  isə bankomat probleminin mövcudluğu vətəndaşlar üçün müəyyən çətinliklər yaradır. Belə ki, kənd yerlərində yaşayan vətəndaşlar neçə kilometrlərlə yolu rayon və ya bölgə mərkəzinə gələrək, bankomatdan pul çəkməli olur. Kart sahiblərinin 85 faizinin nağdlaşdırma əməliyyatına üstünlük verdiyini nəzərə alsaq, bu halda kənd yerlərində yaşayan insanların bankomat problemi özünü daha da qabarıq şəkildə büruzə verir.

Onu da qeyd edək ki, əksər kəndlərimizdə bankomatla yanaşı, ödəmə terminallarının olmaması da əsas problemlərdən biridir. Bu məkanlardan biri də Xızı rayonunun Altıağac qəsəbəsidir. Xızı rayonunun tanınmış turizm məkanlarından olan Altıağac rayon mərkəzindən 12–14 km aralıda yerləşir. Əhalisinin sayı 1400 nəfər olan bu qəsəbədə bankomat və ödəmə terminallarının olmaması xüsusən də təqaüdçülər üçün narahatlıq doğurur. Belə ki, yaşlı insanlar hər ay təqüd vaxtı qəsəbədən rayon mərkəzinə getməli olurlar. Eyni zamanda qəsəbədə yolların işıqlandırılmaması vətəndaşların narazılığına səbəb olan əsas məsələlərdən biridir. Digər önəmli amillərdən biri də bu qəsəbənin turistlər üçün əlverişli olmasıdır. Yerli və xarici turistlərin bakomat və ödəmə terminallardan istifadə edə bilməməsi isə Altıağacın turizm məkanı kimi tanınmasına əngəl törədə bilər. Bu baxımdan qəsəbənin mövcud problemlərinin həll olunması istər vətəndaşların sosial rifahı, istərsə də iqtisadi inkişaf baxımından müsbət təsirə malik ola bilər.

Millitribuna.az olaraq, aidiyyatı qurumların mövcud problemin aradan qaldırılmasına dəstək olacağına ümid edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir