Çoxmənzilli binalarla bağlı təklif: Tikildiyi və istismarının bitəcəyi il qeyd olunsun

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev yazır…

Paytaxt Bakı və digər böyük şəhərlərimizdə Sovetlər dövründə tikilmiş yüzlərlə çoxmənzilli yaşayış binaları mövcuddur. Bu gün həmin binaların çox böyük hissəsi artıq istismar müddətini başa vurmuş hesab olunur. Həmin dövrlərdə inşa olunan binalarda standart layihələrlə yanaşı, istismar müddətinin bitəcəyi zaman da nəzərə alınırdı. Məsələn, 1960-cı ildə inşa olunmuş «xruşovka» layihəli binanın istismar müddətinin 2010-cu ildə bitəcəyi qeyd olunurdu. Yəni, daşdan tikilmiş 5 mərtəbəli bir yaşayış binasına 50 il istismar müddəti verilirdi.

Binanın istismar müddəti təkcə daş və suvaq hissələrinin köhnəlməsi ilə deyil, həmçinin zirzəmi, bünövrə, şaxtalar, eyvanlar, pilləkənlər, havalandırma sistemləri, elektrik və digər əsas daşıyıcı kommunal xətlərinin köhnəlməsi ilə hesablanır. Bu gün artıq həmin istismar müddətini bitirmiş binalara banklar da ipoteka kreditləri ayırmır. Artıq 2018-ci ildən başlayaraq, istismar müddətini bitirmiş və qəzalı hesab olunan köhnə yaşayış binaları sökülərək yeniləri ilə əvəzlənir.

Ölkəmizdə tikinti sektoru 2000-ci ildən başlayaraq, çox böyük sürətlə inkişaf etməyə başladı. Artıq bu günə qədər yeni tikilmiş çoxmənzilli binaların sayı iki minə yaxındır. Demək olar ki, bu binaların 80 faizi fərqli layihələrlə inşa olunub. Təəssüflər olsun ki, zamanında bu sahəyə nəzarətin ciddi olmaması səbəbindən tikinti normativlərinin qorunmamasının və binaların bir-birinə çox yaxın tikildiyinin şahidi olduq. Əksər binalar bir-birinə o qədər yaxın tikilib ki, sanki bu binalar heç vaxt istismar müddətini bitirməyəcək və sökülməyəcək.

Dünya praktikasına nəzər salsaq, əksər çoxmənzilli binaların istismar müddəti təxmini 50-60 il hesablanır. Bəs ölkəmizdə tikilən yeni çoxmənzilli binaların tikintisinə icazə verilərkən onların da istismar müddətinin bitəcəyi vaxt hesablanırmı? Bu sual hələ ki, sual olaraq qalır.

İstehlakçı hüquqlarını nəzərə alsaq, hər bir əmlak alıcısı aldığı tikili barədə dolğun məlumat ala bilmək hüququna malikdir. Dəfələrlə şahidi olmuşuq ki, bəzi şikayətçi vətəndaşlar hər hansısa köhnə tikili binalardan müxtəlif əmlaklar alıb və bir müddətdən sonra aldıqları əmlakın söküntüyə düşərək söküləcəyini öyrəniblər. Bu isə çox ciddi haqlı narazılıqlara səbəb olur.

Bəs alıcıya həmin məlumat tam olaraq kimlərsə tərəfindən verilirmi? Təbii ki, fərdi şəkildə bəzi araşdırmalar aparılarkən hər hansısa bina ilə bağlı kiçik, amma ilkin məlumat əldə etmək olar. Bu araşdırmanı aparmaq isə hər kəs üçün əlçatan deyil. Hər bir əmlak sahibi və alıcısının öz əmlakı üzərində olan haqlarından biri də özünün və ya alacağı əmlakla bağlı qısa da olsa məlumatlandırılmasıdır.

Təklif edirəm ki, çoxmənzilli binalardakı hər bir mənzillin çıxarışlarında həmin binanın tikildiyi və istismarının bitəcəyi il qeyd olunsun. Bu məlumatı bilmək hər bir əmlak sahibi və əmlak alıcısının hüququdur.

Bu gün demək olar ki, yeni tikilmiş binalardakı mənzillərin qiyməti ilə 15-20 il əvvəl tikilmiş binalardakı mənzillərin qiymətləri eynidir. Bu isə məntiqlə düzgün deyil. Daşınar əmlaklarda (avtomobillərdə) bu hallara görə çox ciddi qiymət fərqləri var. Nəticə etibarilə isə hər iki aahə üzrə (daşınar və daşınmaz əmlaklarda) zaman keçdikcə, köhnəlmə prosesləri baş verir.

Millitribuna.az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *