“Milli Məclis” jurnalının baş redaktoru: “Mətbuatımız da çətin anlar yaşayır”

«Təəssüf ki, vəziyyət yaxşılaşdığı məqamda arxayınlıq bizdə fəsadlara yol açdı». 

Millitribuna.az xəbər verir ki, bunu parlamentin “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva Modern.az-a müsahibəsində deyib. Onunla söhbəti təqdim edirik.


— Ülviyyə xanım, sizinlə söhbətimiz mətbuatımızın 145 illiyinə təsadüf edir. Digər tərəfdən də son vaxtlar cəbhədə gərginlik yaşanmaqdadır. Bildiyim qədərilə siz də cəbhə bölgəsində doğulmusuz. Prosesləri
 izləyib hansı qənaətə gəlmisiz?

— Əvvəla, Milli Mətbuatımızın 145 illiyi münasibətilə jurnalist  həmkarlarımı, sizi, Modern.az-ın rəhbəri Elşad Eyvazlı başda olmaqla bütün kollektivnizi ürəkdən təbrik edərək, ən tez zamanda torpaqlarımızın azad olunması barədə Qələbə xəbərini yayımlamağınızı arzulayıram.  Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mətbuat nümayənələrinə daim diqqət göstərərək, qayğını əsirgəmirlər, onların problemləri ilə yaxından maraqlanırlar. Dövlət başçısının qayğısının nəticəsi olaraq yüzlərlə həmkarımızın şəxsi evə sahib olmaq arzusu çin oldu.  Mətbuatımızın 140 illik yubileyində dövlət başçımız mənə də o cümlədən etimad göstərərək “Əməkdar jurnalist” adına layiq gördü.  Prezidentimin mənim fəaliyyətimə verdiyi yüksək qiymətə görə minnətdaram.

Bugün tək dövlətimiz deyil, mətbuatımız da çətin anlar yaşayır. Ermənistan silahlı qüvvələri 30 ilə yaxındır ki, torpaqlarımızı işğal altında saxlayır. Son hadisələr bir daha onu göstərdi ki, Azərbaycan ordusu düşmənin istənilən təxribatının qarşısını layiqincə almağa qadirdir. Mən hazırda hərbi əməliyyatlar gedən  Tovuz-Ağstafa-Qazax bölgəsindənəm və baş verən hadisələrlə əlaqədar  yaxınlarımla sıx əlaqə saxlayıram. Hadisələrin qızğın vaxtı 77 yaşlı dayıma zəng vurdum ki, bəlkə uşaqları göndərəsən, nəvə-nəticələr təhlükəsiz yerdə olsunlar. Yüksək səslə cavab verdi ki, “Biz burda lap yaxşıyıq. Bizə görə narahat olmayın!”. Diqqət edin, bizim bu cür mərd insanlarımız varsa, bizə düşmənin heç bir təxribatı təsir edə bilməz.

Dediyim kimi, mətbuatımız üçün də gərgin vaxtlardır. Söhbət düşmən təxribatından, hərbi sirlərin qorunması və informasiyanın doğru çatdırılmasından gedir ki, bunlar da vacib məqamlardır.  Hər birimiz Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımıza müraciətini izlədik və yaranmış vəziyyətdə  informasiya mübarizəsinin aktuallığının bir daha şahidi olduq. Mehriban xanım öz çıxışında bildirib ki, uzun illərdir yaşadığımız qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir.

Sitat: “Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında”.

Odur ki, hər birimiz həm vətəndaş olaraq, həm də jurnalist kimi üzərimizə düşən bu vəzifəni layiqincə yerinə yetirməliyik.  Mətbuat nümayəndələrimizə uğurlar arzulayıram. Hər bir peşəkar həmkarımla fəxr edirəm.


— Altıncı çağırış Milli Məclis COVID-19 pandemiyasının tüğyan etdiyi vaxta
 düşdü. Sizcə, pandemiya şəraitində fəaliyyətimizi necə inkişaf etdirə bildik?

— Bütün dünyanı təşvişə salan bu bəla ölkəmizdən də yan keçmədi. İlk olaraq Azərbaycan hökuməti yaranmış vəziyyətə çox həssaslıqla yanaşdı. Hazırda karantin dönəmini yaşayırıq. Ölkənin qanunverici orqanı  öz fəaliyyətini yaranmış şəraitə uyğun olaraq karantin rejimində davam etdirir. Milli Məclisin komitə iclasları, görüşlərin əksəriyyəti onlayn, videokonfrans formatında keçirilir. Onu da qeyd edim ki, pandemiya şəraitində parlamentin fəaliyyəti daha intensiv oldu, çünki karantin şəraitində, eləcə də ölkədə həyata keçirilən islahatlara uyğun olaraq yeni qanunların qəbuluna  və mövcud qanunlara müxtəlif düzəlişlərə zərurət ortaya çıxdı. Bununla bərabər seçicilərin problemləri diqqətdən kənar qalmadı. Bu bəlanın aradan qaldırılması üçün hər birimizdən cüzi bir şey tələb olunur. Tibbi maska taxaq, sosial məsafəni gözləyək, təmizliyə riayət edək. Ölkəmizin Birinci vitse prezidenti Mehriban Əliyeva pandemiyanın ilk günlərində bir ana, bir xanım kimi bütün əhaliyə müraciət edərək hər kəsin diqqətli olmasını xahiş etdi. Təəssüf ki, vəziyyət yaxşılaşdığı məqamda arxayınlıq bizdə fəsadlara yol açdı. Ümid edirəm ki, bu bəla tezliklə bizim əzmkarlığımız sayəsində bitəcək. Həm ölkə başçımızın, həm də Birinci vitse-prezidentimizin çağırışlarına qoşularaq bu bəlanın bitməsinə  həssaslıqla yanaşaq.


— Parlament dünyanın gərgin vaxtında işinə başladı. Hansı çətinliklər oldu? Yeni deputatlar gərgin rejimdə çalışa bildimi?

— Bu il fevralın 9-da ölkəmizdə  aparılan  islahatlar çərçivəsində növbədənkənar parlament seçkiləri keçirildi. Yaranmış şəraitlə bağlı bu sahədə də islahatların aparılması zəruri idi. Altıncı çağırış Milli Məclisə xeyli sayda gənc deputatlar seçildi. Parlamentin fəaliyyəti dövründən az müddət keçməsinə baxmayaraq, bir çox işlər görüldü. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin parlamentdəki proqram xarakterli çıxışı  VI çağırış millət vəkilləri üçün müəyyən bir yol xəritəsi rolunu oynadı. Cənab prezidentin göstərişləri və tapşırıqları deputatlar tərəfindən uğurla davam etdirilir. Millət vəkillərinin aktiv  fəaliyyəti seçicilər tərəfindən də müsbət qarşılanır.


— Redaktoru olduğunuz “Milli Məclis” jurnalı 2007-ci ildən bəri nəşr olunur. Jurnalın özəlliyi nədədir və beynəlxalq təcrübə öyrənilirmi?

— Bildiyiniz kimi, Avropa Şurası Parlament Assambleyasının tələblərindən biri də Azərbaycan parlamentinin şəffaflığının təmin edilməsi üçün Milli Məclis dərgisinin olması idi. Biz bu jurnalı nəşr etməzdən öncə bir çox ölkələrin parlament nümunələrinə nəzər saldıq. Məsələn, Fransa Milli Assambleyasının jurnalının çox böyük təcrübəsi var. Onilliklərdir ki, dərc olunur. Bu jurnalın formalaşmasında müəyyən çətinliklərin olmasına baxmayaraq, ilk buraxılışımızı dərc etdik. İlk buraxılışımız Prezident  İlham Əliyevin parlamentə gəlişinə təsadüf etdi və biz ilk buraxılışımızı cənab prezidentə təqdim etdik. Çox böyük rəğbətlə qarşılandı. Növbədənkənar parlament seçkilərindən sonra da düşündük ki, “Milli Məclis” jurnalı bütün dünyada gedən proseslərə, eləcə də ölkəmizdə aparılan islahatlara uyğun hazırlansın. Bu gün fəxrlə deyə bilərəm ki,  Azərbaycan parlamentinin jurnalı AŞPA, Avropa İttifaqı, Fransa Milli Assambleyasının dərgilərindən heç də geri qalmır və bütün standartlara cavab verir. Yeni tərkibdə seçilən deputatlarımızın mətbuata açıq olmaları, hadisələrə zamanında reaksiya vermələri də fəaliyyətimizə  öz müsbət təsirini göstərir.


— Hazırda jurnal əvvəlkilərdən nə ilə fərqlənir?

—  “Milli Məclis” jurnalı təsis olunanda Redaksiya şurası və kollektivimiz dərginin rəsmi olmasına baxmayaraq, şablondan uzaq durmağı qarşıya məqsəd qoydu. Düşündük ki, qanunverici orqanın nəşri quru qanunların ardıcıllıqla dərc olunması demək deyil. Biz çalışdıq qəbul olunan qanunların və müzakirələrin şərhini deputatların özlərindən eşidək və bunun üçün müsahibə və analitika janrını əsas götürdük. Bugün “Milli Məclis” jurnalını digər rəsmi orqanların nəşrlərindən fərqləndirən cəhətlərdən biri də budur. Digər bir vacib məsələ müasir tələblərə uyğunlaşaraq aktuallığı qoruyub saxlamaqdır.  Bütün bu amillər bizim yenilənmiş formatda dərc olunan buraxılışımızda öz əksini tapdı. Məqalələrin məzmun və həcmi, fotoların seçimi, yeni rubrikalar, yeni dizayn üslubları – bütün bunlar yenilənmiş “Milli Məclis” jurnalında öz əksini tapıb. Bildiyiniz kimi, jurnal qəzet deyil. Burada fotoşəkillər də göz oxşamalıdır. Çünki oxucu jurnalı vərəqləyəndə ilk olaraq şəkillərə baxır. Əgər əvvəllər standart formada deputatların fotolarını verirdiksə, indi çalışırıq ki, fərqli dizaynda və sadə üslubda fotolarla təqdim edək. Jurnalımızın yeni formatda dərc olunmasında parlamentin rəhbərliyi çox dəstək oldu. Milli Məclisin spikeri xanım Sahibə Qafarova, vitse-spikerlər köməkliklərini əsirgəmədilər. Onlar hər cür dəstək verməyə hazır olduqlarını bildirdilər və nəticə göz qabağındadır. 


— Jurnal səhifələrindən də gördüyümüz kimi, Redaksiya şurası da yeniləndi
.


— Bəli, prosedur qaydalara uyğun olaraq “Milli Məclis” jurnalının Redaksiya şurası yenidən formalaşdı. Redaksiya şurasının rəhbəri parlamentin Sədri Sahibə Qafarova, üzvləri isə parlamentin vitse-spikerləri və komitə sədrləri, Aparat rəhbəridir.  Altıncı çağırış Milli Məclisin jurnalının birinci buraxılışı kifayət qədər uğurlu alındı, deputatlarımız və oxucularımız tərəfindən müsbət qarşılandı.


— 2007-ci ildə  fəaliyyətə başlayan jurnal oxucuları daha hansı yeniliklərlə sevindirməyi düşünür?

— Milli Məclis yeni tərkibdədir. Gələcəkdə bir çox planlarımız var. Jurnalımızda daha maraqlı məqalələrlə çıxış etməyə şərait yaradacağıq. Jurnal korporativ olduğu üçün Feldyeger xidməti vasitəsi ilə bütün dövlət orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, icra strukturlarına göndərilir.  Sıravi vətəndaşlar jurnalı əldə edə bilmədiklərini zəng edib bildirirlər. Təbii ki, jurnalımızın daha geniş oxucu kütləsi üçün dərc olunmasını istərdik. Bizə edilən xahişləri də nəzərdən keçiririk və cavabsız qoymuruq. “Milli Məclis” jurnalı Axundov adına, eləcə də, digər dövlət kitabxanalarına göndərilir. Oxucularımız kitabxanalardan əldə edib oxuya bilərlər.

— Jurnalda deputatların müsahibələrinə geniş yer verilir. Ancaq seçicilərin də istəkləri, arzuları hər hansı təklifləri ola bilər. Bu barədə jurnalda seçicilərə yer verməyi düşünürsüzmü?

— Gələcək üçün planlarımız çoxdur. Deputatların seçicilərlə görüşlərini məqalə, reportaj formasında təqdim etməyi düşünürük. Eləcə də deputatlarımızın cəbhə bölgəsinə səfərlərini də işıqlandırmaq istərdik. Hazırda parlament üzvləri məzuniyyətdədir. Parlamentin yaz sessiyası başa çatıb. Altıncı çağırış parlament pandemiya ilə üst-üstə düşdü. Buna baxmayaraq parlament heyəti bir çox qanunlar qəbul etdilər, qanunlara əlavə və dəyişikliklər oldu. Gərginliklərin olmasına baxmayaraq parlament çox məhsuldar çalışdı. Bütün məsələlərə intensiv yanaşıldı. Həmişə olduğu kimi, sentyabrdan parlament öz işinə başlayacaq və biz də “Milli Məclis” jurnalı olaraq  fəaliyyətimizi davam etdirəcəyik.


— Ülviyyə xanım, bir qədər də özünüz haqqınızda danışaq. Parlament mühitinə necə alışdız? Çətin olmadı ki?

— Düzü özüm haqqında danışmağı sevmirəm. Hər bir insanın elə bir dövrü olur ki geriyə dönüb baxmaq zərurəti yaranır. Məlum olduğu kimi, qəzetçilikdən televiziyaya gəlmişəm. Jurnalist fəaliyyətimin çoxu televiziya ilə bağlıdır. Space, Lider telekaballarının Xəbərlər departamentində çalışmışam. O zamanları çox böyük sevgi ilə, işıqla xatırlayıram. Space Televiziyasında çalışdığım müddətdə çox gözəl insanlarla tanış oldum. Baxmayaraq ki, Etibar Babayev, Günay Malikqızı, Yeganə Tağıyeva, Aida Eyvazlı, Tural Müseyibov, Mehman Mehdiyev kimi həmkarlarımla Space Televiziyasını çoxdan tərk etmişik, ancaq dostluq əlaqələrimiz bu gün də qalır. Daha sonra Lider Televiziyasına getdim. 2003-cü il idi. Ölkədə prezident seçkiləri keçirilirdi. Həmin vaxt müxalifət nümayəndələri Lider TV-yə basqılar edirdi. Vəziyyət çox gərgin idi. Həmkarım və hazırda millət vəkilimiz Qənirə Paşayeva ilə  İlham Əliyevin Prezident seçilməsini televiziyadan canlı yayımdan ilk elan edən jurnalistlərdən idik.  Mürəkkəb dövrdə xalqımızın seçimini çox böyük sevinclə elan etdik.  Ölkəmizin bugünkü inkişafı bir daha göstərdi ki, Azərbaycan xalqı zamanında  düzgün seçim  etdi.  Azərbaycanda xalq-dövlət birliyi mövcuddur. Bunu cənab prezidentin həyata keçirdiyi islahatlar, Birinci vitse-prezident Mehriban Əliyevanın insanların yanında olması, onlara dəstək göstərməsi sübut edir.

Daha sonra 2005-ci ilin parlament seçkilərində Space televiziyasına dəvət alaraq seçkilərə həsr olunan “Gündəm” verilişinin aparıcısı oldum.


— Ancaq televiziyanı qəfil tərk etdiniz. Buna  səbəb nə oldu?

— Dediyim kimi, “Gündəm” verilişinin aparıcısı idim. O zamanlar üçün belə veriliş çox aktual idi. Etibar Babayevin dəstəyi ilə bu verilişi açmışdıq. Parlament öncəsi bu veriliş çox populyar idi. İlk dəfə parlamentə namizədliyini verən şəxsləri studiyaya dəvət edirdik, maraqlı disskusiyalar keçirilirdi.  O zamanlar parlamentdə xeyli sayda yeni simalar namizədliklərini vermişdilər — Cavid Qurbanov, Rövnəq Abdullayev, Rza İbadov  və s…  Elə həmin verilişlərdən birinə Etibar Babayevin dəvəti ilə Şimali Kiprın lideri Rauf Denktaş da qonağımız oldu. Hər bir verilişin populyarlıq zirvəsi olur  və bunu qoruyub saxlamaq olduqca çətindi. Xüsusi ilə də siyasi verilişlərdə.  Bir müddət sonra ya format dəyişdirilməlidir, ya da ki, veriliş bağlanmalıdır. Eyni simaları efirə dəvət edib darıxdıcı veriliş hazırlamaqdansa, bağlanmasını məqsədəuyğun hesab etdim. Veriliş bağlanan sonra, Milli Məclisdə çalışmağa başladım.

Buranı özümə doğma evim hesab edirəm. Burada yaradıcı fəaliyyət göstərmək üçün parlament rəhbərliyi tərəfindən çox yaxşı şərait yaradılıb, dəstək göstərilib. Bu dəstəyin nəticəsi olaraq parlamentin fəaliyyətini daha da yaxşı işıqlandırmaq üçün “Parlament vaxtı” verilişini açdıq. Veriliş tamaşaçılar tərəfindən də rəğbətlə qarşılandı. AzTV-nin rəhbərliyi Rövşən Məmmədov bizə dəstək verdi. Çox orijinal, qeyri-adi veriliş alındı. İlk dəfə olaraq parlament divarları arasında verilişi ərsəyə gətirdik. Fərqli tərzdə, fərqli formada veriliş oldu. Sadəcə olaraq növbədənkənar seçkilərə görə verilişi təxirə saldıq. Ümid edirəm ki, yeni mövsümdən öz fəaliyyətimizi davam etdirəcəyik.


— Uzun illər televiziyada çalışmısız. Televiziya təcrübəniz var. Təəssüf ki, cəbhədə baş verən son hadisələr bəzilərinin şou yaratmağa  meylli olduğunu göstərdi.

— Mətbuatımızın yubileyi ərəfəsində jurnalistlərimiz barədə neqativ fikirlər söyləmək istəməzdim. Təəssüf ki, bugünkü jurnalistikamız biz istəyən səviyyədə deyil. Bunu bütün jurnalistlərə aid etməsəm də, bəzi xəbər saytları populizm xətrinə çox şeylərə əl atırlar. Bu təcrübəsizlikdən, qeyri-professionallıqdan irəli gəlir. Baxmayaraq ki, 30 ilə yaxındır ki, müharibə şəraitində yaşayırıq, bizdə hərbi jurnalistika üzrə çox az mütəxəssis var. 
Haşiyə çıxmaq istəyirəm,  hörmətli akademikimiz  Nərgiz Paşayevanın rəhbərlik etdiyi Elmi Şurada “Televiziya yaradıcılığının etik normaları” mövzusu üzrə elmi işimi müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam. Hazırda Bakı Dövlət Universitetində Jurnalistika fakultəsində dərs deyirəm. Düşünürəm ki, bu sahədə görüləsi işlərimiz çoxdur. Müharibə şəraitində olan dövlət kimi ilk olaraq hərbi jurnalistika üzrə xüsusi təlimlərin keçirilməsi mütləqdir. Bu,  çox vacibdir. Digər vacib məsələlərdən biri də beynəlxalq jurnalistikanın inkişaf etdirilməsidir. 


— Ülviyyə xanım, özünüz haqda danışmağı niyə sevmirsiniz? Hər halda ictimai xanımsız. 
 


— İctimaiyyətdə olmaq məsuliyyətli məsələdir. Geyimdən tutmuş saç düzümünə qədər hamısı müzakirə olunur. Ona görə də çox zaman şəxsi məsələləri gündəmə gətirməməyə çalışıram. Televiziyada çalışdığım dövrlərdə küçədə olanda özümü tanıtmamağa səy göstərirdim.

Bu gün sosial şəbəkələrin mövcudluğu insanların həyatında heç nəyin sirr qalmasına imkan vermir. Özüm haqqında danışmağı sevmirəm. Onu deyə bilərəm ki, insanlarla təmasda səmimiyyətə, hörmətə çox böyük önəm verirəm. Çünki bütün bunlar mədəniyyətin və tərbiyənin göstəricisidir.   Gündəlik həyatımda sağlam həyat tərzinə üstünlük verirəm. İlk növbədə düzgün qida və idman artıq mənim həyat tərzimdir.

Ailə tərkibinə gəldikdə, bir oğlum var. Bu yaxınlarda Vətən qarşısında borcunu  uğurla yerinə yetirdi, hərbi ad alaraq ordudan evə döndü.  Son hadisələr zamanı “ana, mən yenidən döyüşə getməyə hazıram” dedi. Hər bir əsgər anası kimi onunla qürur duydum.  Oğlum ali təhsilini Praqadakı Nyu-York Universitetində alıb. Orada qalıb yaşamaq istəmədi. Hətta hər bayramda məcbur edirdi ki, bilet alım ölkəyə gəlsin. Ölkəyə gələn kimi də kəndə gedirdi. Halbuki, tətil vaxtı insanlar Avropanı gəzməyə üz tutur. İçində vətənə çox böyük bağlılıq var.


— Oğlunuz hərbi xidmətini artıq başa vurub. Evlilik dönəmi ərəfəsində olduğunu söyləmək olar. Siz bu barədə nə deyirsiz?

— Düşünürəm ki, gənclərimiz evlilik barəsində ciddi fikirləşib qərar verməlidirlər. Son illərin təcrübəsi də göstərir ki, ailənin qədrini yetişkin insan başa düşə bilər. Hesab edirəm ki, hər bir insan ailə məsələsində yetişməlidir.


— Ülviyyə Abdullayeva necə qaynana olacaq?

— Biz sizinlə uzun zamandı sıx-sıx təmasda oluruq. Məni tanıyanlar da bilir ki, kifayət qədər liberal adamam. Güman ki, ən yaxşı qaynana olacam.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *