“İsrail Çinin artan iqtisadi qüdrəti ilə hesablaşır” – Politoloq

Elxan Şahinoğlu: “Elə vaxtilə İsrail dövlətinin yaranması və təşəkkül tapması da Amerikanın siyasəti ilə bağlıdır”.

Bir neçə gün əvvəl ABŞ dövlət katibi Mayk Pompeo xəbərdarlıq etmişdi ki, Çinin İsraillə əməkdaşlıq etməsi Vaşinqtonun Təl Əvivlə olan önəmli layihələrini təhlükəyə ata bilər. Pompeo Çinin İsrail iqtisadiyyatına nüfuz etməsindən narahatlığını ifadə edərkən belə demişdi.

ABŞ diplomatı qeyd etmişdi ki, bu məsələni Netanyahu ilə müzakirə edib, Çinlə əməkdaşlığın israilliləri təhlükəyə atdığına dair kəşfiyyat məlumatlarının olduğunu diqqətə çatdırıb. Bunun ardınca M.Pompeo İsrailə də səfər etdi. ABŞ-ın koronavirus pandemiyasına görə Çinə meydan oxuduğu bir vaxtda yaxın müttəfiqi olan İsrailin Pekinlə yaxınlaşması, əlbəttə, Ağ Evdə normal qarşılana bilməzdi. Maraqlısı budur ki, elə bu narahatlığın fonunda Çin-İsrail əlaqələrinə zərbə vuran hadisə baş verdi. Belə ki, mayın 17-də Çinin İsraildəki səfiri, 57 yaşlı Du Vey Təl-Əvivdəki evində ölü tapıldı. Səfirin ölümünün səbəbi kimi səhhətindəki problemlərin olduğu deyilirdi. Ancaq hadisəni araşdırmaq üçün Çindən İsrailə nümayəndə heyətinin gəlməsi Pekinin səfirin təbii ölümünə inanmadığı versiyasını ortaya çıxartdı. ABŞ-Çin toqquşması, koronavirus pandemiyasının yayılmasından sonra bu toqquşmanın pik həddə çatması, pandemiyanın tüğyan etdiyi dövrdə ABŞ dövlət katibi Mayk Pompeonun İsrailə səfəri və bu səfərdən 4 gün sonra çinli səfirin ölümü suallar yaradır. Bu səfərdən 4 gün sonra – 17 mayda Netanyahu İsraildə yeni hökumət qurub. Yeni hökumətin and içdiyi gün Çinin İsraildəki səfiri evində ölü tapılıb. Türkiyəli yazar Taha Dağlı Çin səfirinin təbii ölümünə inanmadığını yazıb. “Pompeo İsrailə xəbərdarlıq etməyə gəlmişdi. Çünki İsrailin Çinlə sürətli yaxınlaşması müşahidə olunur və ABŞ bundan narahatdır. ABŞ üçün Çinin ən böyük təhdidi ”Bir kəmər-bir yol” layihəsidir. Bu layihənin marşrutlarından biri də İsraildir. İsrail Hayfa limanını Çinə 25 illiyinə icarəyə vermək haqda qərar verib. Bununla yanaşı, Çinlə birgə Retmet deyilən bir layihəsi də var. Bu layihə gerçəkləşərsə, İsrailin Süveyş kanalından istifadə etmədən Aralıq dənizinə çıxışı təmin olunacaq. İsraillə Çin arasında enerji və texnologiya sahəsi üzrə əməkdaşlıq da genişlənir. İsrailin yeni layihələrindən biri də dəniz suyunun təmizlənməsidir. 2021-ci ildə başlayıb 2023-cü ildə bitəcək bu layihənin dəyəri 1,3 milyard dollardır və layihəni həyata keçirəcək şirkətlərdən biri də Çin şirkətidir. Bu xəbər mayın 2-də açıqlandı. Bütün bunlar ABŞ-ı narahat edir. Pompeo da İsrailə xəbərdarlıq etmək üçün gəlmişdi. Mayın 17-də İsraildə qurulan yeni hökumət də ABŞ-ın istədiyi siyasəti yerinə yetirmək missiyasını daşıyır və həmin gün Çin səfiri evində ölü tapılır. Çin səfirinin ölümü ilə ABŞ-Çin müharibəsinin artıq başladığı görünür”, – türkiyəli yazar qeyd edib.

Bu arada Fələstin İsrail hökumətinin Fələstin torpaqlarını ilhaq etmək niyyətinə görə İsrail və ABŞ-la bütün razılaşmaları ləğv etmək qərarına gəlib. APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fələstin dövlətinin lideri Mahmud Abbas “Əl-Cəzirə” telekanalında canlı yayında deyib. Fələstin lideri bildirib ki, Fələstin Azadlıq Təşkilatı və Fələstin dövləti bu gündən etibarən ABŞ və İsrail hökumətləri ilə, o cümlədən təhlükəsizliklə əlaqəli olan bütün razılaşmalar üzrə bütün öhdəliklərdən imtina edir. Mahmud Abbas qeyd edib ki, Fələstini beynəlxalq təşkilatlar və qurumların tərkibinə daxil etməyin vaxtı çatıb: “Beynəlxalq birliyə üzv olduğumuz ərəb, islam və regional sazişlərə, beynəlxalq qanunlara sadiq olduğumuzu, və istənilən formada beynəlxalq terrorizmlə mübarizəyə sadiq olduğumuzu bir daha təsdiq edirik”. O əlavə edib ki, Fələstin üçüncü tərəfin vasitəçiliyi ilə Fələstin-İsrail qarşıdurmasına dair danışıqlara qayıtmağa hazırdır.

Həmçinin Çin Xarici İşlər Nazirliyi  ölkənin İsraildəki səfiri Du Veyin ölümünün dərindən araşdırmaya ehtiyacı olduğunu hesab edir. Cao Licien gündəlik mətbuat konfransında deyib. “İlkin rəy ondan ibarətdir ki, səfir Du Vey səhhəti ilə əlaqədar gözlənilmədən dünyasını dəyişib, lakin detallar daha dəqiq yoxlamaya ehtiyac duyur”, – deyə XİN rəsmisi bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Vaşinqtonun İsrailə həssas münasibəti anlaşılandır: “İsrail ABŞ-ın bölgədəki əsas müttəfiqidir. Amerikanın dəstəyi İsrail üçün son dərəcə vacibdir. Elə vaxtilə İsrail dövlətinin yaranması və təşəkkül tapması da Amerikanın siyasəti ilə bağlıdır. ABŞ prezidenti Donald Tramp Fələstin məsələsində İsrailə verdiyi dəstəyə görə bir sıra dövlətlərin qınağı ilə üzləşib. Buna görə də Amerika İsrailə verdiyi dəstəyin qarşılığını görmək istəyir. Buna baxmayaraq, İsrail başqa güclü dövlətlərlə də sıx əlaqələr qurmağa çalışır. Bu sırada Rusiya və Çin də var. İsrailin baş naziri Benyamin Netanyahunun il ərzində ən çox səfər etdiyi ölkələrdən biri Rusiyadır. Əlbəttə, Kremlin Suriya rejiminə verdiyi dəstək və Tehranla əlaqələri İsrailin xoşuna gəlmir. Ancaq rəsmi Tel-Aviv ən azı ona nail olur ki, Rusiya Suriya və İranla münasibətlərində İsrailin maraqlarını arxa plana atmır. Məsələn, İsrail hərbi təyyarələri ara-sıra Əsəd rejiminə bağlı qüvvələri, o cümlədən İranın İslam Keşikçiləri Korpusunun və Hezbollah təşkilatının Suriyadakı mövqelərini bombalayır. Kreml buna səssiz qalır. Elə İsrailə də bu lazımdır”. E.Şahinoğlu qeyd etdi ki, İsrail son illər Çinlə də münasibətlərini genişləndirməyə çalışır: “İsrail Çinin artan iqtisadi qüdrətiylə hesablaşır. İki ölkə arasında ticarət həcmi artır. Bu gedişat Amerikanı narahat etməyə bilməz. Amerikalı siyasətçilər və diplomatlar israilli həmkarlarına ən azı bu sualı ünvanlaya bilərlər ki, ”İsraili qoruyan biz, ancaq siz bizim rəqiblərlə sıx əməkdaşlıq edirsiniz”. Əslində Amerika haqlıdır. Rusiya və Çinin xarici və təhlükəsizlik siyasətinin məqsədi bəllidir. Hər iki dövlət Amerikanın tərəfdaşlarını öz tərəflərinə çəkməyə çalışırlar. Dövlət Departamentinin son hesabatında Pekinlə Moskvanın son illərdə Amerikanın müxtəlif bölgələrdəki maraqları əleyhinə xüsusi canfəşanlıq göstərdiyi qeyd edilir. Rusiya ilə Çinin Amerika əleyhinə formalaşdırmağa çalışdığı müxtəlif regional təşkilatlar da bununla bağlıdır. İsrailə gəldikdə isə bu dövlətin bölgədəki düşmənləri çoxdur. Ona görə də İsrail hökuməti Vaşinqtonun Çinlə bağlı xəbərdarlığını qulaqardına vura bilməyəcək”.

Bəs İran İsrailə qarşı koalisiya yarada bilərmi? Politoloq: “Ərəb dünyası İsraillə münasibətlərdə gərginliklər yaşasa da, bu dövlətlər İsrailə qarşı İranla birləşməzlər”.

Hər halda, səfirin ölümü Çin-İsrail münasibətlərinə təsir göstərə bilər, əgər ölümlə bağlı şübhələr aradan qalxmasa…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir