“İstəyirik ki, Rəşad Sadıqovun qazandığı hörmətə layiq vida matçı keçirək”

«Qarabağ” futbol klubunun direktoru Əmrah Çəlikəlin müsahibəsi:
— Çempionatın dayandırılması haqda qərar verildi və «Qarabağ” çempion elan edildi. Çempionatın davam etdirilməsini istəyirdiz, yoxsa ölkədəki duruma görə ləğv olunmasında maraqlıydız?

<ins’>

— Hamı kimi biz də çempionatın davam etdirilməsini istəyirdik. Bu qərar düşünülmüş şəkildə verilib. Çempionluq bizim hədəfimiz idi. Bunun sevincini yaşayırıq. Düzdü, yaxşı olardı ki, çempionatı davam etdirək. Ancaq insan sağlamlığı hər şeydən önəmlidi.
— Əvvəl qazandığınız yeddi çempionluq içərisində bu, bir qədər fərqli alındı. Son səkkiz turu oynamadan çempionluğu qeyd etmək necə hissdi?
— Əlbəttə, fərqli hissdi. Amma pandemiyanın yayılmaması əsas şərtdi. Belə olsa, növbəti mövsümü də rahatlıqla keçirə bilərik.
— «Sumqayıt” klubunun məşqləri dayandırdığı deyilir. Sizdə bu baxımdan vəziyyət necədi?
— Bu, məşqçilərə aid olan məsələdi. Hələ ki, bu barədə qərar verilməyib. Bu gün müəyyən ediləcək.
— Rəşad Sadıqovun mövsümün sonunda karyerasını bitirəcəyi bəlli idi. Lakin onun vida qarşılaşması pandemiyaya görə baş tutmadı. Ola bilərmi ki, onu növbəti mövsümün ilk matçında meydanda görək?
— Əlbəttə, Rəşad öz sevgisi, hörməti ilə vida matçı keçirməyi çoxdan haqq edib. Azarkeşlərimiz də bunu çox istəyir. Ancaq indi elə bir qeyri-adi dövrdü ki, hər şeyi istədiyimiz kimi edə bilmirik. İnşallah, ilk fürsətdə bunu etmək planlarımıza daxildi.
— Hər hansı yoxlama matçında və ya rəsmi qarşılaşmada yaşıl meydanlarla vidalaşması mümkündü?
— Biz istəyirik ki, Rəşadın Azərbaycan futbolunda, millidə və «Qarabağ”da qazandığı hörmətə layiq vida matçı keçirək. Sadəcə, bunun üçün düzgün zamanı seçmək lazımdı.
— Portuqaliyanın «Şavış” komandasında çıxış edən kolumbiyalı yarımmüdafiəçi Kevin Medinanın «Qarabağ”la anlaşdığı hamıya bəllidi. Bu məsələdə nə yenilik var?
— Dediyiniz kimi, anlaşmışıq. Sadəcə, bizim həkimlərimizin iştirakı ilə onun sağlamlıq durumu yoxlanılmalıdı. Durumunda qüsur aşkarlanmazsa, o, futbolçumuz olacaq. Yolların açılmasını gözləyirik. Bu məsələlərdən sonra onunla 2+1 il şərtilə müqavilə bağlayacağıq. (oxu.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *