«Ermənilərin abidələrimizi dağıtması bütün bəşər mədəniyyətinə qarşı təcavüzdür»

Ermənilərin Azərbaycana qarşı işğalının və terror əməllərinin hədəflərindən biri də məhz tarixi-dini abidələrimizdir.

Millitribuna.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Milli.Az bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş «Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı», «Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı» və «Yerli əhəmiyyətli daşınmaz tarixi mədəniyyət abidələrinin siyahısı»na əsasən, dövlət qeydiyyatına alınmış, Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin ümumi sayı 900-dən çoxdur:

«Əslində, bu siyahıya düşməyən, xalqımızın Qarabağdakı varlığını, milli kimliyimizi özündə daşıyan minlərlə tarixi abidə olub. Bəzi məlumatlara görə, dövlət qeydiyyatında olmayan abidələrin sayı 1500-dən artıq, beynəlxalq əhəmiyyətli abidələrin sayı onlarla, qəbiristanlıqların sayı isə 900-dən çoxdur. İşğal altındakı torpaqlarımızda tarixi-dini abidələrin təqribi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahdır.

Azərbaycan çoxkonfessiyalı ölkədir və burada tarixən müxtəlif dini və mədəni abidələr mövcuddur. Əsrlərdir dinindən, dilindən, milli mənsubluğundan asılı olmayaraq ölkəmizdə yaşayan hər bir xalqa məxsus olan mədəni, dini abidələr yüksək səviyyədə qorunub. Tarixi-dini abidələr xalqın təkcə tarixi deyil, həm də mənəvi, ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır. Bu baxımdan ermənilərin tarixi-mədəni abidələri, o cümlədən məbədlərimizi məhv etmələri erməni xislətinə uyğun hərəkətdir. Onlar bu yolla bizim minilliklər ərzində yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək istəyirlər».

Qurum bəyan edir ki, ermənilərin tarixi-dini abidələrimizə qarşı vandal davranışları müxtəlif istiqamətlərdə aparılır:

«Milli mənsubiyyəti və qədim tarixi, milli, dini ənənələri özündə ehtiva edən abidələr tamamilə uçurulur. Bu abidələrin erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhd edilir. İşğal altındakı abidələr, o cümlədən digər mədəniyyət göstəriciləri dağıdılır, təmir adı altında dəyişdirilir, təhqir olunur.

Beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün bəşər mədəniyyətinə qarşı təcavüzdür.

Düşmənimizin təmir-bərpa işləri bəhanəsi ilə Qarabağın incisi Şuşa şəhərində yerləşən «Yuxarı Gövhər ağa» məscidinin daxili interyerində ciddi dəyişiklik etməsi, tarixi abidənin bədii-estetik dəyərlərinə zərər vurması, guya bu abidənin Azərbaycan xalqına mənsub olmaması barədə iddialar irəli sürməsi onların «özgələşdirmə və özününkiləşdirmə» siyasətini bir daha sübut edir. İşğalından bir il sonra yandırılan Ağdam Cümə məscidindən tövlə kimi istifadə edilməsi faktı bütün dünya ictimaiyyətinə məlumdur. Həmçinin işğal olunmuş rayonlarımızda yerləşən və erməni kilsəsinə heç bir aidiyyəti olmayan tarixi Alban xristian kilsələrinin mülkiyyəti mənimsənilib, arxitektura xüsusiyyətləri dəyişdirilərək erməni abidələri kimi təqdim edilir. Ermənistan ərazisində tarixi Azərbaycan torpaqlarında Azərbaycan xalqına məxsus mədəni irs də eyni aqibəti yaşayır».

Qeyd edilir ki, 2016-ci ildə baş verən Aprel döyüşləri zamanı da Ermənistan silahlı birləşmələrinin törətdiyi təxribatlar nəticəsində Ağdam və Tərtər rayonlarının ərazilərində başqa məntəqələrlə yanaşı, XIX əsrə aid olan tarixi-dini abidələr də erməni vandalizminə məruz qaldı, bəzi məscidlərə isə ciddi ziyan dəydi:

«27 sentyabrdan etibarən Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutması hərbçilərimiz, mülki şəxslərimizlə yanaşı, abidələrimizdən də yan keçmədi. İşğalçı mənfurların yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrinin Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa düşməsi dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə və Gəncədəki tarixi abidəyə ziyan vurub.

Hazırda Ermənistan işğalçı və şovinist siyasət aparmaqla beynəlxalq və regional təhlükəsizlik, bölgədə sülhün və sabitliyin təmin olunması üçün ciddi təhdid yaradır. Ermənistan tarixi saxtalaşdırmaq şousundan, ölkəmizə qarşı əsassız ərazi iddialarından əl çəkməli, beynəlxalq hüquqi tələbləri yerinə yetirərək işğal etdiyi Azərbaycan ərazilərini tərk etməlidir.

Azərbaycan güclü dövlətdir, erməni terrorizminə və vandalizminə layiqli cavab verir, Ermənistanın kriminal-quldur rejimi etdiyi təxribatlara görə şanlı Azərbaycan Ordusundan tutarlı və layiqli cavab alır.

Dini dəyərlərə daim yüksək diqqət və qayğı göstərməsilə seçilən Prezident İlham Əliyev xalqa 4 oktyabr tarixində etdiyi müraciətində ermənilər tərəfindən Azərbaycanın tarixi-mədəni irsinin silinməsi cəhdlərinə son qoyulacağını, ərazi bütövlüyümüz tam bərpa edildikdən sonra dağıdılmış bütün məscidlərimizin bərpa ediləcəyini bildirdi».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *