Qorxunc kabusa çevrilmiş qəzalı binaların aqibəti: Problemi necə həll etməli?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev yazır…

Nazirlər Kabinetinin 86 saylı sərəncamına əsasən, 2016-ci ildən etibarən istismar müddətini bitirən və qəzalı hesab olunan çox sayda köhnə tikili yaşayış binaları sökülərək, yeniləri ilə əvəzləndi. Bu proses tikinti sahəsində ciddi canlanma yaratmaqla yanaşı, əmlak sahiblərinin də sevincinə səbəb olur. Köhnə binalarda yaşayan sakinlərin mənzilləri yeni binalardan tam təmirli və daha geniş mənzillərlə əvəzləndi və əmlaklarının dəyəri iki dəfəyə qədər yüksəldi. Lakin bu sahəyə nəzarətin düzgün aparılmaması və gedişat paytaxtda ciddi problemlər yaradıb.

Belə ki, sürətlə davam edən söküntü və tikinti işlərinin əksəriyyəti bəzən normativlərə uyğun aparılmırdı. Hətta bir çox ərazilərdə qəzalı binalardan fərqli olaraq, nisbətən sağlam olan binalar sökülür və yerində göydələnlər ucaldılır. Səbəb isə həmin binaların yerinin əlverişli, ərazilərinin isə geniş olmasıdır.

Lakin tikintilərə icazələrin verilməsi Dövlət Şəhərsalma və Arxitektura İdarəsinə veriləndən sonra pilot layihələrin inşasında ciddi səngimələr müşahidə olundu. Komitə paytaxtın baş planının pozulmaması üçün tikinti normativlərinin şərtlərində ciddi sərtləşmə tətbiq etdi. Bu addım paytaxtdakı baş planın qorunması, binalar arası məsafələr, yaşıllıq ərazilərin genişlənməsi və digər problemlərdən qorunmaq üçün mükəmməl bir seçim idi. Lakin tətbiq olunan normativlərlə pilot layihələri davam etdirmək tikinti şirkətləri üçün əlverişli olmaması nəticəsində istismar müddətini bitirmiş qəzalı binaların yenilənməsi prosesində ciddi səngimələr müşahidə olundu. Bu isə gələcəkdə daha ciddi problemlərin yaranmasına yol aça bilər.

Bu gün xüsusən də paytaxt Bakıda istismar müddətini bitirmiş binaların əksəriyyəti müəyyən səbəblərdən dolayı daha ciddi təhlükə mənbəyinə çevrilib. Köhnə binalara əlavə olunan artırmalar, binaların zirzəmilərinin qazılaraq obyektlərə çevrilməsi və yaxud zirzəmilərin çirkab suları ilə dolması, 1-ci mərtəbələrdəki daşıyıcı ana divarlarının dağıdılaraq iaişə obyektlərinə çevrilməsi həmin binaları daha ciddi təhlükə mənbəyinə çevirib. Bu cür binaların saylarının həddindən artıq çox olması onu deməyə əsas verir ki, söküntü və tikinti işləri sürətlə aparılmalıdır. Proses ləngiyərsə, hər an təhlükə ilə üz-üzə qala bilərik.

Bu proseslərin aparılmasında özəl tikinti şirkətlərinin müstəsna rolları var. Özəl tikinti şirkətləri sökür, tikinti işləri başa çatana qədər əmlak sahiblərinə kirayə pulu verir və inşaat işlərini bitirdikdən sonra mənzil sahiblərini geniş və təmirli mənzillərlə təmin edir. Lakin bu gün tələb olunan tikinti normativləri özəl tikinti şirkətlərinə pilot layihələri davam etdirmək üçün sərfəli deyil. Hətta bu normativlərlə pilot layihələrə başlayan şirkətlərin tikintidən zərərlə çıxmaları da mümkündür. Yüzlərlə istismar müddətini bitirmiş binaların yenilənməsi işlərinin dövlət tərəfindən aparılması isə iqtisadi baxımdan əlverişli deyil.

Tikinti normativləri şərtlərinin yumşaldılması həm pilot layihələrin davamlı olması, həm də digər özəl tikinti şirkətlərinin fəaliyyətləri və tikdikləri binalardakı mənzillərin satış qiymətlərinin stabil qalması ücün qənaətbəxş olardı.

Unutmayaq ki, tikinti sektoru ölkə iqtisadiyyatının ən öndə gedən və iqtisadiyyatı ayaqda tutan sektorlarından biridir. Böyük tikintilərin fəaliyyəti yeni iş yerləri, inşaat materiallarının satışı və bu sahəyə aidiyyatı olan digər sahələri ayaqda tutur. Tikinti və əmlak sahəsi həmçinin ölkəmizə digər ölkələrdən də valyuta axınına səbəb olur.

Millitribuna.az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *