Qulu Məhərrəmli: «Media ilə bağlı yeni görüşə ehtiyac olacaq»

Ötən gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və ziyalılarla görüşüb.

Millitribuna.az xəbər verir ki, görüşdə iştirak edən media eksperti, professor Qulu Məhərrəmli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla qısa müsahibəni təqdim edirik:

— Qulu müəllim, Prezidentinin köməkçisi Anar Ələkbərovla görüşdə hansı məsələlərə diqqət yetirildi və təəssüratınız necə oldu?

— Azərbaycan Prezidentinin köməkçisi ilə keçirilən görüş ictimaiyyətin səsini eşitmək istəyi idi. Çünki görüşə müxtəlif sahələri təmsil edən insanlar çağırılmışdı, onlar öz fikir və arzularını bildirirdilər. İki əsas mövzu ətrafında müzakirə aparıldı. Birincisi, pandemiya şəraitində ölkədə yaranmış mövcud vəziyyət, görülən işlər, uğurlar və əlbəttə, nöqsanlardan söz açıldı. İkinci mövzu isə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərginliyin yaranması, bununla bağlı keçirilən yürüş və Azərbaycan cəmiyyətinin əhvalı, o cümlədən Azərbaycana qarşı sosial şəbəkələrdə aparılan təxribatlar idi.

Birinci mövzudan danışılanda pandemiya sahəsində görülən işlər barədə hesabat verildi. Xüsusən mobil xəstəxanaların qurulması, görülmüş qabaqlayıcı tədbirlər, Azərbaycana dəvət olunan xarici mütəxəssislər, həmçinin test yoxlamaları barədə məlumatlar çatdırıldı. Suallar əsasən keyfiyyətli testlərin aparılması ilə bağlı oldu.

Eyni zamanda hazırda tətbiq olunan müalicə protokolları, dərman preparatları barədə xeyli suallar verildi. Daha sonra insanların yoluxmasının qarşısını almaq üçün karantin rejiminin uzadılmasının nə dərəcədə effektli olacağı ətrafında suallar səsləndi. Karantin rejiminin yumşaldılması, eləcə də yay aylarında çimərliklərin açılması istiqamətində təkliflər də verildi.

Bundan əlavə, əhalini evdə saxlamaq yox, həm də onların sosial təminatının yaxşılaşdırılması, xüsusən də 190 manat müavinətin verilməsi və bu istiqamətdə nöqsanlara yönəlik fikirlər ifadə olundu. Cavablar bundan ibarət idi ki, Fövqəladə Hallar Nazirliyi bu məsələnin tənzimlənməsi və əhalinin sıx toplaşmasını önləmək üçün işlər görür. Necə qərar qəbul olunacaq bilinmir, amma bu təkliflər verildi.

— Prezidentinin köməkçisi dövlət sərhədində baş vermiş gərginliyə cəmiyyətin reaksiyasını və medianın fəaliyyətini necə qiymətləndirdi?

— Ümumiyyətlə, ikinci mövzu Tovuz rayonunda baş vermiş gərginliyə həsr olundu. Yəni bu məsələlər mediada necə işıqlandırıldı, cəmiyyətin hadisələrə reaksiyası, xüsusən, xalqın orduya dəstəyi, yürüş-mitinqin keçirilməsi, Azərbaycanda həmrəyliyin, milli oyanışın, milli yaddaşın bərpası yönündə də fikirlər bildirildi, müsbət məqamlar qeyd olundu. Eyni zamanda, xüsusi olaraq Azərbaycandan kənarda ölkəmizə, ordumuza qarşı təxribatların hazırlanması barədə danışıldı.

Hesab edirəm ki, Azərbaycanda media və informasiya siyasəti ilə bağlı yeni bir görüşə ehtiyac olacaq. Bu barədə əminlik yarandı. Ümumiyyətlə, görüş çox işgüzar şəraitdə keçdi. Əgər bunun nəticələri olsa, belə görüşləri davam etdirmək çox məqsəduyğundur ki, cəmiyyətin səsi daim eşidilsin.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *